Məhkəmə qərarları › İş №8(012)-22/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-22/2023

24.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-22/2023 24.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin e-16(012)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Tələbkar iddiaçı Borclu ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək ünsiyyət hüququ təmin edilməlidir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin e-16(012)- 107/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Tələbkar iddiaçı Borclu ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək ünsiyyət hüququ təmin edilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu icra sənədi üzrə tələbi təmin etmir. Qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra sənədi 3 ay müddətdir ki, icra olunmur. 3 ay müddətində icra sənədi bir dəfə icra olunmuş, uşaq ona çox bağlı olduğundan azyaşlı uşaq icra məmuru tərəfindən məcbur edilərək avtomobilə yerləşdirilmişdir. Borclu qəyyumluğun keçirilməsində maraqlı olmaqla, həmin müddət ərzində onun uşaqla görüşünü təmin etməmişdir. İcra məmuru dəfələrlə onu çağırmış, lakin borclu icra şöbəsinə gəlməmişdir. Borclunun anası poliklinikada diş həkimidir və uşağın xəstə olması ilə bağlı saxta arayış tərtib etmişdir, halbuki, uşaq sağlamdır. O, uşaqla görüş üçün hər yola əl atsa da mümkün olmamışdır. Borclu məqsədli şəkildə icra sənədinin icrasından yayınmışdır. Təqdimatı vermiş şəxs və iş üzrə borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin və borclunun iştirakı olmadan keçirilmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdırıb belə qənaətə gəlir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış, Borclu icra sənədinin icra olunması barədə məlumat verilmiş, lakin üzrsüz səbəbdən o, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməmiş və icra sənədini icra etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun bildiriş göndərməsinə, telefon və sms vasitəsilə çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-16(012)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1991-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Kəlbəcər rayonu N.Gəncəvi prospekti 87 saylı evdə qeydiyyatda olan və Abşeron rayonu Masazır kəndi Ş.Dünyamalıyev küçəsi 14 saylı mənzildə yaşayan borclu Fərəcli X2 rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar