Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-991/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Məhərrəmova Aysel İsrafil qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun Borclu MMC-yə məxsus avtomobil üzərinə həbsin qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-191/2025-034 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 1254,22 manat ezamiyyə xərci, hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə 200 manat pul vəsaiti və 30 manat məbləğində mediasiya xərci iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%-i, yeni 50 manat cavabdehden, qalan 50%-i, yəni 50 manat iddiaçı Tələbkar tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməlidir.
2. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir.
3. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borcluna məxsus olan "BMW İ3 Edrive 35L" minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
4. Yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borcluna məxsus olan "BMW İ3 Edrive 35L" minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur.
Tərəflərin izahatı:
5. Məhkəmə iclasında iştirak edən Tələbkar qızı öz izahatında borclunun əmlakı üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Borcluya və Xətai rayon İcra şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. AR MPM-nin 231.2-ci maddəsinə əsasən, borclunun, tələbkarın və təqdimat vermiş icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
7. İcra haqqında Azərbaycan Respublikası Qanunu: 43.1 məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1 borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 45.1 tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2 icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3 borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.6. tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.1 icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2 borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
İşə baxan məhkəmənin mövqeyi:
8. Məhkəmə təqdimatı, icra işini və əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir.
9. Belə ki, icra məmurunun təqdimatına əlavə edilmiş elektron icra sistemindən çıxarışa əsasən "BMW 13 Edrive 35L" minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil borclu "xxxx" MMC-nin adına qeydiyyatdan keçirilmiş, onun mülkiyyətindədir. Həmçinin, məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə sorğular verilmiş və borclu "xxxx" MMC-nin adına qeydiyyatdan keçirilmiş ""BMW İ3 Edrive 35L" minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu öz təsdiqini tapmışdır.
10. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Boucke Çernoqroya qarşı 2012-ci il işində qeyd edilir ki, dövlət öz səlahiyyətləri daxilində yekun məhkəmə qərarını icra etmək üçün bütün lazımi addımları atmaq öhdəliyi daşıyır. Əks halda o, 6-cı maddənin 1-ci bəndində göstərilən tələblərə uyğun davranmamış olacaq. AİHM qeyd etmişdir ki, məhkəmə qərarlarının icra prosesi mahiyyət etibarı ilə tez bir zamanda həyata keçirilməlidir. (Oxşar mövqeyə Felbab Serbiyaya qarşı işində, Comingersoll S.A. Portuqaliyaya qarşı işində də rast gəlinir)
11. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini icra etməməsi, həmçinin borclunun icra sənədindən və icra sənədini icra etmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyindən xəbərdar olması öz təsdiqini tapmışdır.
12. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır.
13. Qeyd olunan faktlara əsasən məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədinin könüllü icra edilmədiyi aşkardır. İcra məmuru haqlı olaraq məcburi icra tədbirini seçmişdir. Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icrası təmin edilməlidir. Sadalananlara əsasən təqdimat təmin edilərək X2 adına qeydiyyatdan keçirilmiş ""BMW İ3 Edrive 35L" minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır.
14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. Təqdimat təmin edilsin.
2. Borclu "xxxx" MMC-yə məxsus "BMW İ3 Edrive 35L" minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun.
3. Qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və AR DİN Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova