Məhkəmə qərarları › İş №8(011)-907/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-907/2022

11.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-907/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, X1 aliment tələbinə dair qətnaməsi ilə bağlı işə xitam verilməsi barədə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, aliment tələbinə dair qətnaməsi ilə bağlı işə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə həyat yoldaşı X3 boşanmış və həmin tarixdə ondan tutulan 358 manat alimenti vaxtlı-vaxtında ödəmişdir. 22 iyun 2022-ci il tarixdən onun uşaqları X6 və X7 onunla birlikdə yaşayırlar. 20 sentyabr 2022-ci il tarixdə onun keçmiş həyat yoldaşı Tələbkar ilə razılıq əldə etmişlər və o, alimentdən imtina etmişdir. Alimentdən imtina ərizəsi notariat kontorunda təsdiq edilmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı ərizədə göstərilən tələb “alimentlə bağlı məhkəmə işinə xitam verilməsi” barədədir. Məhkəmə hesab edir ki, hazırkı tələbə iddia icraatı qaydasında baxılıb qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırkı iş üzrə X2 icraya nəzarət edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (yəni, icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının müəyyən edilmiş xüsusi qaydası şəklində, MPM-in 231-ci maddəsinin tələbləri qaydasında) müraciət etmişdir. Halbuki, belə iddialara iddia icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Odur ki, ərizəçi (borclu) məhkəməyə müraciət edərək iddia icraatı qaydasında məsələ qaldıra bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin mövcud ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, X1 aliment tələbinə dair qətnaməsi ilə bağlı işə xitam verilməsi barədə iş üzrə icraata xitam verilməli, ərizəçiyə ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 aliment tələbinə dair qətnaməsi ilə bağlı işə xitam verilməsi barədə iş üzrə icraata xitam verilsin. Ərizəçiyə ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar