Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-961/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi Ərizəçi Əhmədova (Alcanova) Samirə Müsübət qızının Tələbkar iştirakı ilə, Ərizəçi Əhmədova (Alcanova) Samirə Müsübət qızının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3882/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3882/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Əhmədova (Alcanova) Samirə Müsübət qızından 45000 manat pul məbləğinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir.
2. Daha sonra xx.xx.2024-cü il tarixdə borclu Əhmədova (Alcanova) Samirə Müsübət qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3882/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 45000 manat pul məbləğinin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Tələbkar xx.xx.2023-cü il tarixindən başlayaraq himayəsində olan 2 uşağa görə hər ay 440 manat alimentin tutularaq ona ödənilməli olduğu qət edilmişdir. Lakin, Tələbkar indiyə kimi heç bir ödəniş etməmişdir. Bu səbəbdən o, maddi cəhətdən çıxılmaz vəziyyətdə qalmışdır.
Ərizəçinin xahişi:
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun tərəfindən Tələbkar ödəniləcək məbləğin hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
4. Məhkəmə iclasında iştirak edən borclu Əhmədova (Alcanova) Samirə Müsübət qızı öz izahatında bildirmişdir ki, borc məbləğinə etiraz etmir. Hal-hazırda satılmasını gözlədiyi əmlak var, ondan sonra borcunu ödəyəcəkdir. Hazırda Tələbkar ona aliment də ödəmir. Onun 6000 manat borc aliment məbləği yığılmışdır. Həmçinin uşaqları böyükdür və onların hazırlıq xərcləri də vardır. Bütün bunların nəzərə alınaraq məhkəmədən borcun hissə-hissə ödənilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Tələbkar öz izahatında bildirmişdir ki, borc məbləğinin hissə-hissə icra edilməsinə razı deyildir.
Tətbiq edilən hüquq: 6.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası : 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
8. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 oktyabr 2005-ci il tarixli Qərarı
12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.
İşə baxan məhkəmənin mövqeyi:
9. Məhkəmə ərizəni və ərizəyə əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir.
10. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
11. Məhkəmə hesab edir ki, tələbkar borcun hissə-hissə icra edilməsinə razılıq verməməsi, o cümlədən ərizəçi borcun ödənilməsi ilə bağlı yaranmış əlverişsiz hallarla bağlı hər hansı mötəbər sübutu ərizəyə əlavə etməməsi səbəbindən ərizə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. Ərizəçi Əhmədova (Alcanova) Samirə Müsübət qızının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3882/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair ərizəsi rədd edilsin.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova