Məhkəmə qərarları › İş №8(012)-151/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-151/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-151/2022 28.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayonu 2 saylı Notariat Kontorunun 6803 saylı, 03.11.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 4736.55 manat pul vəsaiti tutularaq Tələbkar ASC-nə ödənilməsi qət olunmuşdur. 25.02.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayonu 2 saylı Notariat Kontorunun 6803 saylı, 03.11.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 4736.55 manat pul vəsaiti tutularaq Tələbkar ASC-nə ödənilməsi qət olunmuşdur. İcra sənədi 29.11.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkar təşkilatın haqlı narazılığına səbəb olmuşdur. Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilə zaman Borclu adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.0160 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmaqla borc tələbi borclunun əmlakına yönəldilməlidir. Ona görə də Borclu adına olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.0160 ha kənd təsərrüfatı təyinatlı torpağın üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru, tələbkar və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zərurihallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. İcra işinin əmlaka dair kompüter çıxarışından görünür ki, Borclu adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.0160 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na əsasən, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi. Odur ki, məhkəmə hesab edir ki, icra sənədi üzrə öhdəliyin icrasının təmini üsulu kimi üzərinə həbs qoyulması nəzərdə tutulan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0160 ha torpaq sahəsi məqsədli istifadə növü kimi “çoxillik əkmələr” olmaqla kənd təsərrüfat təyinatlı torpaq sahəsi kateqoriyasına şamil olundundan, Nazirlər Kabinetinin qərarında göstərilən siyahıya əsasən, kənd təsərrüfat təyinatlı 1.0 ha-dək həmin torpaqların üzərinə həbs qoyulması qadağan edildiyindən, təqdimat qismən təmin edilərək hazırki iş üzrə borclunun mülkiyyətində olan torpaq sahəsinin 0.006 ha hissəsinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Abşeron rayonu 2 saylı Notariat Kontorunun 6803 saylı, 02.11.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.006 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar