Məhkəmə qərarları › İş №8(012)-221/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-221/2023

12.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-221/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-4689 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 4427.51 manat pul vəsaiti tutularaq Tələbkar ASC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ- 4689 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 4427.51 manat pul vəsaiti tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin hazırkı günədək icra sənədi üzrə tələb könüllü olaraq borclu tərəfindən təmin edilməmişdir. Belə olan halda, məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən, Borclu mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi, 143 saylı evin 8 saylı mənzilinin (reyestr nömrəsi **********79-05301-093008) olması müəyyən edilmişdir. İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə həmin əmlakın üzərinə həbs qoyulmuşdur. Ona görə də sözügedən əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru, tələbkar və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zərurihallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. İcra işinin əmlaka dair kompüter çıxarışından görünür ki, Borclu adına Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi, 143 saylı evin 8 saylı mənzili (reyestr nömrəsi **********79-05301-093008) və bununla yanaşı, bir torpaq sahəsi və beş mənzil mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na əsasən, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə). Beləliklə, məhkəmə hesab edir ki, icra sənədi üzrə öhdəliyin icrasının təmini üsulu kimi üzərinə həbs qoyulması nəzərdə tutulan Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi, 143 saylı evin 8 saylı mənzilinin (reyestr nömrəsi **********79-05301-093008) borclunun yeganə yaşayış yeri olmaması icra işi materialları və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumat əsasında da öz təsdiqini tapmışdır. Belə ki, sözügedən məlumatlara əsasən, borclunun mülkiyyətində bir torpaq sahəsi və altı ədəd mənzil dövlət qeydiyyatına alındığından təqdimat əsaslı olmaqla təmin edilməli, Borclu mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi, 143 saylı evin 8 saylı mənzilinin (reyestr nömrəsi **********79-05301-093008) üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-4689 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi, 143 saylı evin 8 saylı mənzilinin (reyestr nömrəsi **********79- 05301-093008) üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar