Məhkəmə qərarları › İş №8(012)-282/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-282/2022

04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-282/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar ABC Telecom MMC-nin nümayəndəsi Nümayəndə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında 25.11.2021-ci il tarixli qərarından tələbkar ABC Telecom MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Abşeron rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(012)-2126/2020 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh Borclu 05.10.2017-ci il tarixli müqaviləyə əsasən, HP markalı kompüter, Headphone A4 Tech markalı qulaqcıq, Ultima markalı fləşkart, X4 markalı mouse, Batis monitor silen, Port Case notebook çantası üçün 104 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 114 manat, 12.10.2017-ci il tarixli müqaviləyə əsasən Gorenje markalı aspirator üçün 154 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 169 manat, 28.03.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19301 Xiaomi Redmi 5 Plus markalı telefon üçün 594 manat ödənilməmiş hissə, 59 manat cərimə, cəmi 653 manat borc məbləği, cəmi 936 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 996 manat borc məbləğinin tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(012)-2126/2020 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün 20.07.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 21.04.2022-ci il tarixdə ABC Telecom MMC Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında 25.11.2021-ci il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tələbkar ABC Telecom MMC-nin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraatında olan 20.07.2020-ci il tarixli, 2(012)-2126/2020 saylı icra vərəqəsinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən 25.11.2021-ci il tarixli qərarla xitam verilmişdir. Borclu 996 manat borcundan bu günədək cəmi 50 manat ödəniş etmişdir. Buna baxmayaraq, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən 20.07.2020-ci il tarixli, 2(012)-2126/2020 saylı icra vərəqəsi üzrə icraata yanlışlıqla xitam vermişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 25.11.2021ci il tarixli icraata xitam verilməsi haqqında qərarı tələbkar tərəfindən təhvil alınmışdır. Ona görə də Abşeron rayon İcra və Probasiya Şöbəsinin 25.11.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və 20.07.2020-ci il tarixli, 2(012)-2126/2020 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 şikayəti qəbul edərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(012)-2126/2020 saylı icra sənədi üzrə o, icraata başlamaq haqqında qərar qəbul etmişdir. Sözügedən iş üzrə borclu tərəfindən ödəniş edilmiş, lakin tam şəkildə borc ödənilməmişdir. Lakin buna baxmayaraq, İcra haqqında Qanunun 20.1.5-ci maddəsinin tələblərinə əsasən, texniki yanlışlığa yol verilərək icraata xitam verilmişdir. Bu səbəbdən də qərarın ləğv olunmasına etiraz etmir. Ona görə də şikayətin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini, şikayətə əlavə olunmuş sənədləri tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon İcra və Probasiya Şöbəsinin 25.11.2021-ci il tarixli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2126/2020 nömrəli, 20.07.2020-ci il tarixli icra sənədi üzrə qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuş, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq Abşeron rayon Məhkəməsinin 2(012)-2126/2020 nömrəli, 20.07.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. -ABC Telekom MMC-nin 18.04.2022-ci il tarixli 5120/3 saylı maliyyə arayışından görünür ki, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(012)-2126/2020 saylı qətnaməsinə əsasən Borclu bu günə yəni, 18.04.2022-ci il tarixinə qədər ABC Telekom MMC-yə olan borcundan 50 manat ödəniş etmiş və hal-hazırda Borclu qətnamə üzrə ABC Telekom MMC-yə 946 manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(012)-2126/2020 saylı qətnaməsinə əsasən, ümumilikdə 996 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmin icra qeydi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək ünvan üzrə tərəflərə göndərilmişdir. Lakin icra qeydinə əsasən 50 manat ödəniş edildiyi və 946 manat borc qaldığı halda icra məmuru tərəfindən texniki yanlışlığa yol verilərək icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə də, icra sənədi üzrə borclunun tələbkara 946 manat borcunun qalması iş materiallarında olan 18.04.2022-ci il tarixli maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır. İcra sənədi üzrə öhdəlik tam şəkildə icra olunmadığından icra sənədi üzrə tələbkar icra şöbəsinin qərarının ləğv edilərək icra qeydinin icra olunması üçün yenidən icra şöbəsinə qaytarılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Beləliklə də, məhkəmə aktlarının icra edilməsi icra məmurunun vəzifəsi olduğundan, icra sənədi üzrə tələbkarın mənafeyi nəzərə alınmaqla, qeyd olunan icra sənədi ilə bağlı icra məmuru tərəfindən icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 25.11.2021-ci il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(012)- 2126/2020 saylı icra qeydi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 25.11.2021-ci il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(012)-2126/2020 saylı icra vərəqəsi üzrə icraat təzələnsin və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar