Məhkəmə qərarları › İş №8(011)-91/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-91/2025

10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-91/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Borclu iştirakı ilə, Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-544/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin 2024-cü il üçün minimum əmək haqqının müvafiq hissəsinə müvafiq misli artırılaraq (indeksləşdirilərək), 2025-ci il üçün minimum əmək haqqına müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsirova (Məmmədova) X8 Anar Əli oğlu ilə ailə qurmuş və birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 qızı anadan olmuşdur. Bu barədə AZ-İİİ № 668199; AZ-İİ № 294659; AZ-İİ № 394500; AZ-İV № 361538 doğum haqqında şəhadətnamələr verilmişdir. 05 iyul 2024-cü il tarixdə aramızda olan nikahımız pozulmuşdur. Bizim nikahımız pozulduqdan sonra övladlarım mənim himayəmə verilmişdir və məhkəmənin qətnaməsinə əsasən Borclu, xx.xx.2009-cu il təvəllüdlü X13iu və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Xətai rayon icra şöbəsində icra olunur. Hesab edir ki, hazırda övladlarımın saxlanması üçün ödənilən aliment azdır və onların tələbatlarını tam ödəmir. Uşaqlar artıq məktəbin 10, 8, 5 və 3-cü siniflərində oxuyurlar, ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağların bütün qayğısını ehtiyacını demək olar ki, tamamilə mən çəkirəm. Böyüdükcə uşaqdlarda atasına qarşı ehyiyac və tələbat artsa da qarşı tərəf ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, hər uşaq üçün 200 manat aliment tutulub keçə il, böyük uşaq onunla qalır, onu hazırlığa qoyub, uşaqların digər xərclərində də iştirak edir, aliment məbləğinin artırılmasına razı deyil. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-544/2024 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulmasını qət edilmişdir. Həmin qətnamə çıxarılan zaman ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edilmişdir. Qanuni qüvvəsini almış qətnamə ilə borcludan sabit pul məbləğində tutulan aliment ölkə üzrə minimum əmək haqqının 0.58 mislini (200/345= 0,579710140,58) təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunmalıdır. Tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdiyindən, alimentin indeksasiya olunmuş məbləği xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 (sıfır tam yüzdə əlli səkkiz) misli həddində indeksasiya olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar