Məhkəmə qərarları › İş №8(012)-214/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-214/2025

11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-214/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İcra sənədi üzrə Borclu vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İcra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev tərəfindən verilmiş təqdimata Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2155/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2155/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 32000 (otuz iki min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləği tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manatın 50 (əlli) manatı iddiaçı Tələbkar, 50 (əlli) manatı isə cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İcra işi xx.xx.2024-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmiş, buna baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən təmin olunmamışdır. Buna görə də təqdimat təmin olunmalıdır. Məhkəmə iclasında icra sənədi üzrə Borclu vəkili və nümayəndəsi Vəkil bildirdi ki, borclu hazırda "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və aylıq 1000 manat məbləğində əmək haqqı alır. Hüquqlarını müdafiə etdiyi şəxs yük maşınının sürücüsüdür, ölkə xaricinə yük aparıb-gətirməklə məşğuldur. Əgər ölkədən getmək hüququna məhdudiyyət qoyulsa, o, işdən azad ediləcək və və icra sənədi üzrə heç bir ödəniş edə bilməyəcəkdir. Bütün bunları nəzərə alaraq, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə borclunun vəkili və nümasyəndəsini dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2155/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 32000 (otuz iki min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləği tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manatın 50 (əlli) manatı iddiaçı Tələbkar, 50 (əlli) manatı isə cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Borclu himayəsində yetkinlik yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşağları vardır. - AZ-İ 102029 saylı nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il tarixdə Naxçıvan şəhər qeydiyyat şöbəsinin 09 saylı akt qeydi ilə Borclu ilə X3 arasında nikah bağlanmışdır. - 29.03.2025-ci il tarixində işəgötürən "xxxx" MMC ilə işçi Borclu arasında baş sürücü vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır.İşçiyə hər ay 1000 manat məbləğində əmək haqqı müəyyən olunmuşdur. - Avrasiya Klinikasının müxtəklif tarixlərdəki epikrizlərinə görə X1 nefrektomiyalı, sol böyrək lojasında postop fibrotik dəyişikliklər, sağ böyrəküstü vəzin lateral ayaqcığında 12x9 mm ölçüdə adenoma, minimal hepatosteatoz, TH5-6 diskdə onurğa beynini minimal sıxan 2 mm ölşüdə sağ paramedian protruziya, TH6-7 diskdə onurğa beynini sıxan 3 mm ölçüdə arxa-mərkəzi yırtıq, L5-S1 diskdə dural kisəni və sağ S1 sinir kökcüyünü sıxan 5 mm ölçüdə sağ paramedian geniş əsaslı yırtıq, TH5-6 onurğa beynini sıxan minimal sıxan paramedian qabarma, TH6-7 diskdə onurğa beynini sıxan 2 mm ölçüdə arxa-mərkəzi yırtıq, TH7-8 diskdə anterior subaraxnoid sahəni minimal sıxan arxa-mərkəzi qabarma, TH9-10 diskdə anterior subaraxnoid sahəni minimal sıxan arxa-mərkəzi geniş əsaslı qabarma kimi xəstəlikərdən əziyyət çəkir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu angiomyolipoma, yəni piy toxuması tərkibli törəmədən və Th5-6 onurğa beynini minimal sıxan sağ paramedian qabarma (bulging) xəstəliklərindən əziyyət çəkir və buna görə 2 dəfə ağır əməliyyat keçirmişdir. Hal-hazırda da həkim nəzarətində müalicə və müayinə olunur. Həmçinin o, yükmaşını sürücüsüdür və başqa qazanc yeri yoxdur. Əgər ölkədən getmək hüququ məhdudlaşdırılsa işdən azad ediləcək və heç bir ödəniş edə bilməyəcək. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, mülkiyyətində olan 4 nəqliyyat vasitəsi aşkar edilmişdir. Göründüyü kimi, borclunun ağır xəstəlikdən əziyyət çəkməsini və yük avtomobilinin sürücüsü olduğunu, başqa qazanc yerinin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına hazırda zərurət yoxdur. Belə ki, bu hal əskinə məhkəmə qətnaməsinin icrasını ləngidə bilər. Bu nəticəyə gələrkən məhkəmə borclunun mülkiyyətində bir neçə nəqliyyat vasitəsinin olduğunu da nəzərə alır. İcra məmuru həmin əmlaklarla bağlı məcburi icra tədbirləri görməklə də, icra sənədinin operativ həll edilməsinə nail ola bilər. Başqa sözlə, icra məmurunun hazırki təqdimatı kifayət qədər əsaslandırılmamışdır. Hazırda bu təqdimatın təmin edilməsinə heç bir zərurət yoxdur. Həmçinin AR Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları” haqqında Təlimatın 2.2.3-cü bəndinə əsasən borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.3.5-ci bəndinə əsasən tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. İcra sənədinə əsasən yaranmış borcun təmin edilməsi məqsədilə icra məmuru “İcra haqqında” Qanunun 45.1-ci maddəsində göstərilən tədbirlər görmək əvəzinə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat vermiş, bununla da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi operativ şəkildə icra edilməmişdir. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, təqdimat rədd olunmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar