Məhkəmə qərarları › İş №8(011)-948/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-948/2024

09.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-948/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi Bəndəliyev Zaur Taleh oğlunun katibliyi Şikayət verən şəxs-X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan "Opel Astra" minik markalı, **-RY-***-dövlət qeydiyyat nişanlı avtomobilə dair axtarışa verilməsinə və saxlanılaraq cərimə meydançasına yerləşdilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə və avtomobilin cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu Zeynal Əsgərov ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhər Xətai rayon İcra Şöbəsinin Xətai rayon məhkəməsinin e-2(011)-1775/2024 saylı, xx.xx.2024-cü il tarixli qətaməsi üzrə icra sənədinin icrası ilə bağlı qərarın qanunsuz olaraq onun əmlakını axtarışa verǝrǝrk "Opel astra" minik markalı, **-RY-*** dövlət Qeydiyyat Nişanlı avtomobilin barəsində axtarışı elan etmişdir, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin onun avtomobili barədə axtarış elan edilməsi qanunsuz və əsassızdır, icra Şöbəsinin avtomobilin axtarışa verilməsi məhkəmənin qərarı olmadan qanunsuzdur, icra şöbəsi beləliklə qanunun aliliyini pozmuşdur, "xxxx"ya olan borcunu hissə-hissə ödəniş edir, icra ilə bağlı heç bir problem yaranmamışdır, ancaq icra şöbəsi qanunsuz olaraq onun mülküyətinin axtarılması və avtomobilinin axtarışa verilməsində öz səlahiyyətlərindən kənara çıxmışdır, ona heç bir məlumat verilmədən avtomobilin axtarışa verilərək, əmək haqqından 50%, pensiyasından 50% tutulmasın icra şöbəsi qərar vermişdir. İcra haqqında qanuna görə isə borclunun ümumi gəlirinin 50 % -dən artıq borca pul tutula bilməz, icra şöbəsi mənə məlumat vermədən əmək haqqından və pensiyasından tutulmağada qanunsuz qərar verməkdən çəkinməmişdir, o, icra məmuruna sual vermişdir ki, hansı səbəbdən onun əmək haqqının 50% və pensiyasından 50% tutursuz bu qanunda qadağadır. Ancaq icra məmurunun 100% (50 pensiya 50 əmək haqqı) tutulmasına qərar verməsi qanunsuz olmaqla mülkiyyətində olan "Opel Astra" minik markalı, **-RY-***-dövlət qeydiyyat nişanlı avtomobili axtarışa verməklə, saxlanılmasını barədə qərar çıxarmışdır. Sonda borclu Zeynal Əsgərov şikayətinin təmi edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xətai rayon icra şöbəsinin və tələbkarın nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-16(011)- 376/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görnür ki, “Opel Astra” minik markalı (B/ili 2007, Rəngi: Boz metallik Mühərrik: KS7926, Ban:W0L0AHL**********, M.İ.H 1364) **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdeh X5 və digər şəxslərə qadağan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X3 xx.xx.2023-cü il tarixli 19030***- *******02L saylı kredit müqaviləsinə əsasən 9660,54 AZN əsas kredit borcu, 693,01 AZN faiz borcu, 4,28 AZN cərimə borcu olmaqla, cəmi 10357 (on min üç yüz əlli yeddi) manat 83 (səksən üç) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 (yüz iyirmi bir) manat 07 (sıfır yeddi) qəpik alınaraq "xxxx" ASC-ə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, X2na 10 gün müddətində icra sənədinin könüllü icra edilməsi qərara alınmış, qərardan 10 gün müddətində məhkəməyə şikayət verilə bilməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, icra sənədi üzrə tələbin X1 əmək haqqına yönəldilməsi üzrə tədbirlər həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı, X2na məxsus “Opel Astra” minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilməsi və saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli qərar borclu tərəfindən xx.xx.2024-cü il tarixdə alınmışdır. İş materiallarından görünür ki, icra məmuru tərəfindən X2na məxsus “Opel Astra” minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məqsədilə təqdimat verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü ildə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş, İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü ildə icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş tərtib edilmiş, icra sənədi üzrə tələbin borclunun əmlakına, o cümlədən də mülkiyyətində olan nəqliyyat vasitəsinə yönəldilməsi məqsədilə tədbirlər görülmüş, həmin nəqliyyat vasitəsinin yeri müəyyən edilmədiyinə görə nəqliyyat vasitəsi barədə axtarış və cərimə meydançasına yerləşdirmə barədə xx.xx.2024cü il tarixli qərar qəbul edilmiş və onun üzərinə həbs qoyulması barədə təqdimat verilmişdir, borclu həmin qərarın ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırda məhkəmə qətnaməsi və onun əsasında verilmiş icra sənədi qüvvədə olduğundan və onun icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan belə icranın həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən qəbul olunmuş qərar formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. X6 isə şikayətin dəlillərini kifayət qədər əsaslandırmamış, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə dəlillərinə münasibətdə mübahisələndirilən qərar qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq çıxarılmışdır və onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin digər hüququ mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X1 “mülkiyyətində olan "Opel Astra" minik markalı, **-RY-***-dövlət qeydiyyat nişanlı avtomobilə dair axtarışa verilməsinə və saxlanılaraq cərimə meydançasına yerləşdilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə və avtomobilin cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi” barədə şikayəti rədd edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar