Məhkəmə qərarları › İş №8(011)-870/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-870/2024

04.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-870/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdehlər X7, X9 və X4 qarşı "mənzilə istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılma” tələbinə dair X1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1594/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1594/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin X7, X9 və X2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi hissəsinə izah verilməsini xahiş etmişdir. X6 xx.xx.2024-cü il tarixdə ərizəsini dəqiqləşdirərək, qətnamənin rədd hissəsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İlham Cəfərov ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, məhkəməyə X7, X9 və X2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi və X5 məxsus əşyaların həmin evdən çıxarılması barədə müraciət etmiş, məhkəmə X3 əşyalarının çıxarılması barədə tələbini təmin etsə də, istifadə hüquqları olmadığına görə həmin tələbi təmin etməmişdir, o, cavabdehlərin qeydiyyatdan çıxarılması məqsədilə polisə müraciət etmiş, lakin qətnamədə istifadə hüquqlarına xitam verilməsi hissəsi rədd edildiyindən keçmiş gəlini və nəvələrini qeydiyyatdan çıxarmamışlar. Ona görə də, bu məsələnin həll edilməsi üçün hesab edir ki, məhkəmə qətnamənin rədd hissəsi ilə bağlı izah verməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1594/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməyə izah edilməsinə dair iddiaçı X1 ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7, X9 və X2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi və X5 məxsus əşyaların həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İlham Cəfərov iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəli mənzildə cavabdehə məxsus olan əşyaların siyahısını göstərmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1594/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X5 məxsus əşyalar (1 ədəd kondisioner, 1 ədəd 3x4 künc divan, 1 ədəd 2 metrlik divan, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd böyük xalça, 3 ədəd balaca xalça, 4 ədəd ədyal, 5 ədəd balış, 1 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd LG televizor, 2 ədəd çarpayı, 1 ədəd böyük şifoner, 1 ədəd balaca şifoner, 1 ədəd böyük ağ şkaf, 1 ədəd balaca ağ şkaf, 1 ədəd güzgü termo, 2 ədəd divar saatı, 1 ədəd ev telefonu, 1 ədəd ütü, 1 ədəd mikrovalnovka, 1 ədəd tvovka, obedni servis dəsti, 1 ədəd ət çəkən maşın, 1 ədəd sok çəkən maşın, qab-qacaqlar, qazan-tava, bakallar, stəkanlar, tarelkalar, 1 ədəd palto, 1 ədəd şuba, 1 ədəd kurtka, uşaq paltarları, çamadan içi paltar, çamadan uşaq paltarları, kitab və dəftər, 5 ədəd əl sumkası, 1 ədəd uşaq skuteri, uşaq oyuncaqları, pərdələr, 3 ədəd ayaqqabı və 2 ədəd krasovka) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Xətai rayon Məhkəməsinin 22(011)-1594/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə işin müəyyən edilmiş hallarından görünür ki, Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçı X1 adına qeydiyyata alınmışdır, cavabdeh X7 iddiaçının keçmiş gəlinidir, o, iddiaçının oğlu (İlqar Cəfərli) ilə 2013-cü il tarixdə nikaha daxil olmuş və həmin mənzilə köçərək yaşamışdır, 01 dekabr 2013-cü il təvəllüdlü X9 və 11 aprel 2015-ci il təvəllüdlü X8 cavabdeh ilə iddiaçının oğlunun birgə nikahdan olan uşaqlarıdır, xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə iddiaçının oğlu İlqar Cəfərli və cavabdeh Şəbnəm Cəfərli arasında olan nikah pozulmuş və uşaqların anaları Şəbnəm Cəfərlinin yanında saxlanılması qət edilmişdir, cavabdehlər hazırda həmin mübahisəli evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar, lakin cavabdeh Şəbnəm Cəfərliyə ona məxsus əşyalar (1 ədəd kondisioner, 1 ədəd 3x4 künc divan, 1 ədəd 2 metrlik divan, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd böyük xalça, 3 ədəd balaca xalça, 4 ədəd ədyal, 5 ədəd balış, 1 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd LG televizor, 2 ədəd çarpayı, 1 ədəd böyük şifoner, 1 ədəd balaca şifoner, 1 ədəd böyük ağ şkaf, 1 ədəd balaca ağ şkaf, 1 ədəd güzgü termo, 2 ədəd divar saatı, 1 ədəd ev telefonu, 1 ədəd ütü, 1 ədəd mikrovalnovka, 1 ədəd tvovka, obedni servis dəsti, 1 ədəd ət çəkən maşın, 1 ədəd sok çəkən maşın, qab-qacaqlar, qazan-tava, bakallar, stəkanlar, tarelkalar, 1 ədəd palto, 1 ədəd şuba, 1 ədəd kurtka, uşaq paltarları, çamadan içi paltar, çamadan uşaq paltarları, kitab və dəftər, 5 ədəd əl sumkası, 1 ədəd uşaq skuteri, uşaq oyuncaqları, pərdələr, 3 ədəd ayaqqabı və 2 ədəd krasovka) həmin mənzildə qalmışdır, bu əşyalar mülkiyyətçinin mənzildən istifadə hüququna maneçilik törədir. Bununla belə, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna əsas verən, habelə cavabdeh Şəbnəm Cəfərlinin əşyalarının həmin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Həmin qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, məhkəmə, iddia tələbinin “cavabdehlərin mübahsəli evdən istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlər iddiaçının ailə üzvləri olmadığına görə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır ki, bu maddəyə əsasən, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisi ilə notarial qaydada təsdiq olunmuş razılaşmanın olması tələb olunur. Belə olan halda məhkəmə hesab edir ki, mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və cavabdehlər həmin mənzildə faktiki qeydiyyatda olsa da, onların həmin mənzilə dair istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmin qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, məhkəmə, iddia tələbinin “X5 məxsus əşyaların mübahisəli evdən çıxarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, İlham Cəfərov mülkiyyətçi kimi əmlaka sərbəst surətdə sahib olmaqla, ondan istifadə edə və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə və əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Şəbnəm Cəfərli mənzilin mülkiyyətçisinin ailə üzvü hesab olmadığından, onun mübahisəli evə istifadə hüququ yaranmadığından və hazırda da həmin evdə yaşamadığından cavabdeh X5 məxsus əşyalar həmin evdən çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda ona işi həll etmiş hakim tərəfindən məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür, hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə, eləcə də iddia tələbinin rədd edilməsi hissəsi aydın olduğundan, ərizəçinin ərizəsində qeyd etdiyi hallar məhkəmə aktına izah verilməsi üçün əsas olmadığından ərizə rədd edilməlidir. Bununla belə, məhkəmə izah verilməsi tələb olunan ərizəçinin irəli sürdüyü məsələ ilə bağlı qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1594/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə “cavabdehlərin həmin mənzildə faktiki qeydiyyatda olsa da, onların həmin mənzilə dair istifadə hüququ yaranmadığı” müəyyən edilmişdir ki, bu da X7, X9 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268 rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1594/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar