Məhkəmə qərarları › İş №8(012)-195/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-195/2023

17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-195/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, X1, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 iştirakları ilə, X1 icra sənədi üzrə icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-111/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilmiş, X5 Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanında yerləşən “ünvan 2li (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülməsi, mənzilin 2.7 m x 4.3 m ölçüdə olan yataq otağının yaşamaq üçün X5 istifadəsinə verilməklə mənzilin sanitar qovşağı, dəhliz və mətbəx otağının birgə istifadədə saxlanılması, həmin mənzildə olan, birgə nikah dövründə alınmış 2 ədəd “LG” televizor, 1 ədəd soyuducu, 1 ədəd “Samsung” televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstlərinin icra mərhələsində qiymətləndirilərək satılması, əldə ediləcək pul vəsaitinin ½ hissəsinin X11 ilə X12 arasında bölünərək onlara verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbaq dəsti (2000 manat dəyərində), zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziya” üzük və sirğa dəsti (1920 manat dəyərində), “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti (1560 manat dəyərində), İtaliya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti (1750 manat dəyərində), Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı (3850 manat dəyərində), İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan boyunbağı, qolbaq, sırğa və üzük dəsti (1400 manat dəyərində), İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti (1050 manat dəyərində), İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü (1125 manat dəyərində), Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti (720 manat dəyərində), Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram olan “silsilə” formalı boyunbağı (990 manat dəyərində), İtaliya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük (840 manat dəyərində), 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 diaqonallı televizor (70 manat dəyərində), 1 ədəd “Beko” markalı, istifadə olunmuş, böyük ölçülü soyuducu (300 manat dəyərində), 1 ədəd “Beko” markalı, iki qapılı, istifadə olunmuş qabyuyan (150 manat dəyərində), 1 ədəd “Beko” markalı, istifadə olunmuş paltaryuyan (150 manat dəyərində), 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından 8 nəfərlik stol-stul dəstindən ibarət qəhvəyi rəngli taxtadan oyulma əl işləməsi olan Malayziya istehsallı qonaq dəsti (3000 manat dəyərində), Malayziya istehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti (2000 manat dəyərində), Polşa istehsalı olan qəhvəyi rəngli, 3 m uzunluğu olan mətbəx mebeli (500 manat dəyərində), 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı (300 manat dəyərində), krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumşaq dəst (500 manat dəyərində), 1 ədəd “Bohema” markalı əmtəə nişanlı böyük ölçülü zal üçün nəzərdə tutulmuş billur çilçıraq (300 manat dəyərində), 1 ədəd “Bohema” markalı əmtəə nişanlı yataq otağı üçün nəzərdə tutulmuş billur çilçıraq (300 manat dəyərində), 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq (70 manat dəyərində), qonaq, yataq otaqları və mətbəx üçün “Capsella” firmasının pərdələri (1100 manat dəyərində), 2 ədəd yumru balaca “kaşmir” xalçaları (300 manat dəyərində), 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları (600 manat dəyərində), 2 ədəd 3x5 ölçülü “Merinos” firmasının xalçaları (700 manat dəyərində), 2 ədəd 2x3 ölçülü “İmperial” firmasının xalçaları (400 manat dəyərində), 1 ədəd böyük ölçülü sandıq (130 manat dəyərində), Çexiya istehsallı 12 nəfərlik yemək, çay, qəhvə dəstləri (700 manat dəyərində), 4 ədəd “Bohema” markalı billur qənd qabı (300 manat dəyərində), 4 ədəd “Bohema” markalı billur mürəbbə qabı (300 manat dəyərində), 2 dəst 6 nəfərlik billur böyük və balaca bakal (250 manat dəyərində), 6 ədəd billur ləpə qabları (180 manat dəyərində), 1 ədəd böyük saat (150 manat dəyərində), 4 ədəd “Bohema” markalı billur meyvə qabları (200 manat dəyərində), Türkiyə istehsallı qırmızı rəngli “Tefal” markalı qazan-tava dəsti (200 manat dəyərində), 1 ədəd aliminium materiallı aş qazanı (80 manat dəyərində), 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın (80 manat dəyərində), 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran (50 manat dəyərində), 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan (100 manat dəyərində), 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu (250 manat dəyərində), 1 ədəd “Beko” markalı, istifadə olunmuş şirəçəkən maşın (30 manat dəyərində), 1 ədəd “Beko” markalı mətbəx elektrik dəsti (kombayn) (50 manat dəyərində), Çexiya istehsallı 6 stəkan və 1 qrafindən ibarət kampot dəsti (200 manat dəyərində), 1 ədəd “Tefal” markalı, istifadə olunmuş çaydan (20 manat dəyərində), 1 ədəd “Beko” markalı, istifadə olunmuş toster (30 manat dəyərində), 1 ədəd Çexiya istehsallı basma naxışlı billur güldan (160 manat dəyərində), 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialından tikilmiş üst geyimi (şuba) (1500 manat dəyərində) - qeyd olunan qızıl-zinət əşyaları, cehiz və geyim əşyalarının, onlar naturada aşkar olunmadıqda hər birinin qeyd edilən məbləğdə pul dəyəri X3 alınıb X9 verilməsi, “Hyundai Veloster” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 1000 manat pulun ½ hissəsi, yəni, 500 manat məbləğində pulun X3 alınıb X9 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi, ekspertizanın keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun X6 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh A.Q.Məmmədovun verdiyi apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı G.İ.Məmmədovanın apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, X7 X8 qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 17000 manat pulun ½ hissəsi-8500 manat məbləğində pul vəsaitinin X4 alınıb X9 ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1680/2022 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinə icraya yönəldilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(012)-111/2021 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnamələri əsasında verilmiş icra vərəqələri üzrə icra işlərinin icra üsulunun və qaydasının dəyişdirilərək eyni vaxtda icra olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X11 cavabdeh X9 qarşı “yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü” tələbinə dair ilkin, iddiaçı X12 isə cavabdeh X8 qarşı “qızıl-zinət əşyaları və əmlak tələbi”nə dair qarşılıqlı iddia ərizələri ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(012)-111/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmişdir. Qətnamə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda, tərəflərin icra sənədləri ayrı-ayrılıqda icra şöbəsindədir. Qeyd olunan əmlaklar ərazi üzrə “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 1, blok 31, 37 nömrəli (köhnə sıralamada 30 nömrəli) ünvanda yerləşdiyindən icra sənədi də “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, əmlakın olduğu yer üzrə icra edilməlidir. Tərəflərin icra işləri bir-biri ilə bağlı olduğundan onların hər ikisinin eyni vaxtda icra edilməsi daha məqsədəmüvafiqdir. Ona görə də ərizənin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, qarşı tərəf evə köçürülmək istəsə də, onun borcu da mövcuddur. Ona görə də borcun ödənilməsinin ilkin olaraq həyata keçirilməklə sonradan evə köçürülmənin təmin olunmasını istəyir. Hesab edir ki, borclu borcun ödənilməsini təmin etməyəcəkdir. Belə ki, X11 mənzilə köçürüləndən sonra bilir ki, onun da həmin ünvan üzrə yaşamasına imkan verməyəcəkdir. Halbuki, onun da həmin ünvan üzrə payı vardır. Bu səbəbdən də, məhkəmə aktlarının eyni vaxtda icra olunmasını istəyir. X11 həmçinin, mənzildə yaşasa payın satılmasına da imkan verməyəcəkdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 ərizəyə münasibət bildirərək izahatında göstərmişdir ki, icra sənədinin icrası ilə bağlı qeyd edir ki, X5 evə köçürülməsi ilə bağlı hər hansı bir problem yoxdur, lakin borcun dərhal ödənilməsini təmin etdirmək mümkün deyildir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə ərizəyə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.1. maddəsinə əsasən, məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-111/2021 saylı icra sənədinə əsasən, X5 mübahisəli mənzilə köçürülməsi, X4 X7 xeyrinə nikaha daxil olan zaman alınmış cehiz əmlaklarının, qızıl-zinət əşyalarının qaytarılması, həmçinin, birgə nikah dövründə əldə edilmiş minik avtomobilinin dəyərinin yarısının X4 alınaraq X9 ödənilməsi qərara alınmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərilmişdir. Hazırda, tələbkar icra sənədinin “pul ödənişinin edilməsi” ilə “mənzilə köçürülmə” hissələrinin eyni vaxtda icra olunaraq icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Ərizə və ona əlavə olunmuş sənədlərdən, tələbkarın və icra məmurunun izahatından, həmçinin, Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd edir ki, icra sənədinin icra olunması icra məmuru tərəfindən tələbkarın mənafeyi nəzərə alınmaqla həyata keçirilir, lakin bu hal digər tərəfi əlverişsiz şəraitə salmaqla, onun üzərinə maliyyə yükünün qoyulmasına səbəb ola bilməz. Belə ki, icra sənədinin “mənzilə köçürülmə” hissəsində icra olunmasında hər hansı bir mübahisənin olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapsa da, “borcun ödənilməsi”nə dair hissədə icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməlidir ki, borcun ödənilməsi hissəsi ilə mənzilə köçürülmə tələbinin eyni anda icra olunması digər tələbin də icrası müddətinin lüzumsuz şəkildə uzadılması ilə nəticələnəcəkdir. Bu da nəticə etibarı ilə, qanunun və Plenum Qərarındakı hüquqi mövqe ilə ziddiyyət təşkil edir. Başqa sözlə, məhkəmə aktının vaxtında və düzgün icra olunmaması məhkəmə müdafiəsi hüququnun da həyata keçirilməsini səmərəsiz və qəbul edilmiş qərarın əhəmiyyətsiz olması ilə nəticələnir. Bu səbəbdən də, məhkəmə icra sənədinin icrası üsulunun dəyişdirilməsinə lüzum görmədiyindən ərizə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında tərəflərin izahatını və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, məhkəmə tədqiqatı zamanı icra sənədi üzrə icra üsulunun dəyişdirilməsi əsasları müəyyən edilmədiyindən ərizə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: X1 icra sənədi üzrə icra üsulunun dəyişdirilməsi barədə şikayəti təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar