Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-318/2024 04.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Tələbkar, Borclular Borclu və X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsinin izah edilməsi barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, 19 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu məxsus olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin məzmununda müəyyən çətinliklər və anlaşılmazlıqlar yarandığı üçün həmin icra sənədinə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu məxsus olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməlidir. Qeyd edilən icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icra sənədi icraata qəbul edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixinə icra təyin edilmişdir. Ünvanda olarkən evin qapısını açan olmamış, qonşuluqda yaşayan İkram adında şəxs həmin evdə, neçə müddətdir, heç kimin yaşamadığını bildirmişdir. Hal şahidlərinin iştirakı ilə akt tərtib edilmiş və imzaları ilə təsdiq edilmişdir. İcra sənədi üzrə borclu xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədi üzrə mübahisələndirilən evi xx.xx.2024-cü il tarixdə X1 bildirmiş və sübut olaraq alqı-satqı müqaviləsini təqdim etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində təsbit olunur ki, icra sənədlərində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin icra olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. Odur ki, bütün bunları nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsini rəhbər tutaraq o, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin məzmununda yuxarıda göstərilən hissələrdə müəyyən çətinliklər və anlaşılmazlıqlar yarandığı üçün həmin icra sənədinə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsini məhkəmədən xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən evin yerləşdiyi torpaq sahəsinin çıxarışı olsa da həmin ev vaxtilə sənədsiz olmuşdur. Müəyyən müddətdən sonra qonşuları ona çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə getməyi təklif etdilər. O, yaşı uyğun olmadığından evi baldızının adına keçirmiş, baldızı isə öz növbəsində evi onun oğlunun, yəni Borclu mülkiyyətinə vermişdir. Daha sonra onun Borclu və X3 qarşı iddia tələbinə dair mülki işə məhkəmədə baxılarkən Borclu evi başqa şəxsə satmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onun evə köçməsi ilə bağlı qərar qəbul edilmiş, daha sonra mülki iş ilə bağlı verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən borclular torpağı Ramal Həsənliyə satmışdırlar. Qeyd edir ki, hazırda borcluların onunla münasibətləri yaxşı deyildir və o, sözügedən evə köçmək istəyir. Odur ki, o, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, Tələbkar onun atasıdır. İcra sənədində qeyd edilmiş evin yerləşdiyi torpaq sahəsini vaxtilə onun babası almış, dayısı isə həmin torpaq sahəsində evin tikilməsinə kömək etmişdir. Qeyd edir ki, atası Tələbkar tüfeyli həyat tərzi keçirir və onlarla birlikdə yaşaması mümkün deyildir. Sözügedən evdə isə evi satdığı şəxs yaşayır. Qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Borclu X4 məhkəmə iclasında izahatında bildirdi ki, onunla Tələbkar birgə nikahından iki övladı vardır, məhkəmə tərəfindən Tələbkar köçürülməsi qət edilən ev oğlunun mülkiyyətində olmuşdur. Onların həmin evi satdıqları şəxsdən alınan pul məbləğini həmin şəxsə geri qaytarmağa imkanları yoxdur. Əlavə olaraq bildirir ki, Tələbkar başqa yerdə evləri vardır, lakin tələbkar həmin evləri qardaşının adına keçirmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu məxsus olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli, AN-İ № ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Borclu ilə X10 arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Borclu (satıcı) tam mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81,3 kv/m, yaşayış sahəsi 39,9 kv/m, yardımçı sahəsi 41,4 kv/m olan, 2 otaqlı fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0,021 ha olan torpaq sahəsini tam hissədə X7 (alıcının) mülkiyyətinə vermişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 734/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(012)-545/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə icra məmurunun və icra sənədi üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, qətnaməyə izahla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu məxsus olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-734/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(012)-545/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Lakin iş materiallarında olan 29 fevral 2024-cü il tarixli, AN-İ № ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi Borclu ilə X10 arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Borclu (satıcı) tam mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81,3 kv/m, yaşayış sahəsi 39,9 kv/m, yardımçı sahəsi 41,4 kv/m olan, 2 otaqlı fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0,021 ha olan torpaq sahəsini tam hissədə X7 (alıcının) mülkiyyətinə vermişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən Borclu Tələbkar köçürülməsi nəzərdə tutulmuş fərdi yaşayış evini Borclu məhkəmə mübahisəsi olduğu halda qəsdən başqa şəxsə satmış və icra məmuru da bu hala istinad etdiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsi icra olunmamış qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ (158.1.1. maddə); əmlakdan istifadə hüququ (158.1.2. maddə); servitutlar (158.1.3. maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsindən göründüyü kimi iddia təmin edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu məxsus olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir ki, bu da həmin evin mülkiyyətçisinin dəyişilib-dəyişilməməsindən asılı olmayaraq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tətbiq edilməsinə mane olmadığından, iddiaçı Tələbkar ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi anlamının özündə ehtiva edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-545/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsi evin mülkiyyətçisinin dəyişilib-dəyişilməməsindən asılı olmayaraq, iddiaçı Tələbkar ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi anlamını özündə ehtiva edir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-318/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-318/2024
04.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver