Məhkəmə qərarları › İş №8(012)-187/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-187/2022

01.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-187/2022 01.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2(008)-4041/2014 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 18.03.2004-cü il təvəllüdlü X1 və 03.03.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 15.04.2014-cü il tarixdən başlayaraq hər ay cəmi 206 manat sabit pul məbləğində aliment tutulmalıdır. 17.03.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2(008)-4041/2014 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 18.03.2004-cü il təvəllüdlü X1 və 03.03.2006cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 15.04.2014-cü il tarixdən başlayaraq hər ay cəmi 206 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən 17.09.2019-cu il tarixdə icraata başlanılmış yuxarıda qeyd edilən icra sənədi 17.06.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra, borclu şəxsin yaşadığı yeri müəyyən etmək üçün Abşeron rayonu Ceyranbatan qəsəbəsi Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi ilə telefon vasitəsilə əlaqə yaradılmış və borclu şəxsin faktiki ünvanının göstərilməsi xahiş edilmişdir. Bundan başqa, borclu şəxsin istifadəsində olan (050)-517-73-91 telefon nömrəsi ilə əlaqə yaradılsa da, bu, mümkün olmamışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2(008)-4041/2014 saylı icra sənədinin icrası ilə bağlı 24.07.2020-ci il tarixdə icra məmurları borclu şəxsin faktiki yaşadığı ünvanda (Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə) olmuş, həmin zaman ünvana baxış keçirilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamış, həmçinin, iş üzrə Borclu insult xəstəliyi keçirdiyi üçün ev şəraitində müalicə aldığı müəyyən olunmuşdur. Borclu şəxsin keçmiş həyat yoldaşı (birinci nikah) Aybəniz adlı xanımın sözlərinə görə, Borclu uzun müddətdir ki, əqli problemlər yaşayır, arterial təzyiqdən bir sıra digər xəstəliklərdən (insult, qara ciyər və s.) əziyyət çəkir. Bununla bağlı təqdim edilmiş sənədlər icra işinə əlavə edilmişdir. Bundan başqa qeyd olunur ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən 01.06.2020-ci il tarixli və 10.09.2020-ci il tarixli məktubla Bakı şəhəri Səhiyyə İdarəsinə müraciət olunaraq, icra sənədi üzrə tələbi təmin etmək məqsədilə borclunun hər ay əmək haqqından 70% məbləğində tutmaların aparılması xahiş edilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18.09.2020-ci il tarixli cavab məktubunda Borclu 11.11.2019-cu il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad olunması qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-411/2019 saylı qərardadı ilə borclunun adına qeydiyyatda olan “Geely” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı, “Vaz 21063” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı və “Vaz 21063” minik markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardadın icrası ilə bağlı ayrı-ayrı vaxtlarda (24.07.2020-ci il və 04.12.2020-ci il) Baş Dövlət Yol Polisi İdarəsinə sorğu məktubları göndərilmişdir. Hər iki sorğuya verilən cavab məktublarında “Geely” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı, “Vaz 21063” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillərin 04.12.2020-ci il tarixdə avtomobillərin özgəninkiləşdirildiyi və yalnız “Vaz 21063” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulduğu qeyd edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)- 411/2019 saylı qərardadının (“Vaz 21063” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair) icrası ilə bağlı 22.04.2021-ci il tarixli məktubla Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur. Bununla yanaşı, ayrı-ayrı vaxtlarda “Elektron icra” informasiya sistemində borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, lakin adına başqa iş yeri (gəlir), həmçinin ümumi mülkiyyətdə olan əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı 20.09.2021-ci il tarixdə bir daha Borclu faktiki yaşadığı ünvanda olan zaman onun hələ də yataq xəstəsi (xəstəlikləri-insult, arterial təzyiq və s.) olması müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt tərtib olunaraq icra işinə əlavə olunmuşdur. İcra məmuru tərəfindən icraatın dayandırılması haqqında müvafiq təqdimatla 27.09.2021ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 8(012)-750/2021 saylı, 11.11.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Bundan başqa qeyd olunur ki, borclu tərəfindən hazırkı günədək aliment üzrə ödəniş edilməmiş və nəticədə 19570 manat aliment borcu yaranmışdır. Belə olan halda məcburi icra tədbiri kimi Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.09.2019cu il tarixli, 2(008)-4041/2014 saylı icra sənədinə əsasən borclu xx.xx.1959-cu il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, borclunun ona aliment borcu qalmışdır. Borclu hazırda yataq xəstəsidir. İcra sənədi üzrə icra məmuru və borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, tələbkarın izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17.09.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Borclu Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2(008)- 4041/2014 saylı icra sənədinin icra olunması barədə məlumat verilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına “Vaz 21063” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmış, həmin avtomobilin üzərinə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-411/2019 saylı qərardadı ilə həbs qoyulmuşdur. İcra məmuru təqdimatında borclunun insult xəstəliyi keçirdiyi üçün ev şəraitində müalicə aldığını, eyni zamanda, borclunun birinci həyat yoldaşının sözlərinə görə Borclu uzun müddətdir ki, əqli problemlər yaşaması, arterial təzyiqdən bir sıra digər xəstəliklərdən (insult, qara ciyər və s.) əziyyət çəkməsi qeyd olunsa da, sözügedən hallara dair sübutlar təqdimata əlavə olunmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, borclunun sağlamlığı ilə əlaqədar olaraq müəyyən xəstəliklərdən əziyyət çəkməsi onun uşaqları qarşısında onları saxlamaq vəzifəsində azad edən hal deyildir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1959-cu il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar