Məhkəmə qərarları › İş №8(012)-100/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-100/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-100/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-307/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq 12 iyun 2009-cu il təvəllüdlü X4, 02 iyul 2010-cu il təvəllüdlü X3 və 11 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, 450 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, 11 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla 450 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən təmin olunmamış, nəticədə 7000 manatdan artıq borcu yaranmışdır. Elektron İcra İnformasiya Sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ayda 150 manat məbləğində maaş alır, özünün maddi vəziyyəti kifayət etmədiyindən və Borclu sözügedən icra sənədi üzrə aliment borcunu ödəmədiyindən hazırda atası ona maddi cəhətdən kömək edir. Borclu icra məmurları tərəfindən dəfələrlə şöbəyə çağırılmış, lakin o, icra məmurlarının çağırışlarına məhəl qoymamış və öhdəliyini üzrsüz səbəbdən icra etməmişdir. Müvafiq məhkəmə qərarı əsasında Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq edilmiş, həmçinin o, 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında qeyd etdi ki, ona icra sənədi üzrə 17 ay müddətinə aliment borcu hesablanmışdır. Ancaq birgə nikahdan olan övladları - 12 iyun 2009-cu il təvəllüdlü X4, 02 iyul 2010-cu il təvəllüdlü X3 və 11 iyun 2013-cü il təvəllüdlü X2 5 ay ərzində onun yanında qalmış, aliment borcu hesablanarkən bu hal nəzərə alınmamışdır. Hesab edir ki, aliment düzgün hesablanmamışdır. Buna görə də o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1986-cı il təvəllüdlü, Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-307/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1986-cı il təvəllüdlü, Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar