Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-158/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-511/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu iddiaçı X1 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)511/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu iddiaçı X1 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraat başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən təmin olunmamış, nəticədə 4000 manatdan artıq aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Alimentin tutlması dərhal icra olunan tələb olduğundan Borclu Adil oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddələrini rəhbər tutub Abşeron rayon Məhkəməsinin 2(012)-511/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu fiziki şəxs xx.xx.1973-cü il təvəllüdlü, Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, ünvan 1 ünvanında qeyddiyatda olan və yaşayan X2 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149-cu maddəsinin tələblərinə cavab vermədiyindən təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu səbəbdən də, məhkəmə qanunun tələblərinə istinad edərək, təqdimatın geri qaytarılması əsası olaraq, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etmək qənaətinə gəlir. Belə ki, Mülki Prosessual Məcəllənin: 149.1 maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.3. maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə təqdimat və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq müəyyən etmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-511/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu borcun ödənilməsinin təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılmalıdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına müvafiq sübutlar əlavə edilməmiş, bununla da, forma və məzmununa riayət edilməmişdir. Buna görə də məhkəmə təqdimat və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qənaətinə gəlir. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib təqdimatı qiymətləndirib belə qənaətə gəlir ki, təqdimat və ona əlavə olunmuş sənədlər icra məmuruna geri qaytarılmalı, təqdimatda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-158/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-158/2024
15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver