Məhkəmə qərarları › İş №8(012)-202/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-202/2022

15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-202/2022 15.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon 2 saylı Notariat Ofisinin 8176 saylı, 23.12.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1883.71 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar 30.03.2022-ci il tarixdə Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin 8176 saylı, 23.12.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1883.71 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət olunmuşdur. İcra sənədi 11.01.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq borclu şəxs tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Həmçinin borclunun isifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış, həmçinin borcluya Sms bildiriş göndərilmiş, lakin o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Ona görə də Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin 8176 saylı, 23.12.2021-ci il tarixli icra sənədinə əsasən ondan 1883.71 manat pul vəsaiti tutularaq Tələbkar ASC-yə ödənilməlidir. O, dekabr ayının əvvəli Covid-19 virusuna yoluxmuş, hazırda da müalicəsi davam edir. Həkimi ona çölə çıxmağa icazə verməmiş və o, bu barədə icra məmuruna məlumat vermişdir. Təqdimatı vermiş icra məmuru və tələbkar məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. Müvafiq halda icra orqanı təqdimata Borclu şöbəyə və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə dəvət edilməsi haqqında heç bir əsaslandırılmış rəsmi sənəd (bildirişin borcluya çatması barədə) əlavə etməmişdir. Məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən, həmçinin borclunun heç bir məcburiyyət tədbiri tətbiq olunmadan tam könüllü şəkildə məhkəmə iclasına gələrək izahat verməsi onun eyni zamanda icra sənədinin icrasından yayınmasını istisna etdiyindən təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar