Məhkəmə qərarları › İş №8(011)-918/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-918/2023

05.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-918/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Tələbkar Borclu iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6000/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1970-ci il tarixində Mingeçevirdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 40000 manat məbləğində pul vəsaiti və 210 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir.Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Tələbkar məhkəmə iclasında izahat verərək, Borclu tam şəkildə ödəniş etməsədə hər ay borcundan ödəniş etdiyini, həmçinin iki gün əvvəl 1000 manat pul ödədiyini bildirdi. Borcunu ödəməkdən yayınmadığı üçün təqdimatın təmin edilməməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək övladının xaricdə oxumasını, özünün də yay aylarında xaricə işləyib pul qazanmaq üçün getdiyini və borcunun ödəməkdən yayınmamasını nəzərə alıb təqdimatın təmin edilməməsini xahiş etdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(011)- 6000/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 40000 manat məbləğində pul vəsaiti və 210 manat dövlət rüsumu tutularaq Tələbkar verilməlidir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 6000/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1970-ci il tarixində Mingeçevirdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 40000 manat məbləğində pul vəsaiti və 210 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinə daxildir:. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin qanunun 45.2. -ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin qanunun 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Həmin təlimatın 2.4-cü maddəsinə əsasən, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunmalıdır. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin həmin Paktın qeyd edilən maddəsinə dair qəbul etdiyi xx.xx.1999-cu il tarixli 27 saylı X1 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Bununla belə, iş materiallarından, borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, əvvəla, hazırkı təqdimat yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının icra məmuru isə məhkəmə iclasında iştirak etməmiş, təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər barədə məlumatları məhkəməyə təqdim etməmiş, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu izah etməmişdir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınması məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsassızdır və buna görə də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar