Məhkəmə qərarları › İş №8(011)-93/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-93/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-93/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun “avtomobillərin üzərinə həbs qoyulması” barədə təqdimatı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı və “X1” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2653/2012 nömrəli, 20 iyul 2012-ci il tarixli icra sənədinə əsasən Borclu 22.609,74 ABŞ dolları məbləğində pul vəsaiti və 200 manat məbləğində əlavə cərimə tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Tələb Borclu məxsus “Hyundai Sonata” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməlidir və avtomobil açıq hərracda satılmalıdır. İcra sənədi 19 sentyabr 2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. “Hyundai Sonata” minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 dekabr 2016-cı il tarixdə açıq hərracda 8.000 manata satılmış və hazırda qalıq borc 17.903,86 ABŞ dolları təşkil edir. Borclu borcun qalıq hissəsini ödəməmiş və icra sənədi üzrə tələbi tam təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı və “X1” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Borclu təqdimatı qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş digər şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli 2(011)-2653/2012 saylı qətnaməsinə əsasən, Borclu Tələbkar ASC-nin xeyrinə cəmi 22.609,74 ABŞ dolları pulun və 200 manat əlavə cərimənin tutulması, tələbin Borclu məxsus “Hyundai Sonata” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. İcra sənədi üzrə 19 sentyabr 2012-ci il tarixdə icra məmuru Fərid Cəlilov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. “Hyundai Sonata” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil 8.000 manata satılmış və hazırda qalıq borc 17.903,86 ABŞ dolları təşkil edir. “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, “VAZ 21074” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı və “X1” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **- CS-*** dövlət qeydiyyat nişanlı və “X1” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı və “X1” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar