Məhkəmə qərarları › İş №8(012)-107/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-107/2023

03.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-107/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin “İcraata xitam verilməsi haqqında” 2019cu il tarixli qərarından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-6949/2015 saylı məhkəmə əmrinə əsasən, Borclu 2188.74 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Abşeron rayon İcra və Probasiya şöbəsinin “İcraata xitam verilməsi haqqında” 2019-cu il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-6949/2015 saylı məhkəmə əmrinə əsasən, cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə 2188.74 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Tələbkar "xxxx" ASC tərəfindən icra şöbəsinə icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət ünvanlanmış, icra şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən, icra sənədi üzrə icraata “İcra haqqında” Qanunun 20.1.5ci maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkara təqdim olunmamışdır. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Lakin hazıradək xitam qərarı tələbkara təqdim olunmadığından qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. "xxxx" ASC tərəfindən işin icrası ilə bağlı əvvəlki tarixlərdə də icra şöbəsinə müraciət olunmuş, həmin müraciətə icra qurumu tərəfindən münasibət bildirilməmişdir. Həmçinin, tələbkar tərəfindən Abşeron rayon İcra şöbəsinə məhkəmə əmri üzrə tələbin tam icra olunduğuna dair hər hansı məlumat verilməmişdir. Hazırki tarixə borclunun banka olan borcu 1079.65 manat təşkil edir. Ona görə də şikayətin təmin olunması barədə qərardad qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə şikayəti qəbul edərək izahatında göstərmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı qəbul etmiş icra məmuru 3 ildən artıq müddətdir ki, vəfat etmişdir. Qeyd olunan icra sənədi Fərmanın təsiri altına düşdüyündən qəbul olunmuş, lakin düzgün qərar qəbul edilməmişdir. Ona görə də şikayətin təmin olunmasına etiraz etməmişdir. İcra sənədi üzrə tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə icra məmurunun izahatını dinləyib, şikayət ərizəsini, şikayətə əlavə olunmuş sənədləri tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda icra məmuru müvafiq qərar qəbul edir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon İcra və Probasiya şöbəsinin 2019-cu il tarixli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-6949/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsiri altına düşdüyündən «İcra haqqında» Qanunun 20.1.5 və 20.2ci maddələri rəhbər tutularaq icra sənədinə xitam verilmişdir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 15/320 saylı arayışından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-6949/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri üzrə Borclu banka qalıq borcu 1079.65 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-6949/2015 saylı məhkəmə əmrinə əsasən, Borclu cəmi 2188.74 manat borc və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək ünvan üzrə tərəflərə göndərilmişdir. Sözügedən icra sənədi üzrə borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin tələbkar tərəfindən borclunun kredit müqaviləsi üzrə banka olan borc məbləği tam ödənilmədiyindən və icraata xitam verilməsinə əsaslar olmadığından icra sənədi üzrə icra şöbəsinin qərarının ləğv edilərək icra sənədinin icra olunması üçün yenidən icra şöbəsinə qaytarılması məhkəmədən xahiş olunmuşdur. “İcra haqqında Qanun”un 20-ci maddəsinin tələblərinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icraata xitam verilməsi əsası kimi borclunun kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsi olmuşdur. Beləliklə də, göstərilən əsas qanunvericiliyin tələblərinə uyğun deyildir ki, bununla da, tələbkarın həmin qərardan şikayət vermək hüququ yaranmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmandan görünür ki, Fərmanın 6-cı bəndində nəzərdə tutulmuş göstərişlər imperativ xarakterli olmadan tövsiyyə xarakteri daşıyır. Göründüyü kimi, tələbkar tərəfindən kredit müqaviləsi üzrə faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasına dair tədbirlər görülməmiş və yaxud borclu ilə güzəştli kredit müqaviləsinin bağlanması təklifi ilə çıxış edilmədiyi halda icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir ki, bu da tələbkarın maddi mənafeyi ilə ziddiyyət təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Beləliklə də, məhkəmə aktlarının icra edilməsi icra məmurunun vəzifəsi olduğundan, icra sənədi üzrə tələbkarın mənafeyi nəzərə alınmaqla, qeyd olunan icra sənədi ilə bağlı icra məmuru tərəfindən icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” 2019-cu il tarixli qərarı ləğv edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-6949/2015 saylı icra vərəqəsi üzrə icraat təzələnsin və icra hərəkətləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar