Məhkəmə qərarları › İş №8(012)-274/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-274/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-274/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1, Tələbkar iştirakı ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-1524/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-1524/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X4, Borclu azyaşlı övladları X5 və X7 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılması və iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. X6 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1524/2024 saylı qətnaməsinin icrasına 3 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1524/2024 saylı qətnaməsi ilə ona kompensasiya verilməklə dörd ailə üzvü ilə birlikdə (içində 3 azyaşlı uşaq olmaqla) yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid ünvanından çıxarılması təmin edilmişdir. O, bu ilin may ayının sonuna kimi ona möhlət verilməsini xahiş edir, belə ki, övladı hazırda burada təhsil alır. Qeyd edir ki, o özü rayonda yaşamaq istəyir. Onun və həyat yoldaşının mübahisəli ev üzrə qeydiyyatdan çıxarılmasından xəbəri olmamışdır. O, qarşı tərəfi inzibati məhkəməyə verəcəkdir. Belə ki, o, atasına ona iki otaqlı ev almasını təklif etmiş, lakin atası bu təklif ilə razı olmamışdır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsi tərəfindən kompensasiya verilərək X1 çıxarılması barədə qətnamə qəbul edilmişdir. Fərid Məmmədov müvafiq icra və probasiya şöbəsi tərəfindən polisdə qeydiyyatdan çıxarılmışdır. O, ərizəçiyə maşın, həmçinin qayınanasının evinin yanında yerləşən torpaq sahəsi almışdır və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1524/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə razı deyildir. Odur ki, göstərilənlərə əsasən o, ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1524/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X4, Borclu azyaşlı övladları X5 və X7 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılması və iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib qətnamənin icrasına möhlət verilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, işin mübahisə edilməyən hallarından göründüyü kimi ərizəçi Tələbkar ilə borclu X6 arasında ailə münasibətləri korlandığından aralarında mübahisələr yaranmış və bu səbəbdən ərizəçi borclular X6 və Borclu kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi ilə iş üzrə cavabdeh X4 yaşayış sahəsindən istifadə hüququna 12000 manat kompensasiya ödənilməklə xitam verilmiş, digər cavabdeh Borclu isə yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış, lakin X6 qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kompensasiya məbləğini heç bir əsas olmadan qəbul etməyərək mübahisə predmeti olan fərdi yaşayış evini ailəsi ilə birlikdə tərk etməli olduğu halda qanunsuz olaraq tərk etməmişdir. Daha sonra Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və Borclu ailə üzvləri ilə birlikdə özlərinə məxsus əşyaları götürməklə xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli (hazırda H.Z.Tağıyev küçəsi) fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlər tərəfindən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1524/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər X4, Borclu azyaşlı övladları X5 və X7 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılması və iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında tərtib edilmiş icra vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 1524/2024 saylı qətnaməsinin icrasına 3 ay möhlət verilməsini xahiş etsə də məhkəmə yuxarıda qeyd olunanlara və işin faktiki hallarına əsaslanaraq Abşeron Rayon Məhkəməsinin 2(012)- 350/2022 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinin tələbkarın qanunla qorunan mənafelərinin pozulması, həmçinin tələbkarın pozulmuş hüquqlarının müdafiəsinin uzadılması ilə nəticələnə biləcəyindən ərizənin təmin olunmasını mümkün hesab etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2022 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına 3 ay möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar