Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-123/2024 01.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Abşeron Rayon İcra və probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan tələbkar Bank of Baku ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Tələbkar ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında ” qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Tələbkar ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Tələbkar ASC şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Tələbkar ASC-nin şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli və onunla bağlı 24 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilməsi və qərardadın təsviriəsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2840/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 7428.53 manat tutularaq tələbkar Bank of Baku ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcra sənədi borclunun əmək haqqından tutulması üçün borclunun iş yeri olan Promart MMC-yə göndərilmişdir. Promart MMC-nin Abşeron Rayon İcra vəProbasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən icra sənədi üzrə pul məbləğinin borclunun əmək haqqından tutularaq tam ödənildiyi bildirilsə də təqdim edilən hesabdan çıxarış və maliyyə arayışından aydın görünür ki, icra sənədi üzrə Bank of Baku ASC-yə ödənilməli olan məbləğ tam şəkildə tutulmamışdır və borc hələ də açıqdır. Qərarda xitam verilməsinə səbəb kimi İmişli Rayon Məhkəməsinin 2(036)-2643/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsas götürülmüşdür. 1-ci məsələ ondan ibarətdir ki, Tələbkar Bank of Baku ASC olan 2-012-2840/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu qismində yalnız Borclu çıxış edir və borcu ödəmək öhdəliyi yalnız onun üzərinə qoyulmuşdur və qəbul olan icra sənədinin preyudisiallığı mübahisə olunmamalıdır. İmişli Rayon məhkəməsinin müvafiq qətnaməsi Abşeron rayon məhkəməsinin tam icra olunmasına mane ola bilməz. Təsadüfi deyil ki, İmişli rayon məhkəməsinin qətnaməsində Banka olan borcun ödənilməsi məsələsinə və bu barədə 2017-ci il qətnaməsinə toxunulmur. Qərarda qeyd olunur ki, Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərininşikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Göründüyü kimi, məhkəmə sistemində belə bir boşluğun yaranması məhkəmə qərarının məcburi qaydada icrasında yayınmağa şərait yaradır. Yəni, 2017-ci ildə qəbul olunmuş məhkəmə qərarının icrası 2022-ci ildə başqa rayon məhkəməsinin qəbul etdiyi qərarla tam icra olunmur və icra olunmasına xitam verilir. Belə olan halda tələbkar eyni mübahisə üzrə məhkəmə qərarı olduğu halda yenidən başqa şəxsdən kredit üzrə öhdəliyin icrasını tələb etməli olur ki, qanunla bu hal istər sübutetmə prinsipi istər iddia müddəti baxımından mümkün deyildir. Əgər icra məmuru İmişli rayon məhkəməsinin müvafiq qərarını əsas götürürsə o halda o icraata borc bağlanmamış xitam vermək əvəzinə borcu şəxs kimi digər tərəfi qəbul etməli idi ki, bu hal da qanunla mümkün deyildir. Hesab edir ki, Abşeron rayon məhkəməsi məhkəmə qərarlarının preydusiallığını nəzərə almamışdır və ərizə bu əsasla qanunsuz olaraq təmin etməmişdir. Ona görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2-012-2840/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 7428.53 manat tutularaq tələbkar Bank of Baku ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcra sənədi borclunun əmək haqqından tutulması üçün borclunun iş yeri olan Promart MMC-yə göndərilmişdir. Promart MMC-nin Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən icra sənədi üzrə pul məbləğinin borclunun əmək haqqından tutularaq tam ödənildiyi bildirilmişdir. İcra məmuru xx.xx.2023-cü il tarixli qərarla iş üzrə icraata xitam vermiş və bununla bağlı İmişli Rayon Məhkəməsinin 2(036)- 2643/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsas götürülmüşdür. Həmin qətnaməyə əsasən birgə nikah dövründə yaranmış borc öhdəlikləri ½ hissədə bölünmüşdür. “İcra haqqında” Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Bununla yanaşı həmçinin o da qeyd olunmalıdır ki, icraata xitam verilməsinin əsası kimi İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X1 ilə Borclu arasında birgə nikah dövründə yaranmış borc öhdəliklərinin ½ hissədə bölündüyü göstərilmişdir. Belə ki, xitamın əsaslarını və qaydasını tənzimləyən həmin Qanunun 20.1.5-ci maddəsində icra sənədi üzrə icraata xitamın əsası kimi icra sənədinin tam icra olunduğu təsbit edilmişdir. Mövcud icra sənədi üzrə borclu qismində isə yalnız Borclu çıxış etmiş və bu öhdəliyin icrasıda məhz onun üzərinə qoyulmuş, lakin həmin icra sənədi üzrə borc öhdəliyi tam şəkildə icra olunmamışdır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (Mülki Məcəllənin 387.3, 528-ci maddələri). Qanunun mənasına görə öhdəliklər bir qayda olaraq onda iştirak edən konkret tərəflər arasında hüquq və vəzifələr yaradır. Bunun üçün də öhdəlik tərəf kimi iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Öhdəliyin icrası borclunun öz kreditorun xeyrinə qanunun tələblərinə və öhdəliyin bütün şərtlərinə əməl etməklə onun predmetini təşkil edən konkret bir hərəkətdən çəkinməsindən ibarətdir. Qüvvədə olan məhkəmə aktı ilə icra sənədi üzrə tərəf olmayan Elçin Hüseynovla borclu arasında öhdəliklərin bərabər şəkildə bölünməsi məhkəmə qərarına əsasən əmələ gələn tələb üzrə Borclu öhdəliyinin xitamına səbəb ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Abşeron Rayon İcra və probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardadı ləğv edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-123/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-123/2024
01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver