Məhkəmə qərarları › İş №8(011)-924/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-924/2022

30.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-924/2022 30.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4591/2018-011 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “KİA RİO” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4591/2018-011 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 658 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməldir, icra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir, belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “KİA RİO” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, hazırda icra sənədi üzrə ödəniş olunmamışdır, icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi R.M.Aslanov məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, hazırki iş üzrə Borclu "xxxx" MMC-yə olan borcunu tam ödəmişdir və hal-hazırda borcu yoxdur. Sonda tələbkarın nümayəndəsi R.M.Aslanov qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın nümayəndəsinin izahatını, təqdimat və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4591/2018-011 saylı xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə - icra sənədinə əsasən Borclu 658 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməldir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin Borclu göndərilməsi qeyd olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “KİA RİO” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu adına qeydiyyata alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Borclu (704972787; 556152372; 556056892; 5********) Xətai rayon İcra şöbəsinə yaxınlaşması barədə xx.xx.2022-ci il tarixdə SMS Bildirişlər göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Lakin iş materiallarından, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, “KİA RİO” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması üçün qanunla nəzərdə tutulan əsasların olmaması, icra tələbinin həcminin (678 manat), həbs qoyulması nəzərdə tutulan əmlakın dəyərinə qeyri-mütənasib olması, habelə tələbkar "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin “Borclu "xxxx" MMC-yə olan borcunu tam ödəməsi və hal-hazırda borcunun olmaması” barədə yazılı ərizəsi təqdimatın təmin edilməsinin mümkünlüyünü aradan qaldırır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu məxsus “KİA RİO” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barəsində təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar