Məhkəmə qərarları › İş №8(012)-238/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-238/2022

27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-238/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar nümayəndəsi Nümayəndə, Borclu Dilci Necatın iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 23.12.2020-ci il tarixli, 2(012)-4084/2019 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-4084/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Dilci Necatdan 600 manat pul, 2 (iki) ədəd Moped, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pulun tutularaq, iddiaçı Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-4084/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün 23.12.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar 13.04.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 23.12.2020-ci il tarixli, 2(012)-4084/2019 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-4084/2019 saylı 29.11.2019-cu il tarixli qətnaməsi əsasında verilən 23.12.2020-ci il tarixli icra vərəqəsi 06.01.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəməyə bu barədə məlumat verilmişdir. Aparılmış icra tədbirləri nəticəsində icra sənədində olan pul tələbi ilə bağlı hissə borclu tərəfindən tam olaraq tələbkara ödənilsə də, Mopedlərin qaytarılması öz həllini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunan iki ədəd mopedi tələbkar ona məxsus olmadığını (yəni tələbkar borcluya vermiş olduğu mopedlərin bu mopedlər olmadığını, borclu isə əksini demişdir) əsas gətirərək qəbul etməkdən imtina edir. Bu da icra sənədinin icrasının sona çatdırılmasına çətinlik yaradır. Ona görə də Abşeron rayon Məhkəməsinin 2(012)-4084/2019 saylı 29.11.2019-cu il tarixli qətnaməsinin icrasına yuxarıda göstərilən hissədə, yəni borclu Dilci Necat tərəfindən təqdim olunan və fotoşəkilləri izahla bağlı ərizəyə əlavə edilmiş iki ədəd mopedin icra vərəqəsində qeyd olunan mopedlər olub-olmamasını, əgər onlar deyilsə sözügedən mopedlərin fərdi məlumatlarını göstərməklə müvafiq izahın verilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-4084/2019 saylı qətnaməsinə əsasən cavabdeh Dilci Necatdan 600 manat pul, 2 (iki) ədəd Mopedin və 130 manat məhkəmə xərcinin iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə pul məbləği tələbkara ödənilsə də, borclu tərəfindən təqdim olunmuş fotoşəkillərdəki Mopedlər tələbkara məxsus olan Mopedlər deyildir. Eyni zamanda, borclu aldığı Mopedləri başqa şəxslərə də satmışdır ki, buna da tələbkar özü şahid olmuşdur. Həmin Mopedlərin şəkillərini məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasında borclu Dilci Necat ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, məhkəməyə təqdim olunmuş şəkillərdə öz əksini tapmış Mopedlər həmin Mopedlərdir. Sözügedən Mopedləri o, kafenin əvvəlki sahibindən kafe ilə birlikdə almışdır. Ona görə də ərizəni təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəni vermiş şəxs məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək, sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Belə ki, mülki iş materiallarında olan: -Abşeron rayon İcra və Probasiya Şöbəsinin 06.01.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli, 2(012)-4084/2019 saylı icra sənədi üzrə icraata başlanılaraq tərəflərə könüllü icra müddəti barədə məlumat verilmişdir. -Borclu tərəfindən təqdim olunmuş yeddi ədəd fotoşəkildən görünür ki, həmin şəkillərdə qara və ağ rəngli Moped öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-4084/2019 saylı qətnaməsinə əsasən cavabdeh Dilci Necatdan 600 manat pul, 2 (iki) ədəd Moped və 130 manat məhkəmə xərcinin tutulması qət edilmişdir. Məhkəmə aktının icrası mərhələsində borclu tərəfindən öhdəlik icra edilərək pul vəsaitinin tələbkara qaytarılması təmin edilmiş, lakin geri verilməsi nəzərdə tutulan iki ədəd Mopedin borclu tərəfindən qaytarılması təmin edilsə də, tələbkar tərəfindən ona verilməli Mopedlərin həmin Mopedlər olmadığı qeyd olunaraq sözügedən Mopedlərin qəbul olunmasından imtina edilmişdir. “İcra haqqında” Qanunun 55-ci maddəsinə əsasən, əşyaların tələbkara verilməsi icra sənədində birbaşa göstərilmişdirsə, icra məmuru həmin əşyaları borcludan götürüb tələbkara verir və bu barədə akt tərtib edir. Tələbkar göstərilən əşyalardan imtina etdikdə, həmin əşyalar borcluya, icra sənədi isə müvafiq məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı məhkəmə irəli sürülən iddia tələbi həcmində qətnamə qəbul etmiş, belə ki, iddia tələbində iddiaçının qaytarılmasını tələb etdiyi Mopedi xarakterizə edən zəruri keyfiyyətlər (rəngi, istehsal ili və sairə) qeyd olunmamışdır. Bu səbəbdən də, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə aktının icrası mərhələsində tərəflər arasında qaytarılması nəzərdə tutulan Mopedin təhvil-təslimi ilə bağlı mübahisə yarandığı təqdirdə, tələbkarın konkret olaraq hansı Mopedin qaytarılması tələbinə dair müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Bu səbəbdən də, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında məhkəmə aktı çıxardığından, həmin qətnamənin izah edilməsinə lüzum olmadığı qənaətinə gələrək ərizənin təmin edilməməsi qərarına gəlir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 23.12.2020-ci il tarixli, 2(012)-4084/2019 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar