Məhkəmə qərarları › İş №8(012)-280/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-280/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-280/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 tərəfindən Maraqlı şəxs “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən 17 avqust 2023-cü il tarixdə verilmiş icra qeydinə əsasən BOKT "xxxx" MMC-nin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu **********0 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 69 manat, bundan əlavə 57 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 151 manat pulun tutulması təklif edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ilə borclunun əmlak vəziyyətinin və gəlirlərinin yoxlanılması məqsədilə “Elektron icra” informasiya sistemi vasitəsilə verilmiş müvafiq sorğular nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilmədiyindən, həmçinin borclunun yaşadığı ünvana əmlak siyahıya alınması məqsədilə baxış keçirilərkən tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığından icra sənədinin qaytarılması qərara alınmışdır. Tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 həmin qərardan şikayət verərək, Maraqlı şəxs 8İ-12471 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 şikayətini onunla əsaslandırmışdır ki, müvafiq notariat ofisi tərəfindən Borclu barəsində borcludan 8İ-12471 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən cəmiyyətin xeyrinə, ümumilikdə, 151 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Maraqlı şəxs icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirlər ki, icra şöbəsinin icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Həmin akt barədə tələbkara məlumat verilmişdir. Bununla bağlı ilk olaraq bildirirlər ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Həmçinin qeyd edirlər ki, icra məmuru borclunun banklarda hesablarının olub-olmaması və hesabların mövcud olduğu halda orada pul vəsaitinin olub-olmamasını aydınlaşdırmamışdır. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurunun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10000 manat, nə də ki 1000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 151 manat təşkil etdiyini nəzərə alaraq hesab edirlər ki, uzun müddətdə icra məmuru tərəfindən həmin məbləğin, heç olmasa, qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyildir. Eyni zamanda borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Lakin nə icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, nə də ki icra məmuru tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarında yoxdur. Qeyd edilən halların müəyyən edilməməsi isə belə bir nəticəyə gəlməyə əsas verir ki, icra məmuru tərəfindən borclunun gəlirlərinin axtarışı ilə bağlı lazımi bütün tədbirlər görülməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, həmin qərarın icra şöbəsinin rəisi tərəfindən yoxlanılaraq təsdiq edilməsi müəyyən edilməməklə, göründüyü kimi icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərarın qəbulunda prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Qərarın surəti tələbkara xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. Tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, şikayəti müdafiə etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icra məmuru sözügedən icra sənədinin geri qaytarılmasına əsas kimi borclunun əmlak vəziyyətinin və gəlirlərinin yoxlanılması məqsədilə “Elektron icra” informasiya sistemi vasitəsilə verilmiş müvafiq sorğular nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirin aşkar edilməməsi, həmçinin borclunun yaşadığı ünvana əmlak siyahıya alınması məqsədilə baxış keçirilərkən tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmaması göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, “İcra haqqında” AR Qanununun 23.1.3cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. İcra məmuru sözügedən qərarı qəbul edərkən sadəcə olaraq borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Bundan əlavə borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna biləcəyi halda icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, həmçinin icra məmuru tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Beləliklə, icra məmuru qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini nəzərə almadan qərar qəbul etdiyi üçün məhkəmə hesab edir ki, Maraqlı şəxs “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-12471 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-12471 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar