Məhkəmə qərarları › İş №8(011)-997/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-997/2022

03.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-997/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(011)-3780/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(011)-3780/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh X3 06 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 56.50 (əlli altı manat əlli qəpik) manat əsas borc; 19 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 782 (yeddi yüz səksən iki) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu; 08 mart 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 204 (iki yüz dörd) manat əsas borc, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 1.052,50 (bir min əlli iki manat əlli qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 31.41 (otuz bir manat qırx bir qəpik) manat alınaraq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, borcunu hər ay ayda 30 manat olmaqla hissə-hissə ödəməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 4 övladı ilə kirayədə yaşayır. İşləmir və gəliri yoxdur. Onun övladı xəstə olduğundan əməliyyat olunmalıdır. O, tələb olunan borcu hər ay 30 manat olmaqla hissə-hissə ödənilməsinə maddi imkanı çatır. Tələbkara, borcluya və Xətai rayon İcra şöbəsinə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-871/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərizəçi X4 hazırkı ərizəsinə qiymət verilmiş, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(011)-3780/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 ərizədə dörd uşağı ilə kirayədə yaşadığını, işləmədiyini, maddi vəziyyətinin pis olduğunu göstərsə də, o, əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Odur ki, ərizə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(011)-3780/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar