Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-989/2024 21.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun “avtomobilin üzərinə həbs qoyulması” barədə təqdimatı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov Borclu məxsus “Opel Astra” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-7760/2023-011 nömrəli, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 5.767,26 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 77.68 manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İcra sənədi 21 fevral 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. 07 mart 2024-cü il tarixdə Borclu izahat verərək, borcu tam şəkildə ödəyə bilmədiyini, mülkiyyətində “Opel Astra” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu bildirmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında borclu izahat verərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 7760/2023-011 nömrəli, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5.767,26 manat məbləğində pul vəsaiti və 77.68 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən avtomobil nəqliyyat vasitəsi olub Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərşivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər çərçivəsində son hərəkət olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən 21 fevral 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-7760/2023-011 nömrəli, 30 noyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. 07 mart 2024-cü il tarixdə borclunun izahatı alınmışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, borclu “X1 "xxxx" ASC-də texnoloji qurğuların operatoru vəzifəsində çalışır və 660 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, borclunun rəsmi iş yeri və gəliri olmasına baxmayaraq icra məmuru tələbi borclunun əmək haqqına yönəltmək əvəzinə, əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru borclu barəsində görülməli olan məcburi tədbirlərin ardıcıllığına riayət etmədiyindən hazırkı mərhələdə təqdimat təmin edilə bilməz. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun Borclu məxsus “Opel Astra” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-989/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-989/2024
21.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver