Məhkəmə qərarları › İş №8(012)-230/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-230/2024

20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-230/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Tələbkar xeyrinə Borclu müddət üçün vaxtında ödənilməmiş 9000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 9025 manat məbləğində pul tutulması təklif edilmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9025 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazırkı vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ona 9025 manat məbləğində borcu vardır. Borclu əvvəllər Masazır Bələdiyyəsinin sədri olmuşdur və o, icra sənədində qeyd olunmuş 9000 manat məbləğində pulu vaxtilə torpaq məsələsi ilə bağlı borcluya vermişdir. Odur ki, göstərilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, onunla Tələbkar notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlamış, həmin borc müqaviləsi üzrə ona əvvəl 6000 manat məbləğində pul verilmiş, daha sonra bu borc məbləği 9000 manat olmuşdur. Hazırda o, notarius orqanının sözügedən icra qeydindən məhkəməyə şikayət etmişdir. Qeyd edir ki, o, borcunu avqustun 1-nə kimi tələbkara qaytaracaqdır. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ona məxsus sözügedən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Odur ki, o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsindən görünür ki, Borclu Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tələbkarın və borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, məcburi icra hərəkətlərinin aparılmasına əsas olmuş Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-8879 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi hazırda Borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilir və həmin iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. İcra məmuru “İcra haqqında AR Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədi üzrə icraatı dayandırmaq əvəzinə hazırki təqdimatla məhkəməyə müraciət etməsinə heç bir əsas olmamışdır və buna görə də məhkəmə hesab edir ki, təqdimatın təmin olunmasına əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar