Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-350/2025 30.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədi üzrə Tələbkar şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İcra sənədi üzrə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmurunun icra işini icra etməməsi ilə əlaqəli qanunsuz hərəkətlərinə son qoyulması və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni tədqiq edərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının İİ bəndinə görə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Plenum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda, məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Bu Qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə, qətnamənin icrası ilə bağlı narazılıq barədə müraciət müvafiq şəxs tərəfindən ərizə vasitəsilə təqdim olunur. Bu zaman tərəflər ərizəçi və maraqlı şəxs kimi qeyd edilir və əks tərəf barədə müvafiq məlumatlar ərizəyə qeyd olunur. Tələbkar hazırki şikayət ərizəsindən isə görünür ki, o, ərizədə icra sənədi üzrə əks tərəfin statusunu, onun barəsində zəruri məlumatları göstərməmişdir. Başqa sözlə, ərizənin forması və məzmunu qanunvericiliyin tələblərinə, yəni MPM-nin 149-cu maddəsinə uyğun deyildir. İcra haqqında” Qanunun 1.1-ci maddəsinə görə icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, ərizədən görünür ki, tələbkar orada Abşeron Rayon Məhkəməsinin 2(012)-1514/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə istinad etsə də, həmin icra sənədinin verilməsinə əsas olmuş qətnaməni ərizəyə əlavə etməmişdir. MPM-nin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Şərh olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizənin forma və məzmununa riayət edilmədiyindən və lazımi sənədlər əlavə edilmədiyindən icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədi üzrə Tələbkar şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmalıdır. Göstərilənlərə görə və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədi üzrə Tələbkar şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-350/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-350/2025
30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver