Məhkəmə qərarları › İş №8(012)-126/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-126/2025

06.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-126/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1, Maraqlı şəxs böyük icra məmuru Qəribağa Mirhəşimovun iştirakı ilə, X1 Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayət ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli, 2(012)-4381/2015 saylı qətnaməsi ilə ondan 16283,16 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq “Bank VTB (Azərbaycan)” ASCnin xeyrinə ödənilməsi, ödəmənin “Seat Toledo-minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönləndirilməsi qət edilmişdir. Qətnamə onun ünvanına çatmamış və qətnamə icraya yönəldilməmiş 2015-ci ilin noyabr ayında bankın işçiləri yaşadığı ünvana gələrək avtomobili ondan alaraq aparıb öz dayanacaqlarında saxlamışdırlar. Bu işlə bağlı 2015-ci ilin dekabr ayının əvvəllərində icra məmuru onu ilk dəfə icra şöbəsinə çağırıb bildirmişdir ki, avtomobilin hərraca çıxarılıb satılması üçün təhvil verilməlidir. O isə icra məmuruna bildirmişdir ki, avtomobili qətnamə ona gəlib çatmadan bank işçiləri ondan alaraq öz dayanacaqlarına aparmışdırlar. Avtomobili banka verdiyinə görə icra məmuru ona öz razılığını bildirmiş və ondan hər hansı bir sənəd tələb etməmişdir. Həmin avtomobil bir neçə il sonra təxminən 2017-ci ilin sonlarında hərraca çıxarılaraq 10900 manata satılmışdır. Avtomobilin satışından əldə edilən məbləğ borcu tam ödəmədiyinə görə daha sonra, yəni 2024-cü ilin oktyabr ayının 10-da mobil telefonuna qalıq məbləği ödəməsi üçün icra şöbəsindən SMS bildiriş gəlmişdir. O, SMS bildirişini əldə etdikdən dərhal sonra xx.xx.2024-cü il tarixdə qohumlardan borc alaraq banka gedib qalıq məbləği də ödəyib borcunu tam bağlamışdır. Ödəniş edərkən bank 16700 manat məbləğin 85%-ini güzəşt edərək 2560 manat ödəniş etmişdir. Beləliklə, ümumi olaraq banka 13460 manat ödəyərək borcunu tam bağlamışdır. Bank ona krediti tam ödəməsi barədə xx.xx.2024-cü il tarixli ödəniş qəbzi və arayış vermişdir. Ödənişin səhəri günü, yəni xx.xx.2024-cü il tarixində icra şöbəsinə gedərək ödəniş qəbzini və arayışı bu işə baxan İbrahim adlı icra məmuruna vermişdir. Bununla yanaşı “Bank VTB (Azərbaycan)” ASC də xx.xx.2024-cü il tarixdə icra şöbəsinə krediti tam ödəməsi ilə bağlı məktub göndərərək işə xitam verilməsini xahiş etmişdir. Həmin vaxtdan 4 ay sonra xx.xx.2025-ci il tarixində yaşadığı ünvana poçt vasitəsilə Maraqlı şəxsndən məcburi icra ödənişi haqqında qərar gəlmişdir. Qərarda könüllü olaraq icra edilmiş qətnamənin icra edilməmiş kimi göstərilərək, 10 gün müddətində icra olunmadığı təqdirdə 7 faiz həcmində icra ödənişinin alınması haqqında qərar qəbul edilmişdir. Bu işlə bağlı icra məmurunun ondan iki qanuni tələbi olmuşdur. Birincisi, avtomobilin təhvil verilməsi, ikincisi isə qalıq məbləğin ödənilməsi. O, hər ikisini də gecikdirmədən yerinə yetirmişdir. Qeyd edir ki, “Bank VTB (Azərbaycan)” ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan da göründüyü kimi onun xarici valyutada olan krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına düşmüşdür. Qeyd edir ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərarı əsassızdır və o, həmin qərardan narazıdır. Belə ki, qərarda da qeyd edildiyi kimi borclu şəxs qanunda nəzərdə tutulmuş könüllü müddət ərzində məhkəmə qərarını icra etməzsə, tələb olunan məbləğin 7 faiz həcmində məcburi icra xərci alınmalıdır. O isə icra şöbəsinin göndərdiyi SMS-dən və banka ödədiyi ödəniş qəbzindən də göründüyü kimi ödənişi vaxtında ödəyib borcunu bağlamışdır. İcra məmuru isə bu halları nəzərə almayaraq onun barəsində qanunsuz və əsassız olaraq xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Nəzərə çatdırır ki, o, özü X7 veteranıdır və 80 manat veteran təqaüdündən başqa gəliri yoxdur. Odur ki, hesab edir ki, xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərar ləğv edilməlidir. Bildirir ki, onun avtomobil ilə bağlı hərracın keçirilməsi barədə məlumatı olmuşdur. Bank tərəfindən ona hesablanmış borc məbləği silinmədiyindən o, Azərbaycan Respublikası Hesablama Palatasına müraciət etmişdir. Qətnamədə ondan qalıq məbləğin alınması nəzərdə tutulmamışdır. O, icra məmurundan ona hazırki məsələ ilə bağlı rəsmi sənəd verilməsini tələb etsə də icra məmuru tərəfindən ona SMS bildiriş göndərilmişdir. İcra məmuru məcburi icra ödənişi haqqında qərarı icra sənədi icra edildikdən sonra qəbul etmişdir, halbuki qanunda icra sənədi icra edildikdən sonra borcludan 7 faiz həcmində məcburi icra ödənişinin alınması və bununla bağlı qərar qəbul edilməsi nəzərdə tutulmamışdır. Həmçinin icra məmuru sözügedən qərarda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun iki maddəsinə istinad etmişdir ki, həmin maddələrdən biri olan 78.5-ci maddə ləğv edilmişdir. İcra şöbəsi tərəfindən ona göndərilmiş SMS bildirişlər icra ödənişinin edilməsi barədə deyil, onun icra şöbəsinə çağırılması ilə bağlı göndərilmiş bildirişlərdir. Qeyd olunanlara əsasən o, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli, 2(012)-4381/2015 saylı qətnaməsində göstərilən “Seat Toledo-minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil hərraca çıxarılmış, bundan sonra X1 borcundan müəyyən hissəsi çıxılmışdır. Avtomobil hərraca çıxarılıb satıldıqdan sonra yenə də ərizəçinin borcu qalmışdır. Maraqlı şəxs tərəfindən ərizəçi Fikrət İsmayılova 2022-ci ildə, həmçinin hərrac ilə bağlı olaraq SMS bildiriş göndərilmiş, ərizəçi borcunu ödəməsi barədə 2022-ci ilin aprel ayında icra şöbəsinə çağırılmışdır. Ərizəçi icra şöbəsində olmuş, daha sonra maşını könüllü şəkildə banka təhvil vermişdir, lakin avtomobilin hərracda satış qiyməti ərizəçinin 16000 ABŞ dolları məbləğində borcunun ödənilməsinə kifayət etməmişdir. Ərizəçinin qeyd etdiyi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsir dairəsi dekabr ayına kimi olsa da buna baxmayaraq ərizəçiyə mütəmadi olaraq SMS bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən o, X2 tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli, 2(012)- 4381/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2014-cü il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə yaranmış 14662,05 ABŞ dolları məbləğində əsas borcun, 1538,51 ABŞ dolları məbləğində faiz borcunun, 82,60 ABŞ dolları məbləğində cərimənin, cəmi 16283,16 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun X3 alınaraq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş “Seat Toledo-minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitdən 16283,16 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh X5 verilməsi qət edilmişdir. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5198 nömrəli arayışdan görünür ki, X4 “Bank VTB (Azərbaycan)” ASC-yə 05 avqust 2015-ci il tarixli, 127636-CNS-6152/1 saylı Avtomobil girovlu kredit müqaviləsi üzrə olan borcu ödənilmişdir və onun bank qarşısında ödənilməmiş öhdəliyi qalmamışdır. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC tərəfindən Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 4148 nömrəli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-4381/2015 saylı, 07 oktyabr 2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən borclu X6 “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı olan borc tələbini xx.xx.2024-cü il tarixində tam icra etdiyindən “Bank VTB (Azərbaycan)” ASC “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-4381/2015 saylı, 07 oktyabr 2015-ci il tarixli məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4381/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin könüllü icrası üçün borcluya verilmiş 10 gün müddətində icra təmin olunmadığı təqdirdə, X6 tərəfindən ödənilməli olan cəmi 16283,16 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun 7 faiz icra ödənişinin (1939,79 manatın) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs kitabı (2086871; VÖEN; **********, Səviyyə kodu 7, hesab nömrəsi; AZ06CTRE********************) hesabına tutulması qərara alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli, 2(012)-4381/2015 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2014-cü il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə yaranmış 14662,05 ABŞ dolları məbləğində əsas borcun, 1538,51 ABŞ dolları məbləğində faiz borcunun, 82,60 ABŞ dolları məbləğində cərimənin, cəmi 16283,16 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun X3 alınaraq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş “Seat Toledominik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitdən 16283,16 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh X5 verilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamə əsasında verilmiş icra vərəqəsi icra olunması üçün 09 noyabr 2015-ci il tarixdə Maraqlı şəxsnə göndərilmiş, 16 noyabr 2015-ci il tarixdə Maraqlı şəxsndə icraata qəbul edilmiş, icra sənədinin icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Lakin hazırda X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2025ci il tarixli məcburi icra ödənişi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin hazırki işlə əlaqədar məhkəməyə təqdim olunmuş icra işi materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4381/2015 saylı, 09 noyabr 2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş lazımi icra tədbirləri görülmüş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4381/2015 saylı, 09 noyabr 2015-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə X2na məxsus “Seat Toledo-minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı hərracın keçirilməsi barədə 04 oktyabr 2017-ci il tarixdə sifariş göndərilmiş, avtomobilin ilkin bazar qiyməti 10000 manat məbləğində müəyyən edilmiş, 13 noyabr 2017-ci il tarixli, 224 nömrəli X8 Protokolundan göründüyü kimi avtomobil hərraca çıxarılaraq 10900 manata satılmışdır. Avtomobil hərracda satıldıqdan sonra avtomobilin satış qiyməti Abşeron Rayon Məhkəməsinin 2(012)-4381/2015 saylı, 09 noyabr 2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsinə kifayət etmədiyindən Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə məcburi icra ödənişi haqqında qərar qəbul edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4381/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin könüllü icrası üçün borcluya verilmiş 10 gün müddətində icra təmin olunmadığı təqdirdə, X6 tərəfindən ödənilməli olan cəmi 16283,16 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun 7 faiz icra ödənişinin (1939,79 manatın) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs kitabı (2086871; VÖEN; **********, Səviyyə kodu 7, hesab nömrəsi; AZ06CTRE********************) hesabına tutulması qərara alınmış, X2 isə sözügedən icra sənədinin könüllü icrası üçün ona verilmiş 10 gün müddətində borcunu ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X1 Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar