Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-953/2023 19.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Borclunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ruslan Osmanlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-487/2023-016 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcludan 2306,60 manat tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində İcra Şöbəsinə daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2023cü il tarixdə Borclu etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək, borclunun həyat yoldaşı olduğunu, borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və borclunun hal-hazırki borcu 2306,60 manat təşkil edir. Borclunun nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, borclu olan arvadı xəstədir və xəstəliyi ilə əlaqədar Türkiyədə əməliyyat olunmuş, hal-hazırda müalicə alır. Xəstəliyinə görə müayinə olunmaq üçün yenidən başqa ölkəyə getmək zərurəti yarana bilər. Borcdan 332 manat məbləğində borclunun pensiyasından tutulub. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun nümayəndəsinin izahatını dinləyərək, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. “AZEMİS” sistemindən əldə edilmiş gəlir məlumatlarından müəyyən olunur ki, borclu 833,75 manat pensiya alır. Məhkəmə baxışında borclunun nümayəndəsi də bildirdi ki, icra məmuru tərəfindən icrə vərəqəsi ilə ödənilməli olan borc borclunun pensiyasına yönəldilmiş və bununa görə sonuncunun pensiysından 332 manat pul tutulmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından da görünür ki, xx.xx.2023-cü il tarixli inkasso sərəncamı ilə xx.xx.2023-cü tarixdə borcludan 332,03 manat tutulma olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Təqdimata məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, borclu borcu ödəməkdən qəsdən yayınmır, onun maddi vəziyyəti borcu tam ödəməyə imkan vermir, həmçinin ona müstəqil (birincili) çox lokalizasiyalı bədxassəli yenitörəmə əas diaqnozu təyin edilmiş, təyin edilmiş diaqnoz əsasında borclu cərrahi əməliyyatlar keçirmiş, müxtəlif tibbi müalicələr və prosedurlar almışdır ki, bununla əlaqədar olaraq o, borcu birdəfəyə ödəməyə imkan verən qədər maddi duruma malik olmamışdır. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, borclunun məhkəmə qətnaməsi ilə tutulmuş pulun ödənilməsinə yönələ biləcək pensiyası vardır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xəstəliyi ilə bağlı müayinə olunması üçün borclunun ölkə hüdudlarından müvvəqqəti kənara çıxması zəruridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsindən də göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması formasında nəzərdə tutulan məcburi icra tədbiri o halda tətbiq edilə bilər ki, borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda borcunu üzürsüz səbəbdən ödəmədikdə onun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, hər şeydən əvvəl tətbiq ediləcək tədbir ilə borclunun məruz qala biləcəyi məhrumiyyətin nəticələri arasında ədalətli balans gözlənilməlidir. Təqdimatda borclunun ödəməyə borclu olduğu pulun miqdarı 2306,6 manat müəyyən edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması isə onun milli və beynəlxalq hüquqla qorunan əsas hüquqlarından biridir, eyni zamanda onun xəstəliyi ilə bağlı müalicə, yaxud əməliyyat olunması üçün ölkə xaricinə getməyə təcili zərurət yarana bilər. Məhkəmə hesab edir ki, 2306,6 manat məbləğində borcun ödənilməsi məqsədilə şəxsin əsas hüququnun məhdudlaşdırılması yolu ilə tətbiq ediləcək vasitə tətbiq olunan tədbirə mütənasib deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı 25 sentyabr 2016-cı il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki, bununla bağlı Avropa Məhkəməsi xatırladır ki, 4 saylı Protokolun 2-ci maddəsinin 2 və 3-cü bəndlərinə uyğun olaraq dövlət orqanları fərdi şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı andan və bütün müddət ərzində əsaslı və mütənasib olmasını təmin etməlidir. Məhdudiyyətin əsaslılığının və mütənasibliyinin qiymətləndirilməsi ilə bağlı məhkəmə nəzarətinin təmin edilməsini həyata keçirmək imkanı nəzərdə tutulmalıdır, belə ki, bu nəzarət müstəqilliyin, qərəzsizliyin və prosedurların qanuniliyinin ən yaxşı təminatıdır. Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən, məhdudlaşdırıcı tədbirin proporsionallığı ilə bağlı faktorları nəzərə almaq imkanı verməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xətai rayon İcra şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-953/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-953/2023
19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver