Məhkəmə qərarları › İş №8(012)-1/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-1/2023

02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-1/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, Tələbkar nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Ərizəçi-borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək icra işi üzrə icraatın təzələnməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi-borclu "xxxx" MMC şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək icra işi üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-457/2022 saylı qərardadına əsasən, ərizəçi-borclu "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraat təzələnmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(105)-117/2022 saylı qərardadına əsasən, Tələbkar şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-457/2022 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, 8(012)- 457/2022 saylı işin baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin şöbə tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbkar Abşeron rayon İcra və Probasiya şöbəsinə ərizə göndərərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsi rəhbər tutularaq icrası dayandırılmışdır. Hesab olunur ki, icra işinin dayandırılması borclu "xxxx" MMC-nin maraqlarına toxunduğu üçün ləğv olunmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilmişdir. İcra sənədi üzrə X10 tərəfindən 500 000 manat pul vəsaiti Tələbkar ödənildikdən sonra Tələbkar xahişi ilə qanunsuz tikilinin sökülməsi hissəsində icra sənədi üzrə icraat dayandırılmışdır. Məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMC-nin və X5 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Beləliklə, tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə, söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də, digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməlidir. Lakin Tələbkar xahişi ilə icra sənədinin qanunsuz tikilinin sökülməsi hissəsində icraatının dayandırılması "xxxx" MMC-nin söküntü nəticəsində əldə olunmuş tikinti materiallarına, eləcə də, digər mal-məmulatlarına münasibətdə mülkiyyətindən məhrum olmasına səbəb olmuşdur. Bu səbəbdən də, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra işi üzrə icraat təzələnərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi tam icra olunmalıdır. Ona görə də göstərilənlərə əsasən, şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçi-borclu "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərarına əsasən, icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra mərhələsində əmlakın sökülüb əvvəlki vəziyyətinə qaytarılması və 500 000 manat pul vəsaitinin tələbkarın xeyrinə tutulması qərara alınmışdır. 2019-cu ildə tələbkar icra şöbəsinə müraciət edərək icraatın dayandırılmasını xahiş etmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Hesab edir ki, mübahisə üzrə borclunun mülkiyyət hüququ pozulduğundan icra şöbəsinin qərarı ləğv olunub icra tədbirləri davam etdirilməli və icra mərhələsi başa çatmalıdır. Belə ki, icraatın hazırki müddətə qədər dayandırılması borclunun da maraqlarına toxunmuş olur. Ərizəçi tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət olunmuş və hazırda, apelyasiya məhkəməsinin icraatında olmaqla sözügedən qərar Ali Məhkəmə tərəfindən ləğv olunmuşdur. Tələbkar digər məhkəmə iclasında onun tərəfindən ərizənin verilməsindən məlumatı olmadığını qeyd edirdisə, hazırda, həmin ərizənin varlığını inkar edir. Belə ki, 2019-cu il tarixli ərizədən göründüyü kimi, tələbkar əmlakın qiymətli və bahalı olması səbəbindən həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlamağın mümkün olduğunu bildirmişdir. Yəni, 500 000 manat pul vəsaiti 2019-cu ildə ödənilməmişdir. Tələbkar isə qeyd olunan ödəniş vəsaiti ödənilmədiyi təqdirdə əvəzləşdiriləcəyini bildirmişdir. 2021-ci ildə tərtib olunmuş akta əsasən, 290 000 ABŞ dolları pul verilmiş, 1.7 manat valyuta ilə 493 000 manat pul edir ki, 7000 manat da tələbkara ödənilmişdir. İcra məmuru tərəfindən qəbul olunmuş qərar rəsmi qaydada borclu tərəfindən müraciət edilərək xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır. Dayandırılma şərtləşdirilmiş formada həyata keçirilmişdir. Belə ki, əldə olunmuş razılığa əsasən, söküntü işləri dayandırılmalı, əgər pul verilməsə, həmin pul vəsaiti tikinti əmlakı ilə əvəzləşdirilməli idi. Nəticədə, pul vəsaiti borclu X1 alınmışdır. Bu barədə müqavilə bağlanmamışdır. Ümumiyyətlə, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı rəsmi olaraq xx.xx.2022-ci il tarixdə təqdim olunmuş, bu səbəbdən də hesab olunur ki, prosessual müddət ötürülməmişdir. İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş etirazdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı icra sənədi üzrə borclu "xxxx" MMC Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunması və icra işi üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və sözügedən şikayət aşağıda göstərilən səbəblərə görə təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarı məhz tələbkar olaraq onun ərizəsi əsasında qəbul edildiyinə görə, həmçinin, yalnız onun ərizəsi əsasında da ləğv olunmalıdır. Borclu "xxxx" MMC şikayətində icra şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarının ona guya xx.xx.2022-ci il tarixdə təqdim olunduğunu və bu səbəbdən də şikayət vermək üçün qanunla nəzərdə tutulan prosessual müddəti buraxmadığını göstərmişdir ki, bu da qətiyyən həqiqəti əks etdirmir. Belə ki, borclu "xxxx" MMC cavabdehlər X8 və ona qarşı əmlak tələbinə dair xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində "xxxx" MMC qeyd etmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı icra sənədinin icrasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, borclu "xxxx" MMC Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından hələ 2021-ci ilin sentyabr ayından məlumatlı olmuş və hətta icra işinin 14 vərəqədən ibarət təsdiq olunmuş surətini, o cümlədən, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərarını da iddia ərizəsinə əlavə etmişdir. Bu fakt həmçinin, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-2607/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən qətnamədə göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi “İcra haqqında Qanun”un 17.1.10-cu maddəsi rəhbər tutularaq icra sənədinin icrasının dayandırılması qərara alınmışdır. Bütün qeyd edilən faktlar borclu "xxxx" MMCnin icra şöbəsinin qərarından qanunla nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddətini çoxdan buraxdığını tam şəkildə sübuta yetirir. Həmçinin, borclu "xxxx" MMC şikayətində icra işinin dayandırılmasının onun maraqlarına toxunduğunu bildirsə də, bunu şikayətində bir cümlə ilə belə əsaslandıra bilməmişdir. Odur ki, borclu "xxxx" MMC-nin Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatın dayandırılması haqqında xx.xx.2019cu il tarixli qərarından verdiyi şikayət yuxarıda qeyd edilən səbəblərə görə əsassız olduğundan və qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti buraxılmaqla verildiyindən təmin olunmamalıdır. Ona görə də şikayətin təmin olunmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar nümayəndəsi və vəkili Vəkil1 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və təqdim olunmuş etirazı müdafiə edərək əlavə olaraq, izahatında göstərmişdir ki, tələbkara ödənilmiş 493 000 manat pul vəsaiti digər borclu X10 tərəfindən ödənilmiş, "xxxx" MMC tərəfindən ödənilməmişdir. Mübahisənin mahiyyətini təşkil edən mülki iş müxtəlif məhkəmə instansiyalarında müzakirə olunmuş və mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktları qəbul olunmuşdur. İcra sənədi üzrə tələbkar həmin tikilinin sökülməsini tələb etməyə bilər və bu, onun hüququdur. Hesab edir ki, tələbkar öz tələbindən istədiyi vaxt da imtina edə bilər. Hazırda, icra sənədi üzrə borclu qismində çıxış edən şəxslər “düşmən” münasibətindədir. İcra sənədinin icrası isə iki hissədən ibarət olmaqla pulun ödənilməsi və qanunsuz tikilinin sökülməsi hissələrindən ibarətdir. Tələbkar isə tikilinin sökülməsini istəmir. Tikilinin sökülməsi ilə onsuz da borcluya heç nə verilməyəcəkdir. Borclunun icra məmurunun qərarından vaxtında məlumatı var idi, icra məmuru məlumat vermiş, 500 000 manat ödəyən şəxs inzibati qaydada həbs olunmuş, digər inzibati xarakterli tədbirlər görülmüşdür. Bütün bunlardan borclunun məlumatı olmuş və icra işi ilə tanış olmuş, surətini də götürmüşlər. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 izahatında göstərmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixdə icraata qəbul olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsindən ərazi aidiyyəti üzrə göndərilmişdir. Belə ki, mübahisə predmeti olan daşınmaz əmlak Abşeron rayonu ərazisində yerləşir. İcra sənədi əvvəl icra məmuru İlyas Həsənovun icraatında olmuş, icraata başlanılmış, tərəflərə bildiriş göndərilmişdir. İcra sənədi üzrə tələbkar tərəfindən xx.xx.2019-cu il tarixdə “İcra haqqında Qanun”un 17.1.10-cu maddəsinə əsasən, icraatın dayandırılması xahiş olunmuş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Sözügedən qərar icra sənədi üzrə tələbkarın icraatın təzələnməsinə dair ərizə daxil olanadək qəbul olunmuşdur. Beləliklə də, icraat dayandırılmış, sonradan, icra işi onun icraatına daxil olmuş, icra sənədinin icra olunması ilə bağlı müraciət olunmuş və o, xx.xx.2022-ci il tarixli məktub əsasında icraatın dayandırılması ilə bağlı müvafiq qərarın olması barədə rəsmi məlumat vermişdir. Rəsmi müraciət ediləndən sonra qərar borclu tərəfindən məktubun tərtib edildiyi tarixdə qəbul edilmişdir. İcranın dayandırılması ilə bağlı qanunla konkret bir müddət nəzərdə tutulmamışdır. Tələbkar ərizəsində tikilinin bahalı olmasını əsas gətirərək həmin əmlakların sökülməsinin ona maddi ziyan vurmasını qeyd etmişdir. İcra sənədində sökülərək əvvəlki vəziyyətinə qaytarılması və 500 000 manat pul vəsaitinin ödənilməsi öhdəliyi qeyd olunmuşdur. Sözügedən ərizənin tələbkarın özü və ya nümayəndəsi tərəfindən təqdim edilib-edilməməsi barədə məlumatı yoxdur. İcraatın dayandırılması barədə qərardan rəsmi qaydada alındığı gündən 10 gün müddətində şikayət vermək hüququ vardır, lakin qeyd edir ki, sözügedən qərar icra məmuru olaraq, onun tərəfindən tərtib olunmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Tələbkar Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, tələbkar icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlaklar hesabına hətta tələbkarın borcunu belə bağlamağın mümkün olduğunu bildirmiş, bu səbəbdən də, həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırki müddətdə icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Tələbkar Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizəsində icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən, icraatın dayandırılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi “İcra haqqında Qanun”un 17.1.10-cu maddəsinin tələbləri əsasında icrasının dayandırılması qərara alınmışdır. -Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar "xxxx" MMC-nin və X6 cavabdeh Tələbkar qarşı cəmi 754213 manat məbləğində olan əmlakın-avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tl 518DM5A 1 ədəd (dəyəri 37 500 manat), forklift liuGong CLG2035H 1 ədəd (dəyəri 20 000 manat), notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270 348 ABŞ dolları), panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), qızdırıcı fen 2 ədəd (dəyəri 1346.40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12500 manat) və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırki bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022ci il tarixli 17/75-784/22-4N saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəməyə bu barədə məlumat verilmişdir. İş üzrə Tələbkar xx.xx.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin icra sənədinin icrasının “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən, dayandırılmağını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin icra sənədinin icrası icra məmurunun müvafiq qərarı ilə Qanunun 17.1.10-cu maddəsinə əsasən, dayandırılmışdır. İcra sənədinin icrasının davam etdirilməsi üçün iş üzrə tələbkarın Abşeron rayon İcra və Probasiya şöbəsinə icra işinin icrasının yenilənməsi barədə ərizə ilə müraciət etməsi vacibdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3603/2020 saylı qərarından görünür ki, cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni, iddianın cavabdeh X8 münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki; Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində "xxxx" MMC, X10 və X11 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Tələbkar mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlərdən müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644 000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200 000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500 000 manat olmaqla, cəmi 1 344 000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366 600 manat olmaqla, cəmi 1 710 600 manat pulun tutularaq iddiaçı Tələbkar verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər X10 və X6 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində "xxxx" MMC, X10 və X11 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500 000 manat pulun tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-4676/2019 saylı qərarı ilə iddiaçı Tələbkar kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-3603/2020 saylı qərardadı cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilmiş, cavabdeh "xxxx" MMC-nin Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmış, cavabdeh X6 Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxılması qərara alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-407/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh X6 apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi cavabdeh X8 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində X11 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X6 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Tələbkar mülkiyyətində olan torpaq sahəsinin cavabdeh X6 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X2 2013-cü ilin iyun ayında verilmiş 644 000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200 000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500 000 manat olmaqla, cəmi 1 344 000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366 600 manat olmaqla, cəmi 1 710 600 manat pulun tutularaq iddiaçıya verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir. -Tələbkar, borclu X10 və şahidlər X13, X9, X7, X3 tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclular X10 və "xxxx" MMC tərəfindən Tələbkar ödənilməli olan 500 000 manat pul vəsaitini 290 000 ABŞ dolları (məzənnəyə uyğun 1 ABŞ dolları = 1.70 manat hesablanmaqla cəmi 493 000 manat) və 7000 manat olmaqla xx.xx.2021-ci il tarixdə borclu X10 şahidlərin iştirakı ilə Tələbkar ödəmiş, Tələbkar həmin pul vəsaitini qəbul etmişdir. Tələbkar qəbul etmişdir ki, borclu şəxslərə qarşı Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə heç bir iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Eyni zamanda, tələbkar icra icraatına xitam verilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət etməyi öz öhdəsinə götürmüşdür. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 21.6. maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə ilkin olaraq, icra sənədi üzrə borclu "xxxx" MMC-nin qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında şikayət verməsinə hüquqi qiymət verərək qeyd edir: Belə ki, şikayət və şikayətə əlavə olunmuş materiallardan, icra sənədi üzrə tərəflərin və icra məmurunun izahatı əsasında müəyyən olunmuşdur ki, icraatın dayandırılması barədə qərar Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı tədqiq olunmuş icra işi materialları əsasında borclunun sözügedən qərarı rəsmi qaydada müraciətindən sonra xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi Ayaz Nuqaylının imzası ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli məktubu əsasında həmin tarixdə təhvil alması təsdiq olunmuşdur. Baxmayaraq ki, iş materiallarında olan borclu (iddiaçı) "xxxx" MMC-nin iddia ərizəsi üzrə çıxarılmış Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi əsasında tədqiq olunmuş mülki iş materiallarında icraatın dayandırılması barədə icra məmurunun qərarının olmasına rast gəlinsə də, borclunun sözügedən qərarı məhz rəsmi qaydada aldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən şikayət vermək hüququ yaranmışdır. Bununla da, həmin tarixdən 10 gün şikayət vermə müddəti hesablanmaqla, borclu xx.xx.2022-ci il tarix poçt zərfi əsasında həmin tarixdə şikayəti məhkəməyə təqdim etmiş və xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanasında qeydiyyata alınmaqla şikayət vermə müddəti ötürülməmişdir. Bu səbəbdən də, məhkəmə şikayətə müddət ötürülmədən mahiyyəti üzrə baxmaqda haqlıdır. “İcra haqqında Qanun”nun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, icra sənədi üzrə Tələbkar mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində borclular "xxxx" MMC, X10 və X11 tərəfindən inşa edilmiş özbaşına tikililərin borcluların öz hesabına sökülməklə torpaq sahəsinin həmin borcluların qanunsuz sahibliyindən və istifadəsindən geri alınması, torpaq sahəsinin tələbkarın sahibliyinə və istifadəsinə qaytarılması, eyni zamanda, 500 000 manat pul vəsaitinin müştərək qaydada tutulması qərara alınmış və bu barədə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli 2(105)- 329/2019 saylı qətnamə qəbul edilərək icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-407/2021 saylı qətnaməsi ilə tikilinin sökülərək torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, iddiaçının qanuni sahiblik və istifadəsinə verilməsi, həmçinin, 500 000 manat pul vəsaitinin tutulması öhdəlikləri cavabdeh X8 münasibətdə təmin edilməmişdir. İcra sənədi üzrə icra tədbirləri həyata keçirilmiş, lakin sökülməsi nəzərdə tutulan tikililərin sökülməsi çox qiymətli və bahalı olması səbəbindən Tələbkar ərizəsi əsasında icra sənədi üzrə icraat Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında “İcra haqqında Qanun”un 17.1.10-cu maddəsinə əsasən, dayandırılmışdır. Hazırda, icra sənədi üzrə borclu "xxxx" MMC icra sənədi üzrə icraatın dayandırılması barədə icra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. “İcra haqqında Qanun”un 17.1.10. maddəsinə əsasən, tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə aktı barəsində icra sənədi verilmiş və həmin icra sənədi üzrə icra hərəkətləri tələbkarın ərizəsi əsasında Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında dayandırılmışdır. “İcra haqqında Qanun”un: 19.1.7. maddəsinə əsasən, digər hallarda - icraatın dayandırılması səbəbləri aradan qalxanadək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat dayandırılır. 19.2. maddəsinə əsasən, icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Qanunun tələblərindən göründüyü kimi, icra haqqında qanunvericilik icra sənədi üzrə icra tədbirlərinin dayandırılması əsaslarını və müddətlərini, eyni zamanda, icra sənədi üzrə icraatın təzələnməsi əsaslarını müəyyən etmişdir. Hazırki şikayət və şikayətə əlavə olunmuş sənədlərdən göründüyü kimi, mülki iş üzrə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış icra sənədi üzrə icra hərəkətləri tələbkarın xx.xx.2019-cu il tarixli ərizəsi əsasında icra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə dayandırılmış və hazırda, həmin icra sənədi üzrə icraat təzələnməmişdir. Məhkəmə icra sənədi üzrə icra hərəkətləri ilə bağlı qeyd edir ki, hazırki icra işinin mahiyyətini torpaq sahəsində inşa edilmiş tikililərin "xxxx" MMC-nin və X10 tərəfindən sökülməklə torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması və torpaq sahəsinin tələbkarın qanuni sahiblik və istifadəsinə qaytarılmaqla 500 000 manat pul vəsaitinin tutulması təşkil edir. Şikayətə əlavə olunmuş Tələbkar, borclu X10 və şahidlər tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 500 000 manat pul vəsaiti xx.xx.2021-ci il tarixdə borclu X10 tərəfindən Tələbkar ödənilmiş, tələbkar isə həmin pul vəsaitini qəbul etməklə borclu şəxslərə qarşı icra sənədi üzrə heç bir iddiası, tələbinin olmadığı və gələcəkdə də olmayacağı, eyni zamanda, icra icraatına xitam verilməsinə dair ərizə ilə aidiyyəti üzrə icra şöbəsinə müraciət etməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, icra sənədinin bir qismi icra olunduğu halda tələbkarın icraatın təzələnməsi barədə ərizəsinin olmaması icra sənədinin digər bir qisminin icra olunmasını mümkünsüz edir. Tələbkarın nümayəndəsi və vəkilinin isə məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, tələbkar 500 000 manat pul vəsaitini almasına baxmayaraq, həmin borcun müştərək qaydasında tutulmasını tələb etmişdir. Halbuki, 500 000 manat pul vəsaitinin reqres qaydasında ödənilməsinə dair digər borclunun məhkəmə qaydasında müdafiə hüququ istisna deyildir. Məhkəmə qeyd edir ki, şikayətə əlavə olunmuş Tələbkar ərizəsindən göründüyü kimi, tələbkar sökülməsi nəzərdə tutulan tikililərin bahalı olması, həmin əmlaklar hesabına borcun bağlanmasının mümkünlüyünü, bu səbəbdən də həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırki müddətdə icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. İş materiallarından göründüyü kimi, icra məmuru tərəfindən icra hərəkətləri tələbkarın ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə dayandırıldığı halda və üç ildən artıq müddətdir ki, təzələnməsinə əsas olan halların müəyyən olunmaması icra sənədinin qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə əsassız şəkildə icra edilməməsi ilə nəticələnmiş olur. Eyni zamanda, məhkəmə qeyd edir ki, icra sənədi üzrə borclunun icraatın dayandırılması barədə qərarın ləğvinə dair şikayət verməsi tərəf olaraq onun da icra sənədinin icrasında marağının olmasını ehtiva edir, dolayısı ilə, borclunun sökülməsi nəzərdə tutulan tikililərin sökülməsi nəticəsində onun mülkiyyət hüququnun bərpa olunması ilə nəticələnəcəkdir. Başqa sözlə, qanunvericilik icraatın təzələnməsinin tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə mümkünlüyünü qeyd etsə də, məhkəmə qeyd edir ki, icra icraatının uzun müddət dayandırılması məhkəmə aktının da icrasını səmərəsiz və əhəmiyyətsiz edəcəkdir. Məhkəmə ərizəçi-borclunun təqdim etdiyi şikayət ərizəsində göstərilmiş dəlillər ilə icra sənədində irəli sürülmüş tələbləri uyğunlaşdıraraq qeyd edir ki, icra məmuru tərəfindən qəbul olunmuş qərar əsasında icraatın təzələnməsi zərurət təşkil etdiyindən şikayət əsaslıdır, ona görə də təmin edilməli, “icraatın dayandırılması barədə” xx.xx.2019cu il tarixli qərar ləğv edilərək icraat təzələnməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi-borclu "xxxx" MMC-nin şikayəti təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraat təzələnsin və icra hərəkətləri müafiq icra qurumu tərəfindən davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar