Məhkəmə qərarları › İş №8(012)-228/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-228/2022

26.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-228/2022 26.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin Abşeron rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(012)-2985/2019 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin təxirə salınması vəzifəsinin Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin üzərinə qoyulması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Borclu MMC-nin xx.xx.2019-cu il tarixli, 12T/HR saylı X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X1 Borclu MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq, iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Maraqlı şəxsnə icraya yönəldilmişdir. Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC şikayət ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(012)-2985/2019 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin təxirə salınması vəzifəsinin Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs tərəfindən Borclu MMC-yə ünvanlanmış 17/755204N nömrəli 16 mart 2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Tələbkarın nümayəndəsinin verdiyi məlumata əsasən inzibati xəta haqqında protokola baxış zamanı Borclu MMC-nin nümayəndəsi məhkəməyə müvafiq sənədlər, o cümlədən, MMC-də Hüquq departamentinin yaradılması və həmin departamentə ştat vahidlərinin daxil olunması barədə xx.xx.2020-ci il tarixli 09-SCH/HR saylı əmrin təsdiq olunmuş surətini və ştat vahidləri barədə məlumat təqdim etmişdir. Qeyd olunanları nəzərə almağınızı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunması, tələbkar X3 Borclu MMC-də hüquq departamentinin rəhbəri vəzifəsinə dərhal bərpa edərək bunu təsdiq edən sənədlərin surətinin Maraqlı şəxsnə təqdim etməyiniz tələb olunur.” Qeyd olunan məktubla bağlı bildirir ki, Abşeron rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(012)-1662/2021 saylı qərarından Borclu MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, Abşeron rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Abşeron rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi barədə 3(105)- 19/2022 saylı 15 mart 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarla müəyyən edilmişdir ki, "Carlsberg Azerbaijan” MMC-nin M.Y.Tağıyevanın işdən azad edilməsinə dair 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrinin ləğvi barədə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra vərəqəsi 17 sentyabr 2021-ci il tarixdə qüvvəyə minib icraya yönəldilən tarixdən 10 ay 11 gün əvvəl 18 dekabr 2018-ci il tarixli 25 saylı əmrin icrası qaydasında M.Y.Tağıyevanın 15 yanvar 2019-cu il tarixdən işdən azad edilməsi barədə digər əmr verilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin icra vərəqəsinin icra olunmamasını Borclu MMC-nin bununla əlaqələndirməsinə baxmayaraq birinci instansiya məhkəməsi bu xüsusatları araşdırıb müvafiq hüquqi qiymət verməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyənləşdirməkdən ötrü məhkəməyə təqdim olunmuş sənədlər hərtərəfli və tam araşdırılmalı və material üzrə qəti qərar qəbul edilməlidir.” Göründüyü kimi, Borclu MMC-nin 18 dekabr 2018-ci il tarixli, 25 saylı əmrinin mövcudluğu məhkəmə qərarının tam şəkildə icra olunmasını qeyri-mümkün etməsi barədə borclunun dəlilini məhkəmə əsaslı hesab etmişdir. Belə olan halda icra məmurunun məhkəmə qətnaməsinin icra olunması, tələbkar X3 Borclu MMC-də hüquq departamentinin rəhbəri vəzifəsinə dərhal bərpa edilməsi tələbi borclu tərəfindən icra oluna bilməz. Ən azından qeyd edilən işə məhkəmədə baxılıb qurtarana kimi icra tədbirləri təxirə salınmalıdır. xx.xx.2022-ci il tarixdə icra tədbirlərinin təxirə salınması xahişi ilə müraciət icra məmuruna göndərilmişdir. Lakin icra məmuru qanunun tələbini pozaraq icra tədbirlərinin təxirə salınması barədə qərar qəbul etməmişdir. Məhkəmə iclasında ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, hazırki icra işi üzrə icra tədbirləri həyata keçirilən zaman borclu dəfələrlə icra məmuruna məhkəmə tərəfindən göndərilən icra sənədinin tam icra olunması üçün MMC-nin xx.xx.2021-ci il tarixli 25 saylı əmrinin ləğv olunmasının icra sənədinin icrasına maneə yaradan hal olduğunu bildirmişdir. Lakin icra məmuru tərəfindən buna əhəmiyyət verilməmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-551/2022 saylı qərarı qəbul edilmiş, MMC-nin direktoru 1500 manat dəyərində cərimə olunmuşdur. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Abşeron rayon Məhkəməsinin sözügedən qərarı ləğv olunmuşdur. Məhkəmədən öncə, icra məmuru tərəfindən bu hallar araşdırılıb qərar qəbul edilməlidir, lakin buna riayət olunmamışdır. Halbuki, İcra haqqında Qanunun 16.1-ci maddəsinə əsasən, icra hərəkətləri təxirə salınmalıdır. Hesab edir ki, icra hərəkətlərinin həyata keçirilməsinə maneə yaradan hallar mövcuddur. Göstərilən hallar araşadırılmadan icra sənədi üzrə borcludan icra sənədinin icrasını tələb etmək onun hüquqlarını pozur. Qeyd olunan icra sənədi qismən borclu tərəfindən icra olunmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs icra məmuru X6 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, icra sənədi üzrə borclu Carlsberg Azerbaijan MMC-nin şikayəti icra hərəkətlərinin əsassız şəkildə uzatmaq məqsədi daşıyır. Borclu barəsində inzibati protokol tərtib olunması zamanı o, özü şəxsən iştirak etmişdir. İcra sənədi üzrə borclu tərəfindən ştat ləğv edildiyi təqdirdə tələbkara eyni əmək haqqını əhatə edən vəzifə təklif edilməli idi. Lakin işəgötürən tərəfindən işçiyə təklif edilməli olduğu halda, borclu tərəfindən bu öhdəlik icra edilməmişdir. Təklif ediləcəyi təqdirdə, o, vəzifə səlahiyyəti çərçivəsində həmin təklifi tələbkara bildirmiş, tələbkar razı olacağı təqdirdə isə vəzifəyə təmin olunmuş olacaqdı. Şikayətin əsaslarına gəldikdə isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə heç bir əsas yoxdur. Belə ki, İcra haqqında Qanunun 16-cı maddəsinə əsasən icra hərəkətlərinin 10 gündən artıq olmayan müddətə təxirə salınması yalnız insan həyat, sağlamlığına təhlükə yaradan, insan ölümünə səbəb olan hallar olduğu halda mümkündür. Belə olan təqdirdə, icra məmuru tələbkar və ya borclunun rəsmi qaydada müraciətinə əsasən, icra hərəkətlərini təxirə salır. Baxmayaraq ki, sözügedən icra sənədi artıq uzun müddətdir ki, daha dəqiqi isə xx.xx.2021-ci il tarixdən etibarən onun icraatında olduğu təqdirdə, qeyd olunan tarixdə xeyli sayda 10 gün müddətlər vardır ki, bu hal da icraatın dayandırılmasının obyektiv əsası deyildir. Bu, tamamilə subyektiv xarakter daşıyır. Belə ki, icra sənədi üzrə icraatın təxirə salınması yalnız borclunun marağında ola bilər ki, bu da qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Əgər icra sənədi üzrə icra hərəkəti təxirə salınmış olsa, heç bir real nəticə də olmayacaqdır. Belə ki, borcluya sorğularla müraciət etdiyi təqdirdə, heç bir rəsmi qaydada cavab verilmir və nəticə etibarı ilə, qanunvericilik icra məmuruna qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati protokol tərtib etmək səlahiyyəti verir. Bu səbəbdən də, göstərilənlərə əsasən, icra hərəkətlərinin təxirə salınmasına heç bir əsas yoxdur. Ona görə də borclunun şikayətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar və icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin şikayətə dair münasibətini araşdırıb, şikayəti, şikayətə əlavə olunmuş materialları nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(105)-19/2022 saylı qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 3(012)-1662/2021 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün materialın Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki, Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 3(012)-1662/2021 saylı qərarı ilə Carlsberg Azerbaijan MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat inzibati cərimə edilməsi qərara alınmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-551/2022 saylı qərarından görünür ki, Carlsberg Azerbaijan MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat inzibati cərimə edilməsi qərara alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(105)-286/2022 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Carlsberg Azerbaijan MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat inzibati cərimə edilməsinə dair Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)- 551/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. -Maraqlı şəxs Carlsberg Azerbaijan MMC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli 17/75-520-4N saylı məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2985/2019 saylı icra vərəqəsinə əsasən müvafiq qaydada icraata başlanılmış, sənədin dərhal icrası barədə borcluya bildiriş göndərilsə də, tələb təmin olunmamışdır. Bundan sonra müxtəlif tarixlərdə icra sənədinin icrası ilə əlaqədar xəbərdarlıq məktubları göndərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməyən "xxxx" MMC-nin rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və hazırda, məhkəmə baxışı davam edir. Tələbkarın nümayəndəsinin verdiyi məlumata əsasən inzibati xəta haqqında protokola baxış zamanı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə müvafiq sənədlər, o cümlədən MMC-də Hüquq departamentinin yaradılması və həmin departamentə ştat vahidləri daxil olunması barədə xx.xx.2020-ci il tarixli 09-SCH/HR saylı əmrin təsdiq olunmuş surətini və ştat vahidləri barədə məlumat təqdim etmişdir. Həmin əmrdən görünür ki, "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdən Hüquqi məsələlər üzrə departament yaradılmış və həmin departamentin rəhbəri vəzifəsi təsis olunmuşdur. Qeyd olunanların nəzərə alınması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasının tələbkar X1 Borclu MMC-də hüquq departamentinin rəhbəri vəzifəsinə dərhal bərpa edərək bunu təsdiq edən sənədlərin surətinin Maraqlı şəxsnə təqdim edilməsi tələb olunmuşdur. -Borclu MMC-nin Maraqlı şəxsnə ünvanlandığı məktubdan görünür ki, Borclu MMCnin 18 dekabr 2018-ci il tarixli, 25 saylı əmrinin mövcudluğu məhkəmə qərarının tam şəkildə icra olunmasını qeyri-mümkün etməsi barədə borclunun dəlilini məhkəmə əsaslı hesab etmişdir. Belə olan halda məhkəmə qətnaməsinin icra olunması, tələbkar X3 Borclu MMC-də hüquq departamentinin rəhbəri vəzifəsinə dərhal bərpa edilməsi tələbi borclu tərəfindən icra oluna bilməz. Ən azından qeyd edilən işə məhkəmədə baxılıb qurtarana kimi icra tədbirləri təxirə salınmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən, Borclu MMC-nin xx.xx.2019-cu il tarixli, 12T/HR saylı X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X1 Borclu MMCdə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq, iddiaçı X2 verilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi borclu tərəfindən icra edilmədiyindən icra məmuru tərəfindən tərtib olunmuş inzibati protokol materialları əsasında Carlsberg Azerbaijan MMC-nin direktoru 1500 manat dəyərində cərimə olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-551/2022 saylı qərarından Carlsberg Azerbaijan MMC apellyasiya şikayəti verdiyindən icra sənədi üzrə borclu ən azından həmin işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək icra sənədi üzrə icra hərəkətlərinin dayandırılmasını məhkəmədən xahiş etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə aktlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilməklə onların icrası ilə əlaqədar icra məmurunun tələbləri bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Şikayətə əlavə olunmuş iş materialları əsasında müəyyən olunmuşdur ki, borclu hüquqi şəxsin nümayəndəsi-vəkili Carlsberg Azerbaijan MMC tərəfindən icra sənədinin qismən icra olunduğunu, lakin MMC-nin direktorunun cərimə olunması ilə bağlı məhkəmə qərarından verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını və bu halın icra sənədinin icrasına çətinlik yaradan hal olduğunu əsas gətirərək icra sənədi üzrə icra hərəkətlərinin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İcra haqqında Qanunun: 16.1. maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır. 16.2. maddəsinə əsasən, icra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) bildiriş göndərilir. 16.3. maddəsinə əsasən, tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tərəfindən tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərinin 10 gündən çox olmayan müddətə təxirə salması qanunvericiliklə istisna edilməsə də, göstərilən norma imperativ xarakterli olmamaqla yanaşı, eyni zamanda, icra sənədi üzrə MMC-nin direktorunun inzibati qaydada cərimələnməsi ilə bağlı məhkəmə aktının mübahisələndirilməsi Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrasına çətinlik yaradan və nəticə etibarı ilə də icra hərəkətini 10 gündən artıq olmayan müddətə təxirə salınmasına əsas olan hal deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Hazırki mülki iş materiallarından göründüyü kimi isə, borclu MMC-nin direktorunun cərimələnməsi ilə bağlı məhkəmə mübahisəsini əsas gətirib, bu halın İcra haqqında Qanunun 16-cı maddəsinin tələblərinə əsasən, icra sənədinin icrasına çətinlik yaradan hal olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı bu, öz təsdiqini tapmamış, eyni zamanda, nəinki icra hərəkətinin təxirə salınmasına əsas deyildir, həmçinin, icra sənədinin icrası ilə bağlılığı da yoxdur. Bu səbəbdən də şikayət əsaslı olmadığından təmin edilməməli, eyni zamanda şikayət təmin edilmədiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədi üzrə icraat dayandırılmamalı, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin Abşeron rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(012)-2985/2019 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin təxirə salınması vəzifəsinin Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin üzərinə qoyulması barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar