Məhkəmə qərarları › İş №8(012)-133/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-133/2025

27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-133/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-3257/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə Tələbkar ərizəsinə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3257/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş hər ay 170 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3257/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bundan əlavə, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Övladının maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Tələbkar ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. İcra sənədi üzrə borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəyə MPM-nin 232.2-ci maddəsinə görə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3257/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia tələbi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-1368/15 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3257/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 170 manat sabit məbləğdə aliment tutulması qərara alınmışdır. Hazırda isə tələbkar ərizə ilə məhkəməyə müraciət edərək bu məbləğin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsini xahiş edir. Ailə Məsələsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddənin məzmunundan göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 saylı 20 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-2-ci bəndinə əsasən məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, Ailə Məsələsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulması həyata keçirən təşkilatın müdiriyyəti (borculunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanuvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 saylı 20 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının “8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” İş materiallarından görünür ki, ərizəçi Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəni xx.xx.2025-ci ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin indeksasiyasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına görə Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Həmin Sərəncama edilmiş 23 dekabr 2024-cü il tarixli əlavəyə görə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3257/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qət edilən alimentin məbləği 2020-ci ilin minimum əmək haqqının (250 manat) 0,68 mislini təşkil etməsi nəzərə alınarsa, hazırda alimentin məbləğinin 2025-ci ilin mimimum əmək haqqına münasibətdə qalxması (təqribən 272 manat) müəyyən olunur. Məhz bu səbəbə görə məhkəmə ərizənin əsaslı olması və onun təmin edilməsi nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3257/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu tutulan 170 manat məbləğində alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar