Məhkəmə qərarları › İş №8(012)-128/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-128/2022

11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-128/2022 11.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-4214/2020 saylı, 05.11.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu iki uşağın saxlanılması üçün hər ay cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. 24.02.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4214/2020 saylı, 05.11.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu iki uşağın saxlanılması üçün hər ay cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi 13.11.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu fiziki şəxs icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Həmçinin tələbkara olan borcundan heç bir ödəniş etməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də Abşeron rayon məhkəməsinin 2(012)-4214/2020 saylı 05.11.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikası hüdudlarından getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında borclunun 1300 manatdan çox aliment borcu olduğu halda yalnız 300 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, onun himayəsində sağlamlığında problemi olan yaşlı anası və atası var. O, hər ay davamlı şəkildə aliment ödəyir, yaranmış borc isə yalnız pandemiya dövrünə təsadüf etmişdir ki, həmin dövrdə də maddi çətinlikləri olmuşdur. Onun adına hər hansı bir əmlak yoxdur, maddi vəziyyəti isə yaxşı deyil. Özü taekvando idmanı üzrə müəllim olduğundan tez-tez ölkə xaricinə çıxır. İcra sənədi üzrə icra məmuru məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki halda təqdimat əsaslandırılmamış, iş materiallarına borclu şəxsin ölkədən kənara getməsini təsdiq edəcək heç bir mötəbər sübut əlavə olunmamış, subyektiv mülahizə əsasında şəxsin hüquqlarının məhdudlaşdırılması xahiş olunmuşdur. Belə ki, icra sənədinin icrası məqsədi ilə borclunun əmlakı barədə məlumatın müvafiq dövlət orqanlarına və banklara sorğu göndərməklə alınması, borclu barəsində axtarış qərarının verilməsi və qanunvericiliyin tələbinə əsasən digər məcburi icra tədbirləri həyata keçirilməmişdir. İcra məmuru tərəfindən təqdimata əlavə edilmiş sənədlər əsasında borclunun mülkiyyətində daşınar əmlak olduğu halda həmin əmlak üzərinə həbs qoyulmasına dair icra tədbiri görülməmiş və ya görüldüyü halda buna dair əsaslı sübut təqdimata əlavə olunmamış, birbaşa olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilmişdir. Buradan da görünür ki, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icrası ilə əlaqədar bütün lazımi icra tədbirlər tam olaraq görülməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan icra hərəkətləri görülmədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması və həmin məhdudlaşdırma daha ciddi icra hərəkəti hesab olunduğundan təqdimat təmin edilməməlidir. Sərbəst hərəkət etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi ilə müəyyən edilmiş azadlıq hüququnun tərkib hissəsi olaraq vətəndaşların əsas hüquqlarına daxildir. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşın əsas konstitusion hüquqlarından olan sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin oluna bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar