Məhkəmə qərarları › İş №8(012)-106/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-106/2023

28.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-106/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Ərizəçi-Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Abşeron rayon İcra və Probasiya şöbəsinin qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-5738/2017 saylı əmrinə əsasən, Rəhimova (Gülmalıyeva) Aysel Murad qızından Tələbkar ASC-nin xeyrinə 733.84 manat əsas, 201.58 manat faiz borcu olmaqla, cəmi 935.42 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qərara alınmışdır. Ərizəçi-Tələbkar ASC şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 5738/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən, Rəhimova (Gülmalıyeva) Aysel Murad qızından Tələbkar ASC-nin xeyrinə cəmi 935.42 manat borc və 20 manat dövlət rüsumunun tutulması qərara alınmış və icra sənədi icra olunması üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət ünvanlanmış, icra şöbəsinin cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən, icra sənədi üzrə icraata “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar Tələbkar ASC-yə təqdim olunmamışdır. Bu səbəbdən, qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-5738/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə borclunun Tələbkar ASC-yə hazırki tarixə qalıq borcu 662.55 manat təşkil edir. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tərtib olunmamış, həmçinin, adıçəkilən akt tələbkara təqdim edilməmişdir. İcra şöbəsinə müraciətlər olunsa da qərar tələbkara təqdim edilməmişdir. Bu hal icra sənədinin icrasız qalmasına, borclunun məhkəmə qərarının icrasından yayınmasına səbəb olmaqdadır. Ona görə də göstərilənlərə əsasən, şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, Tələbkar ASC-yə olan borcundan ödənişlər etmiş, lakin ödəniş qəbzləri onda qalmamışdır. Tələbkarın tələb etdiyi borcla razılaşmır, belə ki, hesab edir ki, sözügedən məbləğdə borc qalmalı deyildir. İcra sənədinin yenidən icra edilməsini istəmir, lakin banka olan borcundan ödənişlərini edəcəkdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 17/xx-xx/2023-K saylı məktubundan görünür ki, Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli 15/55 saylı sorğusuna cavab olaraq Borclu barəsində çıxarılmış icra sənədi “İcra haqqında Qanun”un 23.1.3-cü maddəsinin tələblərinə əsasən geri qaytarılmışdır. -Tələbkar ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15/314 saylı arayışdan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-5738/2017 saylı əmri üzrə cavabdeh Borclu Tələbkar ASC-yə qalıq borcu 662.55 manat təşkil edir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-5738/2017 saylı əmrinə əsasən, Borclu Tələbkar ASC-nin xeyrinə 733.84 manat əsas, 201.58 manat faiz borcu olmaqla, cəmi 935.42 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qərara alınmış, sözügedən icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında Qanun”un: 4.1. maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. 4.2. maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. 4.3. maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. 23.1.3. maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, icra sənədinin icra edilmədiyi və ya qismən icra edildiyi hallarda icra sənədini vermiş məhkəməyə qaytarılması əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan biri də tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər olmadığı və yaxud həmin istiqamətdə görülmüş tədbirlər hər hansı bir nəticə vermədiyi hallarda mümkündür. Hazırki şikayət əsasında isə ləğv edilməsi xahiş olunan qərar məhz Qanunun 23.1.3-cü maddəsinin tələbləri əsasında geri qaytarılmışdır. “İcra haqqında Qanun”un: 43.1. maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 82.1. maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 84.1. maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. 84.2. maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun tələblərindən göründüyü kimi, icra sənədinin icrasını həyata keçirən icra məmuru öhdəliklər icra edilmədiyi təqdirdə məcburi icra tədbirlərinin ardıcıllığını həyata keçirir. Hazırki şikayət, şikayətə əlavə olunmuş sənədlərdən göründüyü kimi, borclu icra sənədinin icrasından yayınmamışdır ki, bu da məhkəmə iclasında iştirak etmiş borclunun izahatı ilə öz təsdiqini tapmış və bu hal icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması üçün əsas olmamışdır. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, icra məmuru icra sənədinin icra edilməsi istiqamətində bütün məcburi icra tədbirlərini görməmiş, tələbin yönəldiləcəyi əmlakın və gəlirin olması barədə aidiyyəti quruma, bank və ya kredit təşkilatlarına müraciət etməmiş və bu, məhkəmə araşdırması zamanı tədqiq olunmuş icra işi materialları əsasında da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə, Qanunun tələblərinə istinad edib şikayətə əlavə olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, məhkəmə aktının icrasına nəzarət məhkəmənin vəzifəsi olduğu kimi, icrasının həyata keçirilməsini təmin etmək də icra məmurunun vəzifəsidir. İcra sənədi üzrə icra tədbirlərinin bütünlüklə həyata keçirilməməsi icra sənədinin icrasını mümkünsüz edir ki, bu da dolayısı ilə məhkəmə aktının icrasını səmərəsiz və əhəmiyyətsiz edir. Bununla belə, tələbkarın mənafeyi nəzərə alınmaqla icra sənədinin icrasının həyata keçirilməsi istiqamətində icra məmuru tərəfindən icra hərəkətlərinin aparılmaması öz təsdiqini tapdığından Abşeron rayon İcra və Probasiya şöbəsinin Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-5738/2017 saylı icra sənədi əsasında qəbul olunmuş “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə geri qaytarılması” barədə qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi-Tələbkar ASC-nin şikayəti təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-5738/2017 saylı icra sənədi əsasında qəbul olunmuş “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə geri qaytarılması” barədə qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar