Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-236/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Tələbkar, Cavabdehlər Borclu1 və Borclu2 iştirakları ilə, İddiaçı Tələbkar cavabdehlər Borclu1 və Borclu2 qarşı “şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya” tələbi barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(108)-43/2022 saylı qərardadının icra olunmasına dair məhkəmə tapşırığına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Tələbkar cavabdehlər Borclu1 və Borclu2 qarşı “şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya” tələbi barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(108)-43/2022 saylı qərardadının icra olunmasına dair məhkəmə tapşırığı baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iddiaçı Tələbkar iddia ərizəsi ilə Şahbuz rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Borclu1 10000 manat, digər cavabdeh Borclu2 isə 5000 manat, habelə vəkil xidmətinə və dövlət rüsumuna görə ödənilmiş 292.40 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahbuz rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(090)-89/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu1 300 manat pulun alınaraq iddiaçı Tələbkar verilməsi, iddianın təmin olunmuş hissəsinə uyğun 0.60 manat dövlət rüsumu və vəkil xidməti haqqı olaraq 100 manat olmaqla, cəmi 100.60 manat məhkəmə xərcinin Borclu1 alınaraq iddiaçı Tələbkar verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı Tələbkar apellyasiya şikayəti verərək Şahbuz rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(090)-89/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(108)-43/2022 saylı qərardadına əsasən, Abşeron rayon Məhkəməsinə aşağıdakı prosessual hərəkətləri etmək tapşırılmışdır: 1. Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” massivi, ev 11, mənzil 14-də yaşayan (tel: ***-***-**-**) Tələbkar iddiaçı qismində, ünvan 1 ünvanında yaşayan (tel: ***-***-**-**) Borclu1 və Abşeron rayonu, Saray qəsəbəsi, Babək küçəsi ünvanında yaşayan (tel: ***-***-**-**) Borclu2 cavabdeh qismində dindirilməklə aşağıdakı suallar ətrafında izahatları alınsın: Tərəflər arasında əvvəllər hər hansı qarşılıqlı münasibətlər olmuşdurmu? Həmin whatsapp yazışmaları və audio CD-dəki danışıqlar tərəflər arasında kim tərəfindən icra edilmişdir? Tərəflərin iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar izahatları alınsın. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının məhkəmə tapşırığı yerinə yetirilərək, hazırki iş üzrə iddiaçı qismində çıxış edən Tələbkar, cavabdehlər qismində çıxış edən Borclu1 və Borclu2 mülki iş üzrə təyin olunmuş məhkəmə iclasına dəvət edilərək məhkəmə tapşırığı və ona əlavə edilmiş iş materialları ilə tanış edilmiş, məhkəmə tapşırığının mahiyyəti onlara izah edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 47-ci maddəsinə əsasən hüquq və vəzifələri izah edilərək şifahi qaydada onlardan izahat alınmış, mülki iş üzrə materialları ilə tanış olmasına dair yazılı şəkildə imzası ilə təsdiq edilmiş qəbzi mülki iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə tapşırığının icrası mümkün olmuşdur. Məhkəmə araşdırması zamanı mülki iş üzrə tərəflərə yazılı şəkildə izahat verilməsi təklif olunmuş, lakin tərəflər hər biri şifahi vəsatət verərək şifahi şəkildə izahat vermələrini xahiş etmiş və vəsatət təmin edilərək tərəflərdən şifahi şəkildə izahat alınmışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş iddiaçı Tələbkar şifahi qaydada izahat verərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən xəstəxanaya müalicə almaq niyyəti ilə getmişdir. Nərimanov rayonunu tanımadığından yol kənarında “Mado” restoranının yaxınlığında dayanan taksi sürücülərindən yolu soruşmaq üçün onlara yaxınlaşmış, maşının yanında dayanan, sonradan ad-soyadını bildiyi Borclu1 adlı şəxsdən xəstəxananın ünvanını soruşmuşdur. O, sürücüyə telefonda həkimin köməkçisi tərəfindən göndərilmiş xəritəni göstərdikdə Borclu1 ilk öncə ona yolu izah etmiş, sonra isə taksi sürücüsü olduğunu bildirərək xəstəxanaya aparmağı təklif etmişdir. O, həkimin qəbuluna gecikdiyi üçün taksi ilə getməyə razılaşmış və Borclu1 adlı şəxsin maşınına əyləşmişdir. Həmin müddət pandemiya dövrünə təsadüf etmişdir. Sürücü yol boyu pandemiya haqqında söhbət etmişdir. Onlar ünvana çatdıqda o, taksi sürücüsü olan Borclu1 50 manat pul uzatdıqda sürücü ona xırda pulu olmadığını və ondan işinin nə qədər çəkəcəyini soruşmuş, o, işinin nə qədər çəkəcəyini bilmədiyini bildirdikdə sürücünün ona telefon nömrəsini götürməyini və gözləyib-gözləməyəcəyi barədə xəbər verməyini təklif etmişdir. O, xəstəxanaya daxil olduqda həkimin orda olmadığını görüb köməkçisindən soruşduqda ona həkimin 5-10 dəqiqəyə gələcəyini bildirmişdir. O, bir müddət gözlədikdən sonra işinin gec bitəcəyini bilib xəstəxananın pəncərəsindən taksi sürücüsünün onu gözlədiyini görüb sürücüyə zəng edərək işinin gec bitəcəyini və gözləməməsini bildirdikdə Borclu1 ona narahat olmadığını, onu gözləyəcəyini bildirmişdir. O, xəstəxanadan təxminən 40 dəqiqə sonra çıxmış və həmin maşına əyləşərək yola düşmüşlər. Yolda Borclu1 telefonuna zəng gəldiyini və telefon danışıqlarından dostlarının Borclu1 çay içməyə dəvət etdiklərini başa düşmüşdür. Borclu1 onu metroda düşürtdükdən sonra ona pulu xırdalayıb gətirəcəyini dedikdə, Borclu1 tələsdiyini, pula görə narahat olmamağını bildirmiş, bundan sonra o, öz evinə gəlmişdir. Təxminən 10 iyun tarixində ona telefondan zəng gəlmiş və zəngi açan zaman zəng edənin Borclu1 olduğunu bilmiş, Naib onun evə necə çatdığı ilə maraqlanmış və başqa söhbətlərə keçməyə çalışmışdır. 1 saat sonra yenidən zəng etmiş və ona 1 saatdan çoxdur ki, whatsapda online olduğunu bildirmişdir. O, yoldaşı və əsgər oğlu ilə danışdığını bildirəndən sonra Borclu1 onu təhqir etdiyini görüb telefonu söndürmüşdür. Növbəti gün Borclu1 yenidən ona yazaraq təhqir etməyə başlamışdır. O, Borclu1 qara siyahıya atsa da, Borclu1 ona başqa nömrədən zənglər etmişdir. Onu, qızını təhqir etmiş, 4 səhifədən çox yazılar göndərmişdir. Qızı və bacısı da həmin an onun yanında olmuşdur. O, Borclu1 ümumiyyətlə tanımır, belə ki, Borclu1 ona yenidən xəstəxanaya gəlməməsini, gəldiyi halda isə onu biyabır edəcəyi və başına oyun açacağı ilə hədələmişdir. Halbuki, o, 2 gün sonra yenidən xəstəxanaya getməli idi. O xəstəxanaya getdikdə isə Borclu1 yenidən orada görmüşdür. Beləliklə də, Borclu1 onu 10-18 iyun tarixləri aralığında daimi narahat etmiş, başqa nömrələrdən zənglər etmiş, ona əxlaqsız təkliflər irəli sürmüşdür. Sonradan isə, ondan xoşunun gəldiyini, özünün yəhudi olduğunu, qohumlarının İsrail Respublikasında yaşadığını qeyd etmişdir. Başqa gün isə o, Bakı şəhəri Nərimanov rayonu ərazisində mağazada olan zaman başqa nömrədən ona zəng gəlmiş və gələn zəngi açdıqda, zəng edən şəxs özünü “Elvin” adı ilə təqdim etmiş və özünün Türkiyədən gəldiyini, onu gözlədiyini bildirmişdir. Sonradan həmin şəxs ona yazmış, öz şəklini göndərmiş, ona özəl təklif irəli sürmüş və yalnız onun üçün edəcəyini bildirmişdir. O, “Elvin” adlı şəxsi polisə verəcəyi ilə hədələmiş və polisə vermişdir. Polis İdarəsində araşdırma aparılan zaman cavabdehlərin hər ikisinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundan olduqları məlum olmuşdur. O, cavabdehlərin ucbatından Bakı şəhəri Nərimanov rayonu ərazisinə aylarla gedə bilməmişdir. Polis bölməsindən qərar gələn kimi məhkəməyə müraciət etmişdir. Onun əvvəllər cavabdehlərlə hər hansı bir münasibəti olmamışdır. Borclu1 ilə bir ay, Borclu2 ilə isə üç gün yazışma müddəti olmuşdur. İş materiallarında olan diskdən görünür ki, cavabdeh onu təhqir etmişdir. O, Şahbuz rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(090)-89/2021 saylı qətnaməsi ilə razı deyil, belə ki, iddia tələbi tam şəkildə təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh Borclu1 şifahi qaydada izahat verərək izahatında göstərmişdir ki, o, taksi sürücüsü işləyir və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Mado restoranının önündə dayanan zaman iddiaçı Tələbkar gülə-gülə ona yaxınlaşmış və xəstəxanaya gedən yolu soruşmuşdur. O, cavabında 11 nömrəli avtobusun getdiyini bildirmişdir. Lakin iddiaçı onun özünün aparmasını təklif etmişdir. O, iddiaçını xəstəxanaya aparmış, iddiaçı ona 50 manat təklif etmiş, lakin xırda pulu olmadığından həmin pulu almamışdır. İddiaçı ilə belə danışmışlar ki, onu gözləyəcək və 1 saat iddiaçını gözləmiş, xəstəxanadan çıxandan sonra iddiaçını Günəşliyə aparmış, yolda iddiaçı ərinin dənizçi olmasından danışmış və onu evinə dəvət edərək çay içməyi təklif etmişdir. O, təklifi qəbul etməmiş, gediş haqqını istəmiş, lakin iddiaçı ona pul verməmişdir. Bir neçə gündən sonra o, pulun verilməsi ilə bağlı iddiaçıya yazmış, iddiaçı isə whatsapdan çıxmışdır. Nömrəsinin qara siyahıya alındığını gördükdən sonra dostu Elvinin telefonunu alaraq ona zəng vurmuş, iddiaçı da ona təsdiq edərək whatsapdan çıxdığını bildirmişdir. Halbuki, o, iddiaçıdan pulu ona nə zaman verəcəyini öyrənmək istəmişdir. Digər cavabdeh Borclu2 gəldikdə isə, onun bu işdə heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı onu qara siyahıya atdığına görə o, cavabdeh Borclu2 telefon nömrəsindən zəng etmiş, ağzına maska qoymuş və səsini dəyişərək danışmışdır. İddiaçıya görə onun ailəsi dağılmış, özü kirayədə yaşadığından evdən çıxarılmışdır. İddiaçı onun maşınından çıxan zaman qapını çırpıb getmiş və ona 1 manat da olsun pul verməmişdir. Onun iddiaçıya zəng etmə səbəbi isə pula görə olmuşdur. İddiaçı ilə hər hansı sevgi münasibəti yaşamamışdır. İddiaçıya yazılmış mesajları qəbul edir, iddiaçı onu evinə dəvət etmiş və onu maşında öpmüşdür. O, iddiaçının evinə getməmişdir. Cavabdeh Borclu2 telefonundan iddiaçıya yazma səbəbi isə iddiaçının başqa nömrələrə cavab verib-vermədiyini dəqiqləşdirmək olmuşdur. Diskdəki səs yazıları ona məxsusdur. O, iddiaçı ilə yolda tanış olmazdan əvvəl heç bir münasibəti olmamışdır. O, Şahbuz rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(090)-89/2021 saylı qətnaməsi ilə razıdır və qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Borclu2 şifahi şəkildə izahat verərək izahatında göstərmişdir ki, o, iddiaçı Tələbkar tanımır və onu ilk dəfədir ki, görür, səsini də ilk dəfədir ki, eşidir. O, servisdə usta kimi fəaliyyət göstərir. Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən kafedə çay içən zaman Borclu1 ondan telefonu istəmiş və bir qədər aralanmışdır. Qayıdanda ona bir xanımın onu 1 saat yarım avara qoyduğunu (məşğul etdiyini) qeyd etmişdir. Belə ki, Borclu1 xanımı Günəşliyə aparmış, xanım onu evinə dəvət etmiş, maşından düşəndə isə qapını çırpıb getmişdir. Borclu1 onun telefonundan mesaj yazmış və mesaj yazan zaman onun yanında olmamışdır. Uşaqlar gedəndən sonra vəziyyəti ona izah etmişdir. Belə ki, onun ünvanı üzrə kəndə məhkəmə bildirişi gələn zaman o, vəziyyətdən xəbərdar olmuşdur. Halbuki, onun bu proseslərin heç birindən xəbəri olmamışdır. İddiaçının cavabdeh Borclu1 ilə əvvəllər heç bir münasibəti olmamışdır. Borclu1 söyüş söyməməli idi, tərəflər arasında whatsapp yazışmaları olmuşdur ki, bunu cavabdeh özü də etiraf edir. O, Şahbuz rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(090)-89/2021 saylı qətnaməsi ilə razıdır. Mülki-Prosessual Məcəllənin: 83.1. maddəsinə əsasən işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. 83.2. maddəsinə əsasən məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir. 83.3. maddəsinə əsasən məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir. 84.1. maddəsinə əsasən məhkəmə tapşırığının yerinə yetirilməsi bu Məcəllə ilə müəyyən olunmuş qaydalar üzrə məhkəmə iclasında həyata keçirilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilir, onların gəlməməsi iclasın keçirilməsinə mane olmur. 84.2. maddəsinə əsasən məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında qərardad qəbul edilir və həmin qərardad dərhal bütün materiallarla birlikdə işə baxan məhkəməyə göndərilir. 84.3. maddəsinə əsasən tapşırığı yerinə yetirən məhkəməyə izahat və ya ifadə verən işdə iştirak edən şəxslər və ya şahidlər məhkəmə iclasına gəldikdə ümumi qaydada izahat və ifadə verirlər. Beləliklə, iddiaçı Tələbkar cavabdehlər Borclu1 və Borclu2 qarşı “şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya” tələbi barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(108)- 43/2022 nömrəli qərardadının icra olunmasına dair məhkəmə tapşırığı yerinə yetirilmiş hesab edilməli və qərardad qanuni qüvvəsini aldıqdan sonra iş materiallarla birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki-Prosessual Məcəllənin 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Tələbkar cavabdehlər Borclu1 və Borclu2 qarşı “şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya” tələbi barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(108)-43/2022 nömrəli qərardadının icra olunmasına dair məhkəmə tapşırığı yerinə yetirilmiş hesab edilsin. Qərardad qanuni qüvvəsini aldıqdan sonra iş materiallarla birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-236/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-236/2022
27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver