Məhkəmə qərarları › İş №8(012)-216/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-216/2024

25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-216/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə1, Borclu vəkili və nümayəndəsi Vəkil2, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 iştirakları ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X1 və Borclu 37518,88 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “Bank Respublika’’ ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 8(012)-216/2024 saylı qərardadına əsasən, təqdimat qismən təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Borclu Eldarlı X3 rayon Məhkəməsinin 21 may 2024- cü il tarixli, 8(012)-216/2024 saylı qərardadından xx.xx.2024-cü il tarixdə şikayət vermişdir. Abşeron rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 8(012)-216/2024 saylı qərardadına əsasən, Abşeron rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 8(012)- 216/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməmiş və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-216/2024 nömrəli qərardadı ləğv edilmiş, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, şikayətdə qeyd edilənlərə əsasən, borclunun digər bir daşınmaz əmlakı-Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, bina 1, blok 82, mənzil 6A 2023-cü ildə hərraca çıxarılmış və satılmışdır. Qeyd edilən sənədlərdən görünür ki, borcluya məxsus müxtəlif əmlakların üzərinə həbs qoyulmuş, həmin əmlaklardan bəziləri satılmış və borcun ödənilməsinə yönəldilmişdir. Təqdimatda qalıq borcun məbləği göstərilməmişdir. Birinci instansiya məhkəməsi isə göstərilən halları nəzərə almamış, hazırda borc məbləğinin nə qədər təşkil etməsinə dair mötəbər sənədləri tələb etməmiş, bəzi avtomobillərin üzərindən həbsin götürülməsi səbəblərini aydınlaşdırmamış, icra işi üzrə materialları tələb edib tədqiq etməmiş, o cümlədən bu hallar şikayətdə mübahisələndirilsə də qərardaddan verilən şikayətin dəlilləri yoxlanılmamış və araşdırılmamışdır. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında və ərizəsində bildirmişdir ki, Borclu ərizəsində qeyd etdiyi ödənişlərlə bağlı hər hansı təsdiqedici sənədlər təqdim etməmişdir. Bununla bağlı bəzi məqamlara aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Belə ki, ərizədə qeyd edilən avtomobillərdən “Bentley Continental” markalı avtomobil hərracda 28300 manata satılmış və satışdan əldə olunan vəsait Borclu borcundan silinmişdir. Hyundai Sonata markalı avtomobil xx.xx.2021-ci il tarixdən axtarışdadır və avtomobilin harda olması barədə məlumat yoxdur. Bununla bağlı müvafiq sənədlər icra məmuru təqdim edə bilər. BMW 428i markalı avtomobilə gəlincə isə faktiki həmin avtomobil Borclu tərəfindən üçüncü şəxsə satılmışdır. Aralarında olan razılığa əsasən, Borclu tərəfindən 5000 (beş min) manat ödənildikdən sonra həmin avtomobil həbsdən azad edilmişdir. (Bütün sadalananlar hesabdan çıxarışda öz əksini tapmışdır) Bundan başqa ərizədə qeyd edilmişdir ki, guya Borclu məxsus daşınmaz əmlak Xırdalan şəhərində yerləşən mənzil 2023-cü ildə hərraca çıxarılmışdır. Hansı mənzil olması, mənzilin ünvanı və mənzil barədə digər məlumatlar, eyni zamanda hansı işlə bağlı hərracın keçirildiyi barədə və hərracın keçirilməsini təsdiqedici sənəd təqdim edilməmişdir Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırkı işlə bağlı hər hansı mənzil hərraca çıxarılmamışdır. Bundan əlavə o, qeyd etmişdir ki, “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili hərracda satılması ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur. “Bentley Continental” markalı avtomobil hərracda 28300 manata satılmışdır. Həmçinin BMW markalı avtomobil hərracda satılmamışdır. Çünki borclu maşın alveri ilə məşğuldur, BMW markalı avtomobil əvvəldən başqa şəxsə satılmışdır. “Bentley Continental” markalı avtomobil hərracda satılması ilə bağlı hərracın yekunlarına dair qərarın ləğv edilməsi məsələsi hazırda Ali Məhkəmədə baxılır. Bundan başqa borclu tərəfindən onlara 1000 manat məbləğində pul “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş, 500 manat məbləğində pul isə Abşeron Rayon İcra və Probasiya Şöbəsində ödənilmişdir. Odur ki, o, borclunun adına olan və borcu tam ödəməyə kifayət edəcək məbləğdə olan avtomobilin satılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu vəkili və nümayəndəsi Vəkil2 izahatında göstərmişdir ki, 2015-ci il tarixli məhkəmə qətnaməsində “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması qət edilmişdir. Lakin hazırda “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin taleyi araşdırılmadan Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin üzərinə də həbs qoyulması düzgün deyildir. Suraxanı rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, borclunun mülkiyyətində olan “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil hərracda 10000 manata satılmışdır. Həmçinin “Bentley Continental” markalı avtomobil 23800 manata satılmış, borca ödənilmişdir. Bundan əlavə borclunun adına Xırdalan şəhərində yerləşən mənzil yoxdur. Odur ki, o, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 izahatında bildirmişdir ki, “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı hərrac protokolu mövcud deyildir. Yalnız “Bentley” markalı avtomobilin satılması ilə bağlı hərracın keçirilməsi protokolu vardır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən verilmiş 21 fevral 2018-ci il tarixli, Y-66 №-li hərracın nəticələri haqqında protokoldan görünür ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil qalib alıcı X2 10000 manata satılmışdır. -Bakı Şəhəri Suraxanı Rayon və Probasiya İcra Şöbəsi tərəfindən verilmiş 22 fevral 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu məxsus çıxarışdan görünür ki, Borclu adına VAZ 21723 MİNİK markalı, 77NM941 dqn-lı, FORD FUSİON MİNİK markalı, 50EE389 dqn-lı, MERCEDES BENZ E200K MİNİK markalı, 99LS462 dqnlı, OPEL VECTRA MİNİK markalı, 99SZ834 dqn-lı, MERCEDES BENZ S 320 MİNİK markalı, 90GO220 dqn-lı, LEXUS LS460 MİNİK markalı, 50ET307 dqn-lı, MERCEDES BENZ S280 MİNİK markalı, 90ZB198 dqn-lı, TOYOTA LAND-CRUİSER- PRADO MİNİK markalı, 90CT808 dqn-lı, BMW X-6 MİNİK markalı, 50EU629 dqn-lı, MERCEDES BENZ R 300 CDİ MİNİK markalı, 99XO034 dqn-lı, LEXUS RX300 MİNİK markalı, 50FA458 dqn-lı, FORD MONDEO MİNİK markalı, 42CJ356 dqn-lı, MERCEDES BENZ S400 MİNİK markalı, 50FA153 dqn-lı, MERCEDES BENZ CLS350 MİNİK markalı, 77GT350 dqn-lı, MERCEDES BENZ 190 MİNİK markalı, 10OK282 dqn-lı, RANGE ROVER MİNİK markalı, 10MP250 dqn-lı, HYUNDAİ SONATA MİNİK markalı, 99XS083 dqn-lı, İNFİNİTİ JX 35 MİNİK markalı, 50DY193 dqn-lı, HYUNDAİ ELANTRA MİNİK markalı, 77SU259 dqn-lı, HYUNDAİ SONATA MİNİK markalı, 99RG905 dqn-lı avtomobillər qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, icra sənədi üzrə borclu tərəfindən tələbkara ödənilməli olan məbləğ 37518,88 ABŞ dollar məbləğindədir ki, bu azərbaycan məzənnəsi ilə bu günə 63782.09 manat təşkil edir. Tələbkarın izahatından görünür ki, həmin borcdan borclu BMW 428i markalı avtomobilin satışından 5000 manat, “Bentley Continental” markalı avtomobil hərracda satışından 28300 manat, “Mercedes Benz 350” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1000 manat, Abşeron Rayon İcra və Probasiya Şöbəsində isə 500 manat ödəmişdir. Bu ödənişləri tələbkar tam etiraf etmişdir. Borclunun nümayəndəsi izahatında borclunun mülkiyyətində olan “Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil hərracda 10000 manata satılmasını və həmin borca ödənilməsini bildirsə də tələbkar və icra məmuru bunları təkzib edərək belə halların olmadığını bildirmişlər. Ona görə də məhkəmə nümayəndənin dediklərini səməmi hesab etmir, nəzərə alınmaması qərarına gəlir. Hazırda müəyyən olunur ki, borclunun verilən məbləğlər nəzərə alınmaqla tələbkara (637xx.xx-28300-5000-1000-500=28982.09) 28982.09 (iyirmi səkkiz min doqquz yüz səksən iki) manat məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, həmin icra sənədi üzrə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin üzərinə həbs qoyulmasına ehtiyac yoxdur. Belə ki, qalıq borc borclunun əmlakına adekvat deyildir. Hazırki borcun təmin edilməsi üçün borclunun mülkiyyətində avtomobillərin sayı çoxdur və borcun məbləğinə uyğun həmin avtomobillərin üzərinə həbsin qoyulması məqsədəmüafiqdir. Bu səbəbdən də, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar