Məhkəmə qərarları › İş №8(012)-122/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-122/2025

25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-122/2025 25.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi-borclu X2 iştirakı ilə, Ərizəçi-borclu X2 Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 262/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-262/2024 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilmiş, Tələbkar ilə X4 arasında xx.xx.2014-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 620 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası Tələbkar yanında saxlanılması, cavabdeh X1 iddiaçı Tələbkar xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması, cavabdeh X1 ona məxsus LG markalı 1 ədəd televizor özü, özü olmadıqda 1000 manat pul vəsaiti, 55 qram 750 əyarlı İtaliya istehsalı olan ağ qızıl kolye (sırğa üzük, qolbağı) qızıl-ziynət əşyasının özü, özü olmadıqda isə dəyəri olan 6000 manat pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. Ərizəçi-borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar xeyrinə ondan LG markalı 1 ədəd televizor özü, özü olmadıqda 1000 manat pul vəsaiti, 55 qram 750 əyarlı İtaliya istehsalı olan ağ qızıl kolye (sırğa üzük, qolbağı) qızıl-ziynət əşyasının özü, özü olmadıqda isə dəyəri olan 6000 manat pul vəsaitinin verilməsilə bağlı borcunun hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi-borclu X4 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar iddiası qismən təmin edilmiş, ondan iddiaçı Tələbkar xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərimin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulması, ondan LG markalı 1 ədəd televizor özü, özü olmadıqda 1000 manat pul vəsaiti, 55 qram 750 əyarlı İtaliya istehsalı olan ağ qızıl kolye (sırğa üzük, qolbağı) qızıl-ziynət əşyasının özü, özü olmadıqda isə dəyəri olan 6000 manat pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, qeyd olunan qətnamənin könüllü icrası barədə icra məmuru tərəfindən ona xəbərdarlıq edilmiş, lakin o, borcu tam ödəməyə maddi imkanı olmadığını bildirib, borcu hissə-hissə ödəyə biləcəyini bildirsə də, icra məmuru onun dediyi məbləğin az olduğunu, borcunu daha çox məbləğdə ödəməli olduğunu, əks təqdirdə barəsində məcburi icra tədbirləri görəcəyini bildirmişdir. Ona görə də qətnamənin hissə-hissə icrası barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, penitensiar xidmətdə işləyir və dövlətdən aylıq maaş alır. Aldığı maaş miqdarı 800 manat civarındadır. Həmin maaşdan azyaşlı uşağına 232 manat aliment, 500 manat banka olan kredit borcuna görə ödəyir. Qalan məbləğ isə özünün zəruri ehtiyaclarını ödəməyə belə kifayət etmir. Ona görə də qətnamədə qeyd olunan məbləği tam şəkildə ödəmək iqtidannda deyildir. Belə bir halda, barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülərsə, yəni cərimə olunarsa, bu onun vəziyyətini daha da çətinləşdirəcək və uşağa görə aliment ödəmək imkanından da məhrum olacaqdır. Ona görə də ərizənin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi-borclunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İşin məhkəmə iclasında araşdırılması zamanı Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-262/2024 saylı qətnaməsinin icrasına əngəl törədən və borclu X4 üçün əlverişsiz olan hallar öz təsdiqini tapmamış və məhkəmə borclunun ərizəsində istinad etdiyi halları qətnamənin hissə-hissə icrası üçün müstəsna hal kimi qəbul etməməklə yanaşı, tələbkarın mənafeyini nəzərə alaraq ərizənin rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, icra sənədinin hissə-hissə icra edilməsi barədə tələbkarın razılığının olmaması və icra sənədinin hissə-hissə icra edilməsi tələbkarın icra müddətini uzun müddət ərzində gözləyəcəyi ilə nəticələnəcəyindən ərizə əsassızdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndinə əsasən, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi-borclu X2 Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 262/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar