Məhkəmə qərarları › İş №8(012)-183/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-183/2022

31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-183/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zəngilan rayon Məhkəməsinin 2(034)-885/2016 saylı, 04.11.2016-cı il tarixli icra sənədinə əsasən X1 50000 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. 10.03.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-885/2016 saylı, 04.11.2016-cı il tarixli icra sənədinə əsasən X1 50000 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi 27.03.2017-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Həmçinin borclunun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış, Sms bildiriş göndərilmiş, lakin o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Belə olan halda borclu X2 məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Ona görə də borclu X2 məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında icra sənədi üzrə borclunun ona 50000 manat borcunun olduğunu, hazırki müddətə qədər ona heç bir ödəniş etmədiyini bildirmişdir. İcra sənədi üzrə icra məmuru və borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, tələbkarın izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki halda təqdimat əsaslandırılmamış, iş materiallarına borclu şəxsin ölkədən kənara getməsini təsdiq edəcək heç bir mötəbər sübut əlavə olunmamış, subyektiv mülahizə əsasında şəxsin hüquqlarının məhdudlaşdırılması xahiş olunmuşdur. Belə ki, icra sənədinin icrası məqsədi ilə borclunun əmlakı barədə məlumatın müvafiq dövlət orqanlarına və banklara sorğu göndərməklə alınması, borclu barəsində axtarış qərarının verilməsi və qanunvericiliyin tələbinə əsasən digər məcburi icra tədbirləri həyata keçirilməmişdir. İcra məmuru tərəfindən təqdimata əlavə edilmiş sənədlər əsasında borclunun mülkiyyətində daşınar əmlak olduğu halda həmin əmlak üzərinə həbs qoyulmasına dair icra tədbiri görülməmiş və ya görüldüyü halda buna dair əsaslı sübut təqdimata əlavə olunmamış, birbaşa olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilmişdir. Buradan da görünür ki, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icrası ilə əlaqədar bütün lazımi icra tədbirlər tam olaraq görülməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan icra hərəkətləri görülmədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması və həmin məhdudlaşdırma daha ciddi icra hərəkəti hesab olunduğundan təqdimat təmin edilməməlidir. Sərbəst hərəkət etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi ilə müəyyən edilmiş azadlıq hüququnun tərkib hissəsi olaraq vətəndaşların əsas hüquqlarına daxildir. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşın əsas konstitusion hüquqlarından olan sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin oluna bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar