Məhkəmə qərarları › İş №8(012)-233/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-233/2023

17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-233/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə - hissə icra edilməsi barədə ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********00604 Xiaomi Redmi 9 markalı telefon üçün 192,50 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Led TV üçün 1277 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 1481,50 manat borc və ödənilmiş dövlət rüsumuna görə 36,16 manat pulun cavabdeh X4 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənillməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etdiyi səbəbləri nəzərə alaraq qətnamdə təyin edilmiş məbləğin hissə hissə tlə qərar qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Mülki Prosessual Məcəllənin 59cu maddəsinə əsasən, başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etməni rəhbər tutaraq ərizəni qəbul edərək qərar qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" MMC bacısı oğlu X7 qarşı iddia ilə çıxış edərək, Xiaomi Redmi 9 telefon üçün 192.50 AZN, dəbbə pulu 19.50 AZN, Samsunq Led TV üçün 1277 Azn ödənilməmiş hissə və 127 AZN dəbbə pulu, ümumilikdə 1616 AZN borc və ödənilmiş dövlət rüsumunun 36.16 AZN cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə Sizin sədrliyinizlə yuxarıda sadalanan borca görə iddia qismən təmin edilərək cavabdehdən ümumilikdə 1481,50 AZN borc və 36.16 AZN ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə onlar evdə olmadıqları üçün qonşuya təqdim edilmiş və həmin gün onlara çatdırılmışdır. Bildirmək istəyir ki, X9 ruhi əsəb xəstəsi olmaqla şəxsiyyət dəyişkənliyi diqnozu ilə 1 saylı X5 uçotda olmaqla yanaşı müalicə alır, bu səbəbdən də səfərbərlik xidməti tərəfindən xidmətə yararsız hesab edilmişdir, işsizdir. X6 anası ürək xəstəsi olmaqla evdar qadındır, işləmir. Yeganə qazanc mənbəyi odur ki, 80 manat Prezident təqaüdü almaqla yanaşı fərdi taksi fəaliyyəti ilə məşğul olaraq istifadəsində olan avtomobil üçün ödənişlər edir. Başqa gəlir mənbələri yoxdur. Qətnamədə göstərilən məbləğin birbaşa ödənilməsi tərəfimdən mümkün olmadığı üçün o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, hazırkı ərizə ilə müraciət etmək hüququ X7 məxsus olmuş, X2 qətnamənin hissə-hissə icrası ilə bağlı ərizəylə müraciət etmək üçün subyektiv hüququ mövcud olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, ərizəçinin irəli sürdüyü faktiki hallar onun ərizənin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266 - 268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə - hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar