Məhkəmə qərarları › İş №8(012)-155/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-155/2022

17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-155/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı övladları - 15.03.2004-cü il təvəllüdlü X1 və 15.03.2005-ci il təvəllüdlü X2 iddiaçının yəni onun, 17.01.2009-cu il təvəllüdlü X4 və 17.01.2009-cu il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən 7 otaqlı sənədsiz evə istifadə qaydalarının müəyyən edilməsi, həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı Tələbkar 15.03.2004-cü il təvəllüdlü X6, 15.03.2005-ci il təvəllüdlü X7, 17.01.2009-cu il təvəllüdlü X4 və 17.01.2009cu il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən evə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar 02.03.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-4774/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsi ilə bağlı verilmiş icra sənədinə əsasən iddiaçı Tələbkar 15.03.2004-cü il təvəllüdlü X6, 15.03.2005-ci il təvəllüdlü X7, 17.01.2009-cu il təvəllüdlü X4 və 17.01.2009cu il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən evə köçürülməlidir. İcra sənədi 27.01.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar və bildiriş borcluya göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İcra sənədinin icrası ilə bağlı 24.02.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə olan zaman Tələbkar konkret olaraq hansı evə köçürülməsi ilə bağlı sual yaranmışdır. Belə ki, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə borclu tərəfindən və tələbkar tərəfindən ayrı-ayrı evlər göstərilmişdir. Həmin evlərin yerləşdiyi yerlərə baxış keçirilmiş, lakin icra sənədi üzrə tələbkarın hansı evə köçürülməli olduğunu müəyyən etmək mümkün olmamışdır. Göstərilən hallar 24.02.2022-ci il tarixli aktda və fotoşəkillərdə öz təsdiqini tapmışdır. İcra sənədinin icrasının səmərəli şəkildə təmin olunması üçün həmin icra sənədinə izah verilməsi zərurəti yaranmışdır. Ona görə də ərizənin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar ərizəni qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı qətnaməsinə əsasən onun 15.03.2004-cü il təvəllüdlü X6, 15.03.2005-ci il təvəllüdlü X7, 17.01.2009-cu il təvəllüdlü X4 və 17.01.2009-cu il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən evə köçürülməsi qət edilmişdir. İcra sənədinin icrası ilə bağlı icra məmuru, onun və borclunun iştirakı ilə Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllə ünvanına gedilmişdir. Belə ki, sözügedən ünvan üzrə yolun sol tərəfi S.Vurğun küçəsi, yolun sağ tərəfi isə Yeni Məhəllə ünvanı adlanır ki, həmin ünvanda da inşa edilmiş yeddi otaqlı fərdi yaşayış evi mövcuddur. Həmin ünvanda o, uzun müddət yaşamış, elektrik, su, qaz sayğacları üzrə kommunal ödənişlərin edilməsinə dair qəbzlər, onun həmin ünvanda yaşamasına dair arayış da mövcuddur. Məhkəmə iclasında Borclu ərizəni qəbul etməyərək izahatında göstərmişdir ki, Tələbkar köçürülməsini iddia etdiyi fərdi yaşayış evi Abşeron rayonu Qobu qəsəbəsi S.Vurğun küçəsində yerləşir. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimatı vermiş şəxs məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək, sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Belə ki, mülki iş materiallarında olan: -Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı icra sənədindən görünür ki, Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı qətnaməsi 07.01.2022-ci il tarixdə icraya yönəldilmişdir. -Abşeron rayon İcra və Probasiya Şöbəsinin 27.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı icra sənədi üzrə icraata başlanılaraq tərəflərə könüllü icra müddəti barədə məlumat verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin, Tələbkar, Borclu, hal şahidləri Gülnaz Rəhmanovanın və Fazil Abasovun iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 24.02.02022-ci il tarixli aktdan görünür ki, Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı icra sənədinin icrası bağlı Abşeron rayonu Qobu qəsəbəsi Yeni Məhəllə ünvanında olunmuş, eyni məhəllədə tələbkar tərəfindən göstərilən evə dair hər hansı bir sənəd təqdim edilməmişdir. Tələbkar təqdim etdiyi evin israrla onun iddia etdiyi ev olduğunu bildirmişdir. Həmin evdə 15.03.2004-cü il təvəllüdlü X1 və 17.01.2009-cu il təvəllüdlü X3 yaşadığı müəyyən edilmişdir. Həmin evə baxış keçirilmiş və 5 otaqlı ev olduğu müəyyən edilmişdir. Eyni məhəllədə, eyni küçədə borclu tərəfindən iki ev aralı olmaqla dörd otaqlı ev göstərilmişdir ki, borclunun iddiasına görə tələbkar məhz həmin evə köçürülməlidir, lakin həmin evin də sənədləri təqdim edilməmişdir. Beləliklə də, tələbkarın köçürülməli olduğu evin dəqiq ünvanı müəyyən edilmədiyindən icra sənədinin icrasını təmin etmək mümkün olmamış və icra sənədinin icrası qeyri-müəyyən vaxta təxirə salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı övladları ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən 7 otaqlı sənədsiz evə istifadə qaydalarının müəyyən edilməsi, həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı qətnaməsinə əsasən iddiaçının azyaşlı övladları ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən evə köçürülməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olan fərdi yaşayış evi olduğundan, həmin evə dair mülkiyyətçinin hüquqlarını təsdiq edən sənədin təqdim edilməsi mümkün deyildir. Bu səbəbdən də, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının köçürülməli evin hansı ev olduğunu müəyyən etmişdir ki, bu da həmin mülki iş materiallarına əlavə olunmuş fərdi yaşayış evinə dair kommunal xərclərin ödənilməsi barədə ödəniş qəbzləri, şahid ifadəsi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.10.2021-ci il tarixli 1686 saylı arayış ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin sənədlərə əsasən mülki iş üzrə tərəflərin konkret olaraq hansı fərdi yaşayış evi üçün ödəniş etmələri, tələbkarın konkret olaraq hansı evdə qeydiyyatsız şəkildə 8 (səkkiz) il müddətində yaşaması təsdiq olunmuşdur. Bu səbəbdən də, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında məhkəmə aktı çıxardığından, həmin qətnamənin izah edilməsinə lüzum olmadığı qənaətinə gələrək ərizənin təmin edilməməsi qərarına gəlir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(012)-4774/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar