Məhkəmə qərarları › İş №8(012)-176/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-176/2022

31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-176/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi və vəkili Vəkil, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin icra məmurunun qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-nin 12.04.2019-cu il tarixli, 12T/HR saylı X3 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X1 Borclu MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq, iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün 23.09.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə icraya yönəldilmişdir. Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC şikayət ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin “mütəxəssisin dəvət edilməsi haqqında” 07.02.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən mütəxəssisin dəvət edilməsi haqqında 07 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, icra icraatı zamanı X2 ödəniləcək məbləğin dəqiq müəyyənləşdirilməsi mümkün olmadığından, mütəxəssisin dəvət edilməsi zərurəti yaranmışdır. Qərar icra olunmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən “Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən mütəxəssisin dəvət edilməsi barədə 13 dekabr 2021-ci il tarixli qərar qəbul edilmiş və qərar icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmişdir. Borclu MMC həmin qərardan şikayətlə məhkəməyə müraciət etmiş, şikayət hazırda Abşeron rayon Məhkəməsinin icraatındadır. Bundan əlavə, icra məmurunun mütəxəssis qismində dəvət etdiyi şəxs konkret fiziki şəxs olmalıdır. Onun zəruri biliklərə, bacarıqlara malik olması, işdə şəxsi marağının olubolmaması, etiraz üçün digər əsasların olmaması qabaqcadan yoxlanılmalıdır. İcra məmuru bunların heç birini etməmişdir. Eyni zamanda, iş üzrə mütəxəssis rəyi olmadığı halda, icra məmuru əsassız olaraq işə ekspertin cəlb olunması qərarına gəlmişdir. Məlumdur ki, xüsusi biliyə malik olan ekspert iş üzrə mütəxəssis tərəfindən təqdim edilmiş rəyin düzgünlüyünü yoxlayır və təsdiq edir. Ona görə də göstərilənlərə əsasən şikayətin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi üzrə tələbkara orta əmək haqqının ödənilməsi nəzərdə tutulduğundan həmin ödənişin dəqiq məbləğinin müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də mütəxəssisin dəvət edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda konkret olaraq hansı mütəxəssisin dəvət edilməsi barədə qeyd nəzərdə tutulmur. Ona görə də borclunun şikayətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, şikayətə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon İcra və Probasiya şöbəsinin 07.02.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərarından və həmin tarixli 17/75-346/4N saylı bildirişindən görünür ki, Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən Borclu MMC-nin 12.04.2019-cu il tarixli, 12T/HR saylı X3 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilməli, X3 Borclu MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməli, Borclu MMC-dən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pul alınaraq, iddiaçı X2 verilməlidir. İcra icraatı zamanı X2 ödəniləcək məbləği dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Bununla bağlı mütəxəssisin dəvət edilməsi zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, 12.07.2019cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X1 işdən çıxarıldığı gündən hazırkı günədək (yəni mütəxəssisin dəvət edilməsi barədə qərarın tarixi 07.02.2022-ci ilədək) orta əmək haqqı məbləğində pul vəsaitini hesablamaqla müvafiq rəyin verilməsi qərara alınmış və qərarın surəti icra sənədi üzrə tərəflərə, aidiyyəti məhkəməyə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən, Borclu MMC-nin 12.04.2019-cu il tarixli, 12T/HR saylı X3 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X1 Borclu MMCdə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq, iddiaçı X2 verilməsi qərara alınmışdır. Sözügedən məhkəmə aktı əsasında tələbkara ödənilməli olan pul vəsaitinin məbləğinin dəqiq şəkildə müəyyən edilməsi mümkün olmadığından icra sənədi üzrə icra məmuru tərəfindən mütəxəssisin dəvət edilməsi barədə qərar qəbul edilmişdir. İcra sənədi üzrə ərizəçi-borclu hazırda həmin qərarın ləğv edilməsinə dair şikayət ilə məhkəməyə müraciət etmişdir. İcra haqqında Qanunun: 70.1. maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. 40.1. maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. 40.2. maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. Şikayətə əlavə olunmuş Abşeron rayon İcra şöbəsinin icra məmuru N.O.Ramazani tərəfindən qəbul olunmuş qərardan göründüyü kimi, Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən tələbkara ödənilməli olan pul vəsaitinin məbləğində qeyri-müəyyənliyin yaranması həmin proses üzrə xüsusi bilik təşkil edən və buna cavab verməli olan mütəxəssisin iştirakını zəruri etmişdir. İcra haqqında Qanunun: 42.1. maddəsinə əsasən icra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. 42.2. maddəsinə əsasən etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. 42.4. maddəsinə əsasən tərcüməçiyə və ya mütəxəssisə etiraz etmə haqqında məsələ icra məmuru tərəfindən həll edilir. Bu barədə icra məmuru tərəfindən on gün müddətində əsaslandırılmış qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Belə ki, şikayətə əlavə olunmuş icra məmuru X6 tərəfindən qəbul edilmiş Qərarla bağlı məhkəmə qeyd edir ki, sözügedən qərar mahiyyət etibarı ilə, mütəxəssisin dəvət edilməsi məqsədi daşımış olsa da, qərarın əsaslandırıcı hissəsində mütəxəssisin dəvət edilməsinin hansı zərurətdən irəli gəldiyi tam əsaslandırılmamış nəticə hissəsində mütəxəssisin rəy verməsi üçün iştirakının təmin edilməsi əvəzinə mütəxəssis rəyinin verilməsi müvafiq qurumun üzərinə öhdəlik kimi qoyulmuşdur. Qanunvericilik isə mütəxəssisin icra qurumu tərəfindən dəvət edilməsini, rəy verilərkən icra tərəflərinin iştirakının təmin edilməsi, o cümlədən mütəxəssisə tərəflərin etiraz edilib-edilməməsinin aydınlaşdırılmasını müəyyən etmişdir. Göründüyü kimi, icra məmurunun qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə cavab vermədiyindən ləğv ediməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatından və mülki iş materiallarından göründüyü kimi, icra sənədi üzrə orta əmək haqqının hesablanmasına dair xüsusi bilik tələb edən mütəxəssisin, eyni zamanda icra sənədi üzrə tərəflərin iştirakı icra məmuru tərəfindən təmin edilməli olduğu halda, bu barədə zəruri sübutlar məhkəmə iclasında iştirak etmiş icra məmuru tərəfindən təmin edilməmişdir. Məhkəmə ərizəçi-borclunun təqdim etdiyi şikayət ərizəsində göstərilmiş dəlillər ilə icra sənədində irəli sürülmüş tələbləri uyğunlaşdıraraq qeyd edir ki, icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi prosesi zamanı mütəxəssis rəyinin verilməsindən öncə, ilkin olaraq, mütəxəssisə etirazın olub-olmamasına dair tələbə riayət edilməli, iş üzrə obyektiv rəy verməyə mane olan halların olub-olmaması araşdırılmalıdır. Beləliklə də, icra məmuru zəruri icra tədbirləri barədə sübutlarını məhkəmə iclasında təsdiq etməmişdir. Bu səbəbdən də, məhkəmə icra məmuru tərəfindən qəbul edilmiş mütəxəssisin dəvət edilməsi barədə qərarın qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən ləğv edilməsi qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin şikayəti təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin “mütəxəssisin dəvət edilməsi haqqında” 07.02.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar