Məhkəmə qərarları › İş №8(012)-234/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-234/2023

24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-234/2023 24.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Tələbkar2, Maraqlı şəxs icra məmuru X12 iştirakları ilə, Ərizəçi-borclu X4 Maraqlı şəxs icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi-borclu X16 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 2(012)-8164/2015 saylı, xx.xx.2018-ci il tarixli və 2(012)-1194/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə Tələbkar2 Tələbkar1 vərəsəsi müəyyən edilməklə iş üzrə tələbkar kimi tanınmışdır. Qərar əsassız, qanunsuz və hüquqlarını pozduğunu hesab edərək ləğv olunması üçün ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin qərarın nüsxəsi poçt vasitəsilə ünvan 1 ünvanına göndərilmiş, ərizəçi isə Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığı səbəbindən poçt vasitəsilə məktubun gəlməsi xx.xx.2023-cü il tarixdə məlum olmuş və həmin gün də məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-8164/2015 saylı, xx.xx.2018-ci il tarixli və 2(012)-1194/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə ərizəçi mərhum Tələbkar1 ilə icra məmurunun iştirakı ilə məhkəmə qətnaməsinin icrası barədə belə razılığa gəlmişlər ki, qətnamə üzrə 10000 manatı ərizəçi ödəməli, tələbkar isə girov saxladığı fərdi yaşayış evini və avtomaşını qaytarmalı, yaxud ərizəçi 5000 manat ödəməli, bunun əvəzində isə tələbkar fərdi yaşayış evini qaytarmalı, avtomaşın isə tələbkarda qalmalı idi. Lakin vərəsə olaraq tələbkarın varisi kimi tanınmış Tələbkar2 bu şərtlərlə razılaşmır, bu isə ərizəçinin cavabdeh kimi hüquqlarını pozmaqla qətnamənin icrasını mümkünsüz etmişdir. Ona görə də göstərilənlərə əsasən, şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar2 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X19 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, sözügedən qərar qəbul olunduqdan sonra aidiyyəti üzrə işdə iştirak edən şəxslərə rəsmi qaydada poçt vasitəsilə göndərilmiş, lakin həmin qərardan qanunla müəyyən edilmiş formada şikayət müddətinin ötürülüb-ötürülməməsi məsələsi əhəmiyyət kəsb edir. Şikayət əsaslı deyildir, iş üzrə tələbkar şəxs kimi qeyd olunmuş Tələbkar1 vəfatından sonra onun vərəsəsi kimi Tələbkar2 müəyyən edilmiş və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə icra şöbəsinə təqdim olunmuşdur. Ona görə də “İcra haqqında Qanun”un 31-ci maddəsinin tələblərinə əsasən qəbul olunmuş qərar qanunauyğun şəkildə çıxarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, xx/xx-96078/2V saylı məktubundan görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ünvan üzrə tərəflərə - Tələbkar2, X7, X8, X2, X13, X5 və X3 göndərilmişdir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-8164/2015 saylı, xx.xx.2018-ci il və 2(012)-1194/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə Tələbkar2 Tələbkar1 vərəsəsi müəyyən edilməklə onun iş üzrə tələbkar kimi tanınması qərara alınmışdır. Qərardan daha sonra görünür ki, qərardan onun surətini aldıqdan 10 gün müddətində məhkəməyə şikayət verilə bilər. Qərardan daha sonra görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-8164/2015 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, iddiaçı Tələbkar1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Pirəkəşkül kəndi, B.Quliyev küçəsində yerləşən 12 saylı ev cavabdeh X4 qeyri-qanuni sahibliyindən geri alınmalı, cavabdeh həmin evdən çıxarılmalı və həmin ev iddiaçı Tələbkar1 təhvil verilməlidir. Abşeron rayon Məhkəməsinin 2(012)- 1194/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər X9, X14, X10, X15, X17 və həmin evdə yaşayan digər qohumlar azyaşlı uşaqları və əmlakları ilə birlikdə iddiaçı Tələbkar1 məxsus Abşeron rayonu, Pirəkəşkül kəndi, B.Quliyev küçəsində yerləşən 12 saylı evdən çıxarılmalı və ev boşaldılaraq iddiaçının istifadəsinə verilməlidir. Qeyd edilən icra sənədləri ayrı-ayrı vaxtlarda (xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixdə) Maraqlı şəxs icraatına daxil olmuş və müvafiq olaraq icraata başlanılmışdır. İcra icraatı zamanı müəyyən olunmuşdur ki, iş üzrə Tələbkar1 xx.xx.2021-ci il tarixdə ölmüş, onun vərəsəsi kimi X6 tanınmışdır. Sonradan, xx.xx.2022-ci il tarixdə Əlirza Cəbiyev vəfat etmiş və onun vərəsəsi kimi Tələbkar2 tanınmışdır. -Tələbkar2 Maraqlı şəxsnə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Tələbkar2 Tələbkar1 vərəsəsi kimi işə tələbkar qismində cəlb olunmasını xahiş etmişdir. -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 196804 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Tələbkar1 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1301 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, 2V-341 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Tələbkar1 vərəsəsi-atası X6 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, B.Quliyev küçəsi, 12 saylı fərdi yaşayış evindən ibarətdir. -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 277871 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 869 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 2V-240 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X1 vərəsəsi-qızı Tələbkar2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, B.Quliyev küçəsi, 12 saylı fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, B.Quliyev küçəsi, 12 saylı fərdi yaşayış evi Tələbkar2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -"xxxx" MMC X26 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-295 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə göndərilmiş SS825323454AZ saylı sifarişli məktub xx.xx.2023-cü il tarixdə aidiyyəti ünvana çatdırılmışdır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Ərizənin mahiyyətindən müəyyən olunduğu kimi, borclu X16 icra məmuru X19 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın onun hüquq və mənafelərinə toxunduğunu iddia edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. “İcra haqqında Qanun”un 31-ci maddəsinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Hazırki işin mahiyyətindən müəyyən olunduğu kimi, icra məmurunun qəbul etdiyi qərarın əsasını Abşeron rayon Məhkəməsinin 2(012)-8164/2015 saylı, xx.xx.2018-ci il tarixli və 2(012)-1194/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri təşkil edir ki, həmin icra sənədləri üzrə tələbkar qismində Tələbkar1 iştirak etmiş və borclu X4 tələbkarın mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Lakin icra icraatı mərhələsində icra sənədləri üzrə Tələbkar1 vəfat etdiyindən əvvəl onun atası X6, X1 vəfatından sonra isə hazırki iş üzrə Tələbkar2 vərəsə qismində tanınmışdır. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 2V-240 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə ölmüş X1 vərəsəsi-qızı Tələbkar2 vərəsə qismində cəlb olunmaqla mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi qismində tanınmışdır. Hazırki şikayətdən göründüyü kimi, borclu tələbkarın vərəsə kimi cəlb olunmaqla tələbkar qismində tanınması barədə qərarın ləğv olunmasını xahiş etmişdir. “İcra haqqında Qanun”un: 85.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. 85.2-ci maddəsinə əsasən, qərarda aşağıdakılar göstərilir: 85.2.1. qərarın qəbul edildiyi tarix və yer; 85.2.2. qərarı qəbul etmiş icra məmurunun vəzifəsi, soyadı, adı və atasının adı; 85.2.3. qərarın hansı icraat üzrə qəbul edilməsi; 85.2.4. baxılan məsələ; 85.2.5. qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar; 85.2.6. baxılan məsələ üzrə çıxarılmış nəticə; 85.2.7. qərardan şikayət verilməsi qaydası və müddəti. Qanunun tələblərindən müəyyən olunduğu kimi, icra məmuru tərəfindən icraatda iştirak edən şəxslərin maraqlarına toxunan qərar qəbul edilən zaman həmin qərarın qəbul edilmə qaydası və digər zəruri rekvizitləri qərarda öz əskini tapmalıdır. Hazırki iş üzrə borclunun ləğv olunmasını xahiş etdiyi xx.xx.2023-cü il tarixli qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməklə həmin qərardan şikayət vermə müddəti öz əksini tapmış, qərarın surəti tərəflərə göndərilməklə borclu tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə təhvil alınmışdır. Borclu şikayətində qərarın onun qeydiyyat ünvanı üzrə göndərilmədiyini iddia etsə də Qobustan rayonu, Nabur kəndində yaşamasına dair müvafiq sənədini şikayətə əlavə etməmiş, şikayətinin əsasını təşkil edən halı sübuta yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1. maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə də, borclu X16 şikayətində qərarın onun hüquq və mənafelərinə uyğun olmadığını iddia edərək Maraqlı şəxs icra məmuru X19 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasını xahiş etmiş, qərarı hansı müddətdə təhvil almasına dair sübutunu şikayətə əlavə etməmişdir. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" MMC X26 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-295 saylı məktuba əsasən, xx.xx.2023-cü il tarixdə göndərilmiş SS825323454AZ saylı sifarişli məktub xx.xx.2023-cü il tarixdə aidiyyəti ünvana çatdırılmışdır. Göründüyü kimi, borclunun xx.xx.2023-cü il tarixdən etibarən qərardan 10 gün müddətində şikayət vermək hüququ olduğu halda şikayət vermək müddətini ötürmüş, yalnızca xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunvericiliyin tələblərinə uyğun olmayan müddətdə şikayətini təqdim etmişdir. Beləliklə, məhkəmə şikayət, şikayətə əlavə olunmuş sənədləri, proses iştirakçılarının izahatını və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, ərizəçi şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verdiyindən və icra məmurunun qərarının ləğv edilməsinə heç bir əsas olmadığından şikayət əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsi”nə dair 02 sentyabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi-borclu X4 Maraqlı şəxs icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar