Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-306/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızının iştirakı ilə, Borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızının məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-609/2018 saylı, 10.04.2018-ci il tarixli icra sənədinə əsasən borclular Vəliyeva (Məmmədova) Arzu Ordu qızından və X1 müştərək qaydada 14415 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar 04.05.2022-ci il tarixdə borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızının məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-609/2018 saylı, 10.04.2018-ci il tarixli icra sənədinə əsasən borclular Vəliyeva (Məmmədova) Arzu Ordu qızından və X1 müştərək dada 14415 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar, iş üzrə borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızına 02.07.2021-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. 22.04.2022-ci il tarixdə borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızının ünvanına rəsmi xəbərdarlıq göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-609/2018 saylı, 10.04.2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızının barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədəmüvafiqdir. Ona görə də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal-1, ev 7, mənzil 164-də yaşayan Vəliyeva (Məmmədova) Arzu Ordu qızı barəsində, onun Abşeron rayon İcra və Probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında yəni, saat 09:00-dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızı təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsindən ona sms-bildiriş daxil olmamışdır. Belə ki, o, hazırki müddətə kimi Naxçıvan Muxtar Respublikasında olmuş, yaşadığı ünvanda olmamış, iki gün bundan əvvəl isə telefonu xarab olmuşdur. Telefonunu işə qoşan zaman daxil olan sms barədə məlumat almış və məhkəməyə gəlmişdir. Bundan sonra icra məmurunun çağırışlarına davamlı olaraq gedəcəkdir. Təqdimatı vermiş icra məmuru və tələbkar məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. Müvafiq halda icra orqanı təqdimata borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızının şöbəyə və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə dəvət edilməsi haqqında heç bir əsaslandırılmış rəsmi sənəd (bildirişin borcluya çatması barədə) əlavə etməmişdir. Məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, borclu Vəliyeva (Məmmədova) Arzu Ordu qızının Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən, həmçinin borclunun heç bir məcburiyyət tədbiri tətbiq olunmadan tam könüllü şəkildə məhkəmə iclasına gələrək izahat verməsi onun eyni zamanda icra sənədinin icrasından yayınmasını istisna etdiyindən təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-306/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-306/2022
16.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver