Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-933/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(011)-3749/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(011)-3749/2022 saylı qətnaməsi ilə cavabdeh X3 21 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 2.951,60 manat əsas borc, 100 manat cərimə borcu; 14 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 627.60 manat əsas borc, 6 manat cərimə borcu olmaqla, cəmi 3.685,20 manat pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 59.37 manatın alınaraq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin qətnaməsini 1 il müddətinə hissə-hissə ödəməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xırda sahibkarlıqla məşğul olur və göstərilən məbləği birdəfəlik ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında borclu ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Tələbkar MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə borclunun izahatlarını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(011)-3749/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-933/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-933/2022
11.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver