Məhkəmə qərarları › İş №8(012)-206/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-206/2022

07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-206/2022 07.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İcra sənədi üzrə Tələbkar, İcra sənədi üzrə Borclu vəkili-nümayəndəsi X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-6752/2016 saylı, 18 oktyabr 2016cı il tarixli qərardadına izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən verilmiş ərizəyə 07 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-6752/2016 saylı, 18 oktyabr 2016-cı il tarixli qərardadına izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra və probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı 18.01.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş 17.02.2013-cü il təvəllüdlü X2 anası Məmmədova (Əliyeva) Türkanə Salman qızının yanında qalmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 137 manat sabit pul məbləğindən alimentin tutulub Məmmədova (Əliyeva) Türkanə Salman qızına ödənilməsi qərara alınmışdır. İcra sənədində Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı 18.01.2017-ci il tarixli qətnaməsi əsasında verilən icra vərəqəsində alimentin hansı tarixdən başlayaraq hesablanması göstərilməmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin 2(012)-6752/2016 saylı 18.10.2016-cı il tarixli qərardadı ilə hesablanan alimentin qüvvədə qalıb-qalmamasına da münasibət bildirilməmişdir. Bütün bunlar da hər iki icra sənədi üzrə alimentin hesablanmasında bir sıra çətinliklər yaradır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində təsbit olunur ki, icra sənədlərində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə belə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. Bütün bunları nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq Abşeron Rayon Məhkəməsinin 2(012)- 288/2017 saylı 18.01.2017-ci il tarixli qətnaməsinin icrasında yuxarıda göstərilən hissələrdə müəyyən çətinlik və anlaşılmazlıqlar yarandığı üçün həmin qətnaməyə və qərardada müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar bildirdi ki, aliment barədə məhkəmə qətnaməsi 2017-ci ildə çıxarıldığından borcludan aliment də həmin tarixdən tutulmalıdır. Onların bu tarixdən sonra birlikdə yaşamaları borclunu aliment öhdəliklərindən azad etmir. Hazırki məsələ həll edilərkən məhkəmə tərəfindən bu hallar mütləq nəzərə alınmalıdır. Məhkəmə iclasında icra sənədi üzrə Borclu vəkili-nümayəndəsi X3 bildirdi ki, aliment barədə qətnamənin 2017-ci ildə çıxarılmağına baxmayaraq, təmsil etdiyi şəxs bundan sonra da Tələbkar ilə birlikdə yaşamış və ailəni təmin etmişdir. Bütün bu illər ərzində aliment ödənişinə heç bir zərurət qalmamışdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimata təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsinə izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 11.1-ci bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Məhkəmə ərizəyə münasibətdə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 288/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsi dəqiq və aydın olmaqla, izaha ehtiyacı olmadığından Abşeron rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilməməlidir. Belə ki, həmin qətnamədə alimentin tutulmasının əvvəlinin 18.01.2017-ci il tarixdən hesablanması göstərilmişdir. Belə olan halda isə məhkəmə qətnaməyə bu barədə hər hansı izahın verilməsinə zərurət görmür. İddianın təmini tədbiri barədə qərardadla hesablanan aliment barədə icra məmurunun ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəllər qüvvədə olan qanunvericiliyə görə iddianın təmini tədbiri müvəqqəti xarakter daşıyır və iddianın gələcəkdə təmin edilməsinə yönəldilmiş prosessual tədbirdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-6752/2016 saylı, 18 oktyabr 2016cı il tarixli qərardadına izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar