Məhkəmə qərarları › İş №8(012)-119/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-119/2023

03.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-119/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin «İcraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon 2 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 8İ-7779 saylı icra qeydinə əsasən, Borclu 141.31 manat borcun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Abşeron rayon İcra və Probasiya şöbəsinin «İcraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 8İ-7779 saylı icra qeydinə əsasən, Borclu 141.31 manat borcun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Tələbkar "xxxx" ASC tərəfindən icra şöbəsinə icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət ünvanlanmış, icra şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən, icra sənədi üzrə icraata “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkara təqdim olunmamışdır. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Lakin hazıradək xitam qərarı tələbkara təqdim olunmadığından qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. "xxxx" ASC tərəfindən işin icrası ilə bağlı əvvəlki tarixlərdə də icra şöbəsinə müraciət olunmuş, həmin müraciətə icra qurumu tərəfindən münasibət bildirilməmişdir. Həmçinin, tələbkar tərəfindən Abşeron rayon İcra şöbəsinə məhkəmə əmri üzrə tələbin tam icra olunduğuna dair hər hansı məlumat verilməmişdir. Hazırki tarixə borclunun banka olan borcu 1079.65 manat təşkil edir. Ona görə də şikayətin təmin olunması barədə qərardad qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə şikayəti qəbul edərək izahatında göstərmişdir ki, icra məmuru icra sənədi üzrə tələbkarın bütün işlərində əvvəlcədən məhkəməyə ödədikləri dövlət rüsumunu borcludan tələb edir. Məhkəmə aktında dövlət rüsumunun borcludan tutulması öz əksini tapır. İcra sənədi üzrə icra mərhələsində dövlət rüsumunun borcludan tutulması təmin edilir. Borcun tələb edilməsi zamanı bəzi hallarda borclu şöbəyə yaxınlaşmadan telefon vasitəsilə borcunun olduğunu bildirir, banka yaxınlaşaraq borcun ödənilməsi barədə qəbzi təqdim edir. Qəbzə baxan zaman borcun ödənilməsi müəyyən ediləndən sonra icraata xitam verilir. Hazırki işlər üzrə şikayətlər daxil olandan sonra araşdırılma aparılmış və müəyyən edilmişdir ki, dövlət rüsumları bankın başqa bir bank hesabına ödənilir. Halbuki, bu barədə tələbkar rəsmi şəkildə hər hansı bir məlumat verməmişdir. Adətən, icra vərəqələrində rekvizitlər göstərilir, lakin icra qeydində bu, öz əksini tapmamışdır. İcra sənədinə baxan zaman borc müəyyən edilir və borcludan tələb olunur. Müəyyən problemlər ortaya çıxır ki, borclu bəzən özü deyil, başqa bir şəxsi göndərərək borcun ödənilməsini təmin etdirir. Halbuki, banka pul ödənilən zaman borclunun adı deyil, pulu ödəyən şəxsin adı qeyd olunur. Bank tərəfindən borcun nəzərə alınmaması səbəbi güman ki, bu, ola bilər. Halbuki, hesab edir ki, borc tam şəkildə ödətdirilmiş və icraata xitam verilmişdir. Ona görə də şikayətin təmin olunmasına etiraz etməmişdir. İcra sənədi üzrə tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə icra məmurunun izahatını dinləyib, şikayət ərizəsini, şikayətə əlavə olunmuş sənədləri tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda icra məmuru müvafiq qərar qəbul edir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 8İ-7779 saylı icra qeydi üzrə icraata borc məbləği borclu tərəfindən tam şəkildə ödənildiyindən icra sənədinə xitam verilmişdir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 15/319 saylı arayışından görünür ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 8İ-7779 saylı icra qeydi üzrə Borclu banka qalıq borcu 20 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, X1 tərəfindən dövlət rüsumuna görə xx.xx.2022-ci il tarixdə saat 12:21-də 20 manat pul vəsaiti ödənilmişdir. -xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Borclu tərəfindən borc ödənişi olaraq "xxxx" ASC-nin hesabına xx.xx.2022-ci il tarixdə saat 12:07-də 122 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 8İ-7779 saylı icra qeydinə əsasən, Borclu cəmi 141.31 manat borc və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək ünvan üzrə tərəflərə göndərilmişdir. Sözügedən icra sənədi üzrə borc məbləği borclu tərəfindən tam şəkildə ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin tələbkar tərəfindən borclunun kredit müqaviləsi üzrə banka olan borc məbləği tam ödənilmədiyindən və icraata xitam verilməsinə əsaslar olmadığından icra sənədi üzrə icra şöbəsinin qərarının ləğv edilərək icra sənədinin icra olunması üçün yenidən icra şöbəsinə qaytarılması məhkəmədən xahiş olunmuşdur. “İcra haqqında Qanun”un 20-ci maddəsinin tələblərinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icraata xitam verilməsi əsası kimi borclunun kredit borcunun tam şəkildə ödənilməsi olmuşdur. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, icra qeydinə əsasən, 141.31 manat pul vəsaitinin banka ödənilməsi qərara alınmışdır ki, həmin pul vəsaitinin 20 manat hissəsini də dövlət rüsumu təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş icra işi materiallarından görünür ki, borclu X2 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:07-də 122 manat pul vəsaiti, 20 manat dövlət rüsumu isə X1 adlı şəxs tərəfindən saat 12:21 radələrində ödənilmişdir ki, məhkəmə təcrübəsində borcun ödənilməsinin təmin edilməsi istiqamətində borc ödənişinin sırf borclu tərəfindən deyil, başqa şəxs tərəfindən də ödənilməsinə rast gəlinir. Burada da əsas məqsəd borcun tam şəkildə ödənilməsidir. Bu səbəbdən də, məhkəmə təqdim olunmuş ödəniş qəbzlərini mötəbər sübut növü kimi qəbul edib icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qanunvericiliyin tələblərinə uyğun formada qəbul edilməsi qərarına gəlir. Belə ki, müqavilə tərəfini əlverişsiz şəraitə salmaqla onun üzərinə maliyyə yükünün qoyulması qanunvericilikdən və müqavilə azadlığından sui-istifadədir. Ona görə də şikayət əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin «İcraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar