Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-199/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Borclu nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Abşeron rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunması və Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestr nömrəli xx.xx.2015-ci il tarixli icra qeydinin Maraqlı şəxsnə geri qaytarılması barədə Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 7E- 2640 reyestr nömrəli icra qeydindən görünür ki, borcalan Borclu borcverən Tələbkar xeyrinə 9144 manat borcun tutulmasına dair kredit müqaviləsi icraya yönəldilmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunması və Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestr nömrəli xx.xx.2015-ci il tarixli icra qeydinin Maraqlı şəxsnə geri qaytarılması barədə Tələbkar tərəfindən verilmiş şikayət ərizəsi məhkəmənin icraatına daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə 22 saylı notariat kontorunda Tələbkar ilə Borclu arasında 3-M-1-17 saylı kredit müqaviləsi bağlanmış və Tələbkar tərəfindən Borclu 9144 manat borc verilmişdir. Borclu borc öhdəliyini yerinə yetirmədiyindən Tələbkar tərəfindən notariat kontoruna müraciət olunmuş və notariat kontoru tərəfindən sözügedən kredit müqaviləsinə dair icra qeydi verilmişdir. İcra qeydi icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, həmin şöbənin xx.xx.2017-ci il tarixli qərarı ilə icra qeydinin icrasının mümkünsüz olması əsas gətirilərək icra qeydi notariat kontoruna geri qaytarılmışdır. Hesab edilir ki, Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarı əsassız və qanunsuzdur, bu səbəbdən həmin qərar ləğv olunmalıdır. Belə ki, Abşeron rayon İcra Şöbəsi xx.xx.2017-ci il tarixli qərarında icra sənədinin hazırki mərhələdə icrasının mümkün olmadığını bildirərək icra qeydini notariat kontoruna geri qaytarmışdır. Halbuki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********41 saylı xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən Borclu adına ümumbirgə əsaslarla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,1200 ha torpaq sahəsinə dair JN-25899D saylı Kod-00500066 olan “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamənin tərtib edildiyi bildirilmişdir. İcra qeydinin icra olunması və tələbin paylı mülkiyyət əsasında Borclu məxsus həmin torpaq sahəsinə yönəldilməsi mümkündür. Lakin bununla bağlı icra şöbəsinə müraciət etdikdə, icra şöbəsində icra qeydinin geri qaytarıldığı və bununla bağlı qərar qəbul edildiyi bildirilmişdir. Sözügedən icra qeydinin icrası mümkündür və mülkiyyət əsasında Borclu məxsus həmin torpaq sahəsinə yönəldilməsi icra sənədinin icrasını təmin edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında müvafiq məhkəmə anlayışına münasibət bildirilmişdir. Belə ki, Qərarda qeyd olunmuşur ki, “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Ona görə də göstərilənlərə əsasən, şikayətin təmin olunması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Tələbkar nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, icra qeydi üzrə icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar barəsində tələbkarın təsadüfən məlumatı olmuş və bu səbəbdən də məhkəməyə şikayət ilə müraciət etmişdir. Həmçinin, araşdırma zamanı borclunun mülkiyyətində olan daşınmaz əmlakın olduğu müəyyən edilmişdir. Bu səbəbdən də hesab edir ki, yeni açılmış hallara görə icra sənədinin geri qaytarılması barədə qərar ləğv edilməli və icra sənədi yenidən icra edilməlidir. Belə ki, icra qeydinin icrası mərhələsində icra məmuru tərəfindən əmlakın üzərinə həbs qoyulması açıq hərrac yolu ilə satılıb borcun ödənilməsi təmin edilmiş olar. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Tələbkar şikayəti müdafiə edərək nümayəndəsi və vəkili Vəkil2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İcra sənədi üzrə Borclu tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, Tələbkar Firuddin oğlunun Abşeron rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunmasına dair şikayəti üzrə 8(012)-199/2022 saylı mülki iş vardır. Həmin şikayət ərizəsinə əsasən tələbkar məhkəmədən Abşeron rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. Abşeron rayon İcra Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 3-M-0-1-17 reyestrli, xx.xx.2015-ci il tarixli icra sənədinin notariusa geri qaytarılması barədə qərar qəbul olunmuşdur. Həmin qərarın qəbul olunmasından 5 ilə yaxın müddət keçdikdən sonra Tələbkar Firuddin oğlu məhkəməyə müraciət etmiş və xx.xx.2017-ci il tarixli qərarın qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. Qanunun tələbindən də göründüyü kimi, icra məmuru tərəfindən qəbul olunmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində məhkəməyə şikayət verə bilərdi. Hazırda, tələbkar tərəfindən müddət ötürüldükdən sonra məhkəməyə müraciət olunmuş və müddətin bərpası ilə bağlı heç bir müraciət olunmamışdır. Həmçinin, Tələbkar Firuddin oğlunun Abşeron rayon İcra Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindən xx.xx.2017-ci il tarixdə 3-M-0-1-17 reyestrli, xx.xx.2015-ci il tarixli icra sənədinin notariusa geri qaytarılmasına dair qərar barədə məlumatı olmuşdur. Belə ki, xx.xx.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli kredit müqaviləsinə əsasən Tələbkar ilə aralarında hər ay 381 manat ödənilmək şərtilə 9144 manat borcun verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Müqavilə həmin tarixdə Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən 3-M-0-1-17 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 3-M-0-1-17 reyestr nömrəli icra qeydi icra olunması üçün Abşeron rayon İcra şöbəsinə daxil olmuşdur. Buna baxmayaraq, eyni iş üzrə Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən 8İ-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi verilmiş və həmin icra qeydi Abşeron rayon İcra şöbəsinə daxil olmuşdur. Bununla bağlı Borclu cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tələbkar cəlb edilməklə) icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Borclu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3530/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi etibarsız hesab edilmişdir. Qeyd olunan məhkəmə proseslərində Tələbkar Firuddin oğlu iştirak etmiş və bu, qətnamədə öz əksini tapmışdır. Həmin qətnamələrdən açıq-aşkar görünür ki, 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 3-M-0-1-17 reyestr nömrəli icra qeydi Abşeron rayon İcra Şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli qərar ilə geri qaytarılmışdır. Bundan başqa, Tələbkar Firuddin oğlu şikayətində qeyd etmişdir ki, Borclu adına Sabunçu rayonu Pirşağı qəsəbəsində 0,12 ha torpaq sahəsi olduğuna görə icra sənədi torpaq sahəsi hərraca çıxarılmaqla satılmaq yolu ilə icra olunmalıdır. Buna görə də icra məmuru tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli qərar ləğv olunmalıdır. Lakin Sabunçu rayonu Pirşağı qəsəbəsində 0,12 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Borclu mülkiyyətinə verilmişdir. Belə olan halda tələbkarın ərizəsi əsasında icra sənədi yenidən icraya yönəldilməlidir. İcra haqqında Qanunun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Ona görə də şikayətin təmin olunmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Borclu nümayəndəsi və vəkili Vəkil1 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İcra haqqında Qanunun tələblərinə əsasən, icra məmuru tərəfindən həyata keçirilmiş icra tədbirləri nəticəsində onun icrasının mümkün olmadığı müəyyən edildiyi təqdirdə icra sənədi geri qaytarılır. Belə ki, icra məmuru tərəfindən sorğular edilmiş və əmlakın olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən borclunun adına torpaq sahəsinin olduğu müəyyən edilmiş olsa da, icra məmuru tərəfindən icra sənədi 2017-ci ildə qaytarılmışdır. Beləliklə də, borclunun adına torpaq sahəsi icra sənədi geri qaytarılandan sonra rəsmiləşdirilmişdir. Hesab edir ki, tələbkar tərəfindən şikayətin verilməsinin heç bir əsası yoxdur. Şikayətdə tələbkar qərarın ona nə zaman bəlli olması ilə bağlı heç bir əsas qeyd etməmişdir. Başqa sözlə, tələbkar tərəfindən şikayətin verilməsinin hesablandığı 30 günlük müddətin hansı müddətdən hesablanması bəlli deyildir. Həmçinin, tələbkar tərəfindən müddət bildirilmiş olsa belə, həmin müddətlə bağlı sübut məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, tələbkar onun tərəfindən verilmiş borc məbləği ilə əlaqədar əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə də məhkəməyə müraciət etmişdir. Halbuki, həmin müddətdə də verilmiş borc məbləği ilə bağlı icra mərhələsi ilə maraqlana bilərdi. İcra sənədi üzrə tələbkar icra sənədi üzrə icra qeydi qüvvədə olduğu halda 2021-ci ildə Bakı şəhəri 1 saylı Notariat Kontoruna müraciət edərək icra qeydinin verilməsini xahiş etmişdir. İcra sənədinin geri qaytarılmasından məlumatı olmayan tələbkarın hansı əsasla yenidən icra qeydinin verilməsi üçün müraciət etməsi bəlli deyildir. Buna baxmayaraq, qeyd etməyi zəruri hesab edir ki, borclu barəsində müəyyən sayda icra sənədləri olsa da, borclu həmin borcların ödənilməsini təmin edir. Belə ki, borclu digər tələbkara borcunu ödəmiş, göstərilən icra qeydi barəsində də borcun ödənilməsini təmin edəcəkdir. Tələbkar, Maraqlı şəxsnə və Bakı şəhəri 22 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin şikayətə dair münasibətini araşdırıb, şikayət və şikayətə əlavə olunmuş iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin: 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon İcra şöbəsinin icra məmuru İ.H.Həsənov, Ə.N.Yusubov, İ.V.Abbaszadə tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunun 3M-101/2017 reyestr nömrəli xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanında olunmuş, əmlaklara baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak müəyyən edilməmişdir. -Abşeron rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından görünür ki, Borclu barəsində Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestrli, xx.xx.2015-ci il tarixli icra sənədinin hazırki mərhələdə icrasının mümkün olmadığı nəzərə alınmaqla icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərardan daha sonra görünür ki, Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-0-1-17 reyestrli, xx.xx.2015-ci il tarixli qərarına əsasən Borclu 9144 manat borcun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Borcun könüllü qaydada ödənilməsi ilə bağlı Borclu ünvanına müvafiq qaydada bildirişlər göndərilmiş, lakin borcun hər hansı hissəsi borclu tərəfindən aidiyyəti üzrə ödənilməmişdir. Tələbin məcburi qaydada icrasını təmin etmək məqsədilə borcluya məxsus əmlakın axtarılması haqqında qərar qəbul edilmiş və icra üçün aidiyyəti orqanlara göndərilmişdir. Borclunun yaşadığı mənzilə baxış keçirilmiş, lakin borclunun siyahıya alınası əmlakı aşkar edilməmişdir. Bundan əlavə, borclunun banklarda olan hesabı, daşınar və daşınmaz əmlakının yoxlanılması məqsədilə aidiyyəti orqanlara sorğular göndərilmişdir. Nəticə etibarı ilə, borcluya məxsus bank hesabında pul vəsaiti və adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Sorğulara dair alınmış cavab məktubları iş materiallarına əlavə edilmişdir. Qeyd olunan səbəblərdən icra sənədi üzrə tələbi təmin etmək mümkün olmamış və beləliklə, borclunun əmlakının axtarışı başa çatmışdır. Ödəmənin tam mümkün olmamasına dair müvafiq akt tərtib edilmişdir. -Bakı şəhəri Notariat Kontorunun Ağstafa rayonu Muğanlı kəndində qeydiyyatda olan Tələbkar ünvanlandığı xx.xx.2017-ci il tarixli X/106 saylı məktubdan görünür ki, Borclu barəsində Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-0-1-17 reyestrli, xx.xx.2015-ci il tarixli icra sənədi xx.xx.2017-ci ildə Abşeron rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri 22 saylı notariat kontoruna geri qaytarılmışdır. -Maraqlı şəxs Tələbkar ünvanlandığı xx.xx.2020-ci il tarixli 17/75-8İ-10189 saylı məktubdan görünür ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunun 3-M-0-1-17 reyestrli xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 9144 manat pul məbləğinin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət olunmuşdur. Göstərilən icra sənədi xx.xx.2015ci il tarixdə Abşeron rayon İcra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə qəbul edilmiş “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmişdir. Verilmiş könüllü icra müddəti ərzində tələb borclu tərəfindən təmin edilmədiyi üçün tələbin borclunun əmlakına yönəldilməsi məqsədi ilə aidiyyatı orqanlara sorğular göndərilmişdir. Lakin iş üzrə borclunun adına heç bir qiymətli əşya və əmlak, daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Eyni zamanda, borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə yaşadığı və qeydiyyatda olduğu ünvan 4 ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi əşya və əmlak aşkar olunmamışdır. Həmçinin, iş üzrə Borclu harada olmasını və yaşamasını soruşduqda özünü onun anası kimi təqdim edən qadın qızının uzun müddətdir ki, həmin evdə yaşamadığını bildirmiş, bununla bağlı hal şahdlərinin iştirakı ilə akt tərtib edilərək imzalarla təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixdə İcra haqqında Qanunun 27-ci maddəsinə əsasən borclunun axtarılması barədə qərar qəbul edilərək aidiyyatı üzrə Ağstafa rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində xx.xx.2015-ci il tarixdə 14275 nömrəli axtarış işi açılmışdır. Lakin bütün bunlara baxmayaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu barəsində xx.xx.2017-ci il tarixdə Abşeron rayon Məhkəməsinə borclunun Abşeron rayon icra şöbəsinə məcburi gətirilməsi ilə bağlı təqdimatla müraciət edilmiş, Abşeron rayon Məhkəməsinin 8(012)-130 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə borclunun Abşeron rayon İcra şöbəsinə məcburi gətirilməsi ilə bağlı icra məmurunun təqdimatı təmin edilmiş və iş üzrə Borclu xx.xx.2017-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə məcburi qaydada gətirilmişdir. Belə olan halda, iş üzrə Borclu barəsində olan icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yetirmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tərkib yarandığından, borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün xx.xx.2017-ci il tarixdə Abşeron rayon Məhkəməsinə təqdim edilmiş və Abşeron rayon Məhkəməsinin 3(012)-181/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin Abşeron rayon Məhkəməsinin 3(012)-181/17 saylı xx.xx.2017-ci il tarixli inzibati qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilmiş və həmin qərar məhkəmənin 3(105)-110/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Həmçinin, tələbin borclunun əmlakına yönəldilməsi məqsədilə görülmüş tədbirlər nəticə verməmişdir. Belə olan halda, Bakı şəhəri 22 saylı Notariat Kontorunun 3-M-0-1-17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydi “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 22 saylı notariat kontoruna geri qaytarılmışdır. -Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 36 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli 17/752810/17-8 nömrəli məktubda qeyd edilmiş Borclu barəsində Bakı şəhəri 22 saylı notariat ofisinin 3-M-0-1-17 reyestrli xx.xx.2015-ci il tarixli icra sənədinin hazırki mərhələdə icrası mümkün olmadığından Abşeron rayonu İcra şöbəsi tərəfindən Bakı şəhəri 22 saylı notariat ofisinə geri qaytarılmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********41 saylı məktubdan görünür ki, sorğuda qeyd olunan Borclu adına əmlakın olub-olmaması ilə bağlı müvafiq məlumatların və sənədlərin surətlərinin verilməsinə dair 17/75-8İ-121 saylı, xx.xx.2021-ci il tarixli sorğuya baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş tam olmayan elektron baza məlumatlarına əsasən 1984-cü il təvəllüdlü Borclu adına ümumbirgə əsaslarla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.1200 ha torpaq sahəsinə dair JN-25899D saylı, Kod-00500066 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Sözügedən torpaq sahəsinin dövlət reyestrində qeydə alınıb-alınmaması, habelə, sonradan özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi barədə dəqiq məlumat yoxdur. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3047/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Borclu cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-3530/2021 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi etibarsız hesab edilmişdir. -Şikayətə əlavə olunmuş 2810/2015 saylı icra işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-5028/2015 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh Borclu 9144 manat pul, 31 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamədən daha sonra görünür ki, xx.xx.2015-ci il tarixli 3-M-1-17 saylı kredit müqaviləsinə əsasən, Tələbkar ilə Borclu arasında 9144 manat borcun verilməsinə dair kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, borcalan hər ay 381 manat ödəməyi öhdəsinə götürmüşdür. -Şikayətə əlavə olunmuş 2810/2015 saylı icra işinin materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2017-ci il yanvar tarixli 2(105)-332/2017 saylı qərardadı ilə cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı pul tələbinə dair işin icraatına məhkəmədə baxılmalı olmadığından xitam verilmiş, iddiaçı Tələbkar icra qeydinin icrası ilə bağlı Abşeron rayon İcra şöbəsinə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. -Şikayətə əlavə olunmuş 2810/2015 saylı icra işinin materiallarından görünür ki, Abşeron rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-0-1-17 reyestr nömrəli xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, icra qeydinin könüllü olaraq icra edilməsi üçün borcluya 10 gün könüllü icra müddəti verilmişdir. -Şikayətə əlavə olunmuş 2810/2015 saylı icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-2795/2017 saylı qətnaməsi ilə iddiaçı Borclu cavabdeh 22 saylı Notariat Kontoruna qarşı xx.xx.2015-ci il tarixli 3M-001/17 reyestr üzrə təsdiq edilmiş icra qeydinin icra edilməli olmayan hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. -Maraqlı şəxs məhkəmənin sorğusuna əsasən, Abşeron rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli 17/75-814/2022-K saylı məktubundan görünür ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunun icra qeydi üzrə Tələbkar icra işi “Elektron İcra” informasiya sistemində və arxiv materiallarında aşkar olunmamışdır. Abşeron rayonu 1 saylı Notariat Kontorunun 8İ-1424 saylı, xx.xx.2021-ci il tarixli icra qeydi üzrə Tələbkar tərəf olduğu digər icra işi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və icra məmuru tərəfindən ərazi aidiyyatı üzrə xx.xx.2021-ci il tarixdə Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə şikayət ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İcra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsasıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, borcalan Borclu ilə borcverən Tələbkar arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, Bakı şəhəri 22 saylı Notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 3-M-1-17 reyestr nömrəli kredit müqaviləsinə əsasən, borcverən borcalana hər ay 381 manat ödənilmək şərtilə xx.xx.2017-ci il tarixədək 9144 manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında kredit müqaviləsi bağlandıqdan sonra müqavilə üzrə öhdəliklər borclu tərəfindən icra edilmədiyindən borcverənin ərizəsi əsasında müqavilənin bağlandığı Notariat Kontoru tərəfindən icra qeydi verilərək icra olunması üçün aidiyyəti icra şöbəsinə göndərilmiş, Abşeron rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən, həmin icra sənədi üzrə icraata başlanılmış, icra qeydinin könüllü olaraq icra edilməsi üçün borcluya 10 gün könüllü icra müddəti verilmişdir. Göründüyü kimi, tərəflər arasında borc hüquq münasibətlərin icrası əsası kimi icra qeydi verilmişdir. Lakin həmin icra qeydi ilə bağlı tərəflər arasında dəfələrlə məhkəmə mübahisələri olmuş və sözügedən kredit müqaviləsi üzrə təkrarən icra qeydinin verilməsi ilə bağlı borcverənin müraciəti əsasında Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən 8İ-1424 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinin etibarsızlığı Borcludil qızı tərəfindən mübahisələndirilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3047/2021 saylı qətnaməsi ilə iddiaçı Borclu cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə təmin edilməsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 3530/2021 saylı qətnaməsi əsasında, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ- 1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi etibarsız hesab edilmişdir. Beləliklə də, borcverən Tələbkar ilə borcalan Borclu arasında 9144 manat kredit borcunun qaytarılmasına dair hazırda, Abşeron rayon 22 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 3-M-1-17 saylı icra qeydi mövcuddur və qüvvədədir. İcra qeydi Maraqlı şəxs tərəfindən icraata qəbul edilmiş, icra mərhələsində borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilmədiyindən icra sənədinin icrasının mümkün olmadığı nəzərə alınmaqla icra sənədinin məhkəməyə qaytarılması qərara alınmış və bu barədə Abşeron rayon İcra şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə qərar qəbul edilmişdir. Göstərilən əsas rəhbər tutularaq, icra sənədi üzrə borcverən tərəfindən borcalanın mülkiyyətində Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 0.1200 ha torpaq sahəsinin olmasını əsas gətirərək, icra sənədinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin icra şöbəsinə qaytarılması məhkəmədən xahiş olunmuşdur. İcra haqqında Qanunun: 23.1.3 maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.2. maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.6. maddəsinə əsasən icra edilmiş icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. 23.7. maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, borcalan Borclu borcverən Tələbkar olan 9144 manat kredit borcunun qaytarılmasına dair Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli 3-M-1-17 saylı icra qeydi verilmiş olsa da, həmin icra qeydi borclunun tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlaklar olmadığından məhkəməyə və icra sənədi üzrə tərəflərə göndərilmişdir. Şikayətə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən məhkəməyə daxil olmuş 2810/2015 saylı icra işinin materiallarından göründüyü kimi, icra qeydinin icra edilməməsinə görə məhkəməyə geri qaytarılması barədə icra orqanının rəhbəri tərəfindən təsdiq olunmuş qərar qəbul edilmiş, həmin qərarın məhkəməyə və tərəflərə göndərilməsi, bununla yanaşı tərəfin qərarın surətini aldıqdan 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ qərarda öz əksini tapsa da, həmin qərarın tələbkar tərəfindən alınmasına dair sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, İcra haqqında Qanunun tələbləri həmin Qanunun 23.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan qalxdıqdan sonra icra sənədi üzrə borcverənin ərizəsi əsasında icra şöbəsi tərəfindən yenidən icra edilməsini istisna etməsə də, borcverən Tələbkar ərizəsi əsasında icra qeydi vermiş notariat qurumu tərəfindən icra qeydi itirildiyindən, bu hal Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən kredit müqaviləsi üzrə yeni icra qeydinin verilməsinə əsas olmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-3530/2021 saylı qətnaməsi ilə Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi etibarsız hesab edilmişdir. Bu səbəbdən də, borcverən icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərardan məlumatlı olmuş və 2022-ci ilin mart ayında Maraqlı şəxsnə müraciət etməsi nəticəsində həmin şöbənin xx.xx.2017-ci il tarixli qərarı ilə tanış olmuşdur. Ona görə də, borcverənin həmin qərardan şikayət vermək müddəti məhz həmin tarixdən, yəni xx.xx.2022-ci il tarixdə başlanmaqla məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalanın şəxsi əmlak vəziyyətində dəyişiklik olmuş, mülkiyyətində daşınmaz əmlakın olması, bu barədə şikayətə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-25899D nömrəli, Kod: 00500066 saylı şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən tələbkar yenidən ərizə ilə notariat kontoruna müraciəti əsasında yeni icra qeydi verilməsinə baxmayaraq həmin icra sənədi Apellyasiya məhkəməsi tərəfindən etibarsız hesab edilmişdir. İcra qeydi icrasız qaldığından və borclunun əmlak vəziyyətində dəyişiklik olduğundan, tələbkar Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli 3-M-1-17 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2015-ci il tarixli 7E-2640 reyestr nömrəli icra qeydinin yenidən icra olunması ilə əlaqədar icra məmurunun qərarından şikayət vermək məcburiyyətində qalmışdır. Belə ki, yeni icra qeydinin düzgün verilməməsi və ona görə də etibarsız hesab edilməsi nəticəsində tələbkarın qərardan şikayət vermə müddətinin ötürməsini tələbkarın məsuliyyətsizliyi kimi qiymətləndirilməməlidir. Ona görə də məhkəmə müddətin keçirilməsini üzürlü hal kimi qeyd edərək tələbkarın şikayətini əsaslı hesab edir. Beləliklə Məhkəmə hesab edir ki, şikayət əsaslıdır, ona görə də təmin edilməli, Abşeron rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli 3-M-1-17 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2015-ci il tarixli 7E-2640 reyestr nömrəli icra qeydi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli 3-M-1-17 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2015-ci il tarixli 7E-2640 reyestr nömrəli icra qeydi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-199/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-199/2022
08.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver