Məhkəmə qərarları › İş №8(011)-893/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-893/2023

07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-893/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Tələbkar, Borclunun direktoru Hikmet Yiğitdölün və borclunun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun “daşınmaz əmlak üzərinə həbs qoyulması” barədə təqdimatı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov Borclu MTK-ya məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019-006 nömrəli, 29 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən Borclundən 206.500 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 02 iyun 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. 03 noyabr 2023-cü il tarixdə borclunun direktoru Hikmət Yiğitdölün izahatı alınmış, izahatında MTK-nın hesabında pul olmadığını, bu səbəbdən icra sənədini icra edə bilmədiyini, icra sənədinin icrasından yayınmadığını və borcun əvəzində MTK-ya məxsus ərazini verməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Tələbkar borc məbləğinin əvəzində ona yer verilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin tarixdə imza edən şəxslər Borclu yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında olmuş və borclunun göstərdiyi qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, borcluya həmin ərazini müəyyən etmək üçün layihə təqdim etməsi tələb olunmuş, binanın layihəsində asma mərtəbədə, yəni 2-ci mərtəbədə həmin ərazinin yerləşməsi müəyyən edilmişdir. Binanın layihəsinə görə həmin ərazi 7.5 metr eni və 26 metr uzunluğunda 195 kv.m-dən ibarət qeyri-yaşayış sahəsidir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş layihənin B və L oxları, 4 və 1 oxları arasında yerləşir. Borclu və tələbkara Borclunə məxsus layihədə B və L oxları, 4 və 1 oxları arasında olan qeyri-yaşayış sahəsinə həbs qoyulması üçün məhkəməyə müraciət olunacağı bildirilmiş, borclunun direktoru Hikmət Yiğitdöldən həmin qeyri-yaşayış sahəsinin yüklü olmaması və heç kimə məxsus olmaması bərədə izahatı alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkar təqdimatın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında borclunun direktoru və vəkili təqdimata etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, təqdimatda üzərinə həbs qoyulması istənilən əmlakın Borclu MTK-ya məxsus olmasını təsdiq edən sənədlər təqdimata əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir. İşin bu cür halında məhkəmə hesab edir ki, təqdimat təmin edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun Borclu MTK-ya məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar